Bakı Bulvarı genişləndiriləcək?

Bulvarın genişləndirilməsi məsələsi dövlət qərarından asılı ola bilər

"Bakı Bulvarının genişləndirilməsi prosesi hələlik dayandırılıb". Bunu SİA-ya açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

O bildirib ki, Dənizkənarı Bulvar İdarəsi öz ərazisini genişləndirmək imkanına malik deyil: "Bakı Bulvarı mümkün qədər genişləndirilib. Gələcəkdə istər Zığ, istərsə də Bayıl istiqamətində genişləndirilməsi məsələsi dövlət qərarından asılı ola bilər. 2012-ci ildə Bakı Bulvarı 1 km məsafədə, I Avropa Oyunları ərəfəsində isə iki istiqamətdə genişləndirilib. Hazırda Bakı Bulvarı 16 km-dən ibarətdir".

N. Məcidov Bakı Bulvarında Novruz bayramına hazırlıq prosesləri haqqında da məlumat verib. O deyib ki, hər il olduğu kimi bu ildə martın 19-da Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dövlət səviyyəsində bayram tədbiri keçiriləcək: "Hazırda Bakı Bulvarında tədbirlə əlaqədar hazırlıq işləri aparılır. Bakı Bulvar İdarəsi tərəfindən ağacların budanması, güllərin əkilməsi, ərazinin gecələr yüksək səviyyədə işıqlandırılması ilə bağlı lazımi işlər həyata keçirilir".

Bakı Bulvar İdarəsi tərəfindən həyata keçirilən pulsuz aksiyalara gəlincə, idarə rəisinin müavini aksiyaların dayandırıldığını dilə gətirib: "Hələlik Bakı Bulvar İdarəsi tərəfindən pulsuz aksiyalar dayandırılıb. Yaxın müddətdə pulsuz aksiya keçirməyi düşünmürük. Qarşıda Novruz bayramı tədbirləri gəlir, may ayında bayramlarla əlaqədar pulsuz aksiya keçirilmir. Daha sonra ölkəmizdə "Formula 1" yarışları keçiriləcək. Bununla əlaqədar Bakı Bulvarında eləcə də şəhərin mərkəzində bir çox hazırlıq işləri həyata keçiriləcək. Bütün bunları nəzərə alaraq, pulsuz aksiyalar yalnız avqust-sentyabr aylarında keçirilə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə