Psixoloqa müraciət etməyin ÜSTÜNLÜKLƏRİ

Psixoloqa müraciət etməyin ÜSTÜNLÜKLƏRİ

"Bir neçə il bundan əvvəl psixoloqa müraciətlə bağlı fikirlər kəskin idi. Lakin indi çıxış yolu tapmadıqda belə psixoloqa müraciət olunur". Bunu SİA-ya açıqlamasında psixoloq Fərəh Quliyeva deyib.

"İnsanlar psixoloqla psixiatrı qarışdırır"

Onun sözlərinə görə, bir müddət bundan öncə insanlar kənar qınaqlardan narahat olduqları üçün psixoloqa müraciət etməkdən çəkinirdilər: "Adətən insanlar psixoloqla psixiatrı qarışdırır. Psixoloq müəyyən psixoloji narahatçılığı, psixiatr isə daha dərin problemləri aradan qaldırmaq üçündür. Əslində insanlar necə ki il ərzində sağlamlıqlarını yoxlamaq üçün "chek-up" müayinələrə gedirlər, eləcə də psixoloji "chek-up" müayinədən keçməlidirlər. Bu, hər bir insan üçün lazımdır".

"Gənclərin psixologiya sahəsinə axını yüksək səviyyədədir"

Psixoloq söyləyib ki, ölkəmizdə daha çox maariflənmiş, bilikli insanlar psixoloqa müraciət edirlər: "Psixologiyadan, tibdən anlayışı olmayan insanlar düşünürlər ki, öz problemlərinin qonşuya və ya rəfiqəyə danışmaqla psixoloqa olan ehtiyaclarını onlardan almış olurlar. Lakin bu belə deyil, həmin şəxslər onlara düzgün məsləhət verəcək təcrübəli psixoloqa müraciət etməlidirlər. Təbii ki, bunun kökündə maariflənmə dayanır. Sevindirici haldır ki, hazırda maarifləndirmə işi yüksək səviyyədə aparılır və nəticə etibarı ilə gənclərimizin bu sahəyə marağı daha da artıb. Gənclərin psixologiya sahəsinə axını yüksək səviyyədədir. Bu axın kənar insanlara da təsir etmiş olur".

"Ailə qurmağa hazırlaşan gənclər psixoloqa müraciət etməlidirlər"

F. Quliyeva ailə qurmağa hazırlaşan gənclərə psixoloqa müraciət etmələrini tövsiyə edib: "Çox istərdim ki, gənclər ailə qurmadan öncə, tanışlıq mərhələsində psixoloqa müraciət etsinlər. Bəzən gənclər onlara xoş olan tərəfləri bəyənib sevirlər, lakin onlar psixoloji baxımdan uyğun olmaya da bilərlər. Bunu yalnız psixoloq müəyyən edə bilər. Psixoloji baxımdan uyğun olmayan gənclər ailə qurduqdan sonra psixoloji adaptasiya dövründə çətinliklərlə üzləşirlər. Belə hal onların gələcək həyatlarına da mənfi təsir göstərir. Bütün bunları nəzərə alaraq gənclərin ailə qurmazdan əvvəl psixoloqa müraciət etmələri tövsiyə olunur".

"Azərbaycanda da ailə psixoloqları olmalıdır"

Xarici ölkələrdə olduğu kimi Azərbaycanda da ailə psixoloqunun olmasının zəruri olduğunu söyləyən psixoloq qeyd edib ki, ailə psixoloqunun olması bütün ailə üzvlərinin problemlərin həllində yardımçı ola bilər: "Xarici ölkələrdə ailə psixoloqu ilə yanaşı, insanların çalışdığı müəssisələrdə psixoloq olur. Azərbaycanda bu məsələ ilə əlaqədar müəyyən qədər axsaqlıqlar olsa da tezliklə bunun aradan qalxacağına əminik. Çünki, hazırda insanların psixoloqla bağlı fikirləri köklü şəkildə dəyişib. Bir neçə il bundan əvvəl psixoloq müraciət etməyi ağlına gətirməyən insanlar heç kimdən gizlətmədən, utanmadan psixoloqa müraciət edərək öz problemlərini həll edir. Əvvəllər insanlar ən son halda yəni psixoloji problemləri ağırlaşdığı zaman müraciət edirdilər. Amma indi orta problemlərlə bağlı da psixoloqa müraciət edirlər. Müraciətlərin arasında yeniyetmələrlə yanaşı, digər yaş kateqoriyasına daxil olan insanların yer alması sevindiricidir. Bütün bunlar ölkəmizdə ailə psixoloqlarının olmasına şərait yaradan amillərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə