Azərbaycan prezidenti İlham Əliyev FİFA-nın ötən gün seçilən 9-cu prezidenti Canni İnfantinoya təbrik ünvanlayıb. Məlumata görə, dövlət başçısı Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti vəzifəsinə seçilməyi münasibətilə onu səmimi qəlbdən təbrik edib.
"Bu məsul və şərəfli vəzifəyə seçilməyiniz futbolun inkişafı sahəsində xidmətlərinizə verilən yüksək qiymət, beynəlxalq idman ictimaiyyətinin Sizə olan böyük etimadıdır. İnanıram ki, Azərbaycan ilə FİFA arasındakı əməkdaşlıq bundan sonra da müvəffəqiyyətlə davam edəcək. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyirəm".
C.İnfantino 1970-ci il martın 23-də anadan olub. İxtisasına görə hüquqşünasdır. Evlidir, üç uşağı var. Avropa Futbol İttifaqında (UEFA) işə keçməzdən öncə İnfantino Nevşatel universitetinin nəzdində fəaliyyət göstərən beynəlxalq idman tədqiqatı mərkəzinin (CIES) baş katibi, bundan əvvəl isə müxtəlif futbol təşkilatlarında, o cümlədən İsveçrə, İspaniya və İtaliyanın peşəkar liqalarında müşavir vəzifələrində çalışıb.
2000-ci ilin avqustundan UEFA-da işləməyə başlayan İnfantino qurumun hüquqi və kommersiya məsələləri, həmçinin peşəkar futbol problemləri ilə məşğul olub. 2009-cu ildən UEFA-nın baş katibi postunu tutub. Onu futbol fəaliyyətindən 6 illik uzaqlaşdırılması səbəbindən seçkilərə buraxılmayan Mişel Platininin "sağ əli" də adlandırırlar.
Canni İnfantino fevralın 26-da FİFA-nın növbədənkənar konqresində 207 səsdən 115-ni yığmaqla ən yaxın rəqibi Şeyx Salmanı (88 səs) qabaqlayaraq prezident seçilib. Yeni prezident 4 il müddətinə seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB