Sabunçuda “Multikulturalizm: dünən və bugün” adlı tədbir keçirilib

Sabunçuda “Multikulturalizm: dünən və bugün” adlı tədbir keçirilib

Bu gün Sabunçu rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun birgə təşkilatçılığı ilə "Multikulturalizm: dünən və bugün" adlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abbasquliyeva, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə, müxtəlif dini icmalarının rəhbərləri və digər şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan icra başçısının müavini Arzu Məmmədova ölkə rəhbərinin Azərbaycanda multikultural ənənələrin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və təbliği üçün 2016-cı ili "Multikulturalizm ili" elan etdiyini bildirib. Onun sözlərinə görə, multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. "Ümummilli lider Heydər Əliyev multikultural dəyərləri demokratiyanın bir hissəsi hesab edib. Bu siyasət cənab Prezident tərəfindən bu gün də davam etdirilir. Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələrinin sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb. Multikultural cəmiyyətdə hər bir vətəndaş bərabər hüquqlara sahibdir. Bunun Azərbaycanda, o cümlədən də Sabunçu rayonunda əyani şahidi oluruq. Rayonun müxtəlif müəssisələrində bu yöndə silsilə tədbirlərimiz davam etdiriləcək." – deyə, Arzu Məmmədova vurğulayıb.

YAP Sabunçu rayon Təşkilatının sədri Mehriban Abbasquliyeva çıxış edərək, cənab Prezidentin bu ili "Multikulturalizm ili" elan etdiyi üçün hər bir vətəndaşın bu yöndə fəaliyyət göstərməli, məsuliyyət daşımalı olduğunu deyib: "Azərbaycan ta qədimdən müxtəlif millətlərin, ayrı-ayrı dini dəyər daşıyıcılarının mehriban şəraitdə yaşadığ məkan olub. Bədxah qonşumuz monorespublikadır. Orada başqa millətlərin nümayəndələri yaşaya bilmir. Hətta öz millətləri belə başqa ölkələrdə yaşamağa üz tutur. Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələri isə buranı öz evləri kimi qəbul edir."

Daha sonra AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə multikultural dəyərlər və tolerantlıq mövzusunda məruzə ilə çıxış edib.

Tədbir diskussiyalarla davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə