“Xocalı soyqırımı tarixin qanlı faciəsidir”

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı tədbir keçirib
“Xocalı soyqırımı tarixin qanlı faciəsidir”

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında Xocalı soyqırımı ilə bağlı tədbir keçirilİb. Yığıncağı giriş sözü ilə YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev açaraq Xocalı şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilməsini təklif edib.

A.İmaməliyev 24 il əvvəl Azərbaycanın əzəli, qədim yaşayış məskəni olan Xocalının erməni qəsbkarları və onların havadarı olan keçmiş SSRİ-nin Xankəndində yerləşdirilmiş 366-cı motoalayın bilavasitə iştirakı ilə yerlə yeksan edilməsini, onun yer üzündən silinməsi, çoxsaylı dinc əhaliyə qarşı törədilmiş terror aktının analoqu olmadığını, qadınlara, uşaqlara, qocalara qarşı insanlığa sığmayan vəhşiliklərin törədilməsi barədə ətraflı məlumat verib.

Tədbirdə YAP Sumqayıt şəhər təşkilatı Gənclər birliyinin sədri Elvin Məmmədzadə, təşkilatın Qadınlar şurasının sədri Nazilə Jəlilova, yazıçı publisist Əvəz Mahmudov, şəhər təhsil şöbəsi məktəbəqədər müəssisələr üzrə məsləhətçisi, Sumqayıt bələdiyyəsinin üzvü Günel Qiyasova, Xocalı sakini, faciənin canlı şahidi olan Aydın Əliyev 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə ermənilərin Xocalı şəhərinin dinc, əliyalın sakinlərinə qarşı törətdikləri soyqırımın, dünyada analoqu olmayan faciənin törədilməsini faktlarla qeyd edib və bu halı qətiyyətlə pisləyiblər.

Xocalı sakini Aydın Əliyev o müdhiş, qarlı-şaxtalı qış gecəsində öz həmyerlilərinə qarşı törədilmiş qırğından qəzəblə danışmış, şəhid olan həmyerlilərinin öz doğma yurdlarını qorumaq əzmini, göstərilən şücaətlərini yada salaraq toplantı iştirakçılarının nəzərinə çatdırıb.

Çıxış edənlər ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasəti nəticəsində Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, bu işdə Heydər Əliyev Fondunun, onun vitse-prezidenti Leyla xanım Əliyevanın məqsədyönlü fəaliyyəti və "Xocalıya ədalət" beynəlxalq kampaniyasının dünyada geniş miqyas alması, dünyanın bir çox ölkələrinin Xocalı qətliamının tanıması və faciəyə soyqırım adının verilməsi ilə nəticələndiyinin şahidi olduqlarını vurğulayıblar.

Sonda Vahid Mustafayevin Xocalıya həsr olunmuş "Xoca" filmi nümayiş etdirilib.

Rovşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə