Məlum olduğu kimi ölkəmiz qeyri-neft sektorunun inkişaf etdirilməsi hesabına enerji gəlirlərindən asılılığın aradan qaldırılmasına ünvanlanan islahatlara start verib. Azərbaycanda rəqabət qabiliyyətli məhsul istehsal edən və xaricə satan sahibkarlara güzəşt edilməsi, ümumən sahibkarlığın inkişafının xüsusi prioritet məsələlər kimi dəyərləndirilməsi iqtisadiyyatın inkişafında prioritet məsələlərdən biridir.
İclası giriş sözü ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev "Azərbaycan Respublikasının Regionlarının 2014-2018-cı illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramının" icrasının 2-ci ilinin yekunlarına həsr olunmuş Konfransının qərarları ilə əlaqədar Azərbaycan Sahibkarlar Konfederasiyasının qarşısında duran vəzifələr haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, son vaxtlar ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı mühüm qərarlar qəbul olunmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə çoxsaylı tapşırıqlar verilib. Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin növbəti iclasında bu məsələlər və Konfederasiyanın qarşısında duran vəzifələr, növbəti il üçün nəzərdə tutulan iş planının təsdiqi müzakirə olundu.
M.Musayev ötən il ərzində Azərbaycan Sahibkarlar Konfederasiyasının həyata keçirdiyi layihələrin əhəmiyyətindən, ölkəmizin iqtisadi inkişafında sahibkarlıq fəaliyyətinin genişlənməsindən danışıb. Qeyd edib ki, gələcəkdə də konfederasiya özdəst-xəttini dəyişməyəcək, sahibkarların hüquq və mənafelərini qorumaq istiqamətində səmərəli fəliyyətini bundan sonra da tələb olunan səviyyədə davam etdirəcək.
İclasda iştirak edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadədünyada baş verən iqtisadi proseslərin ölkə iqtisadiyyatına təsirindən söhbət açaraq bildirdi ki, artıq zaman dəyişib, özəl sektorun inkişafı xüsusi əhəmiyyət kəsb edir. İqtisadiyyatı güclü olan dövlətin hər şeyə qadir olduğunu deyən Ziyad Səmədzadə sahibkarları cəmiyyətdə fəal mövqe nümayiş etdirməyə səsləyib. Bildirib ki, onlar iş adamlarının təkliflərini gözləyir, qanunların qəbulu zamanı bu təkliflərin nəzərə alınmasında maraqlıdırlar.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov maraqlı təkliflə çıxış edərək bildirib ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclaslarında Azərbaycan Sahibkarlar Konfederasiyası nümayəndələrinin iştirakına icazə verilərsə, bu cür prosedur gələcəkdə müsbət nəticə verə bilər.
Daha sonra gündəlikdə qeyd olunan cari məsələlərin müzakirəsinə başlanılıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibi əvəzi Faiq Səmədov Konfederasiyanın 2015-ci il ərzində fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr barədə hesabatı Rəyasət Heyətinin üzvləri tərəfindən dinlənilib və növbəti 2016-cı ilin 1-ci rübü üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının iş planı təsdiqlənib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının Dövlət orqanları və sahibkarlarla iş şöbəsinin müdiri Emil Süleymanov isə Azərbaycan Sahibkarlar Konfederasiyasına üzvlüyünə qəbulla bağlı ətraflı məlumat verib, öz təkliflərini irəli sürüb. Konfederasiyaya müraciət edən iş adamlarının üzvlüyə cəlb olunması ilə bağlı siyahı təsdiqlənib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının Maliyyə, mühasibat uçotu, təsərrüfat, nümayəndəliklər və vergi ödəyicilərinə xidmət mərkəzləri ilə iş şöbəsinin müdiri-baş mühasib Bəhruz Kərimov isə Azərbaycan Sahibkarlar Konfederasiyasının 2015-ci il üzrə büdcənin icrası və 2016-cı il üzrə yeni büdcəsinin təsdiqi ilə əlaqədar çıxış edib. Rəyasət Heyəti yekdilliklə yeni büdcənin qəbulunu məqbul sayıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının Əmək münasibətləri, hüquq, kadr, işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tapdıq Osmanovun çıxışı isə ASK-nın Rəyasət Heyəti və daimi komissiyaların struktur və tərkibində dəyişikliklər edilməsinin zəruriliyi məsələsinə həsr olunmuşdu. T .Osmanov bildirdi ki, Azərbaycan Sahibkarlar Konfederasiyası nəzdində fəaliyyət göstərən Komissiyaların işinin təkmilləşdirilməsi və daha 2 yeni komissiyanın yaradılması mühüm əhəmiyyət kəsb edir. T.Osmanov əsaslandırıb ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində iki yeni "Tikinti materialları istehsalı müəssisələri ilə iş" və "Rabitə İnformasiya Kommunikasiya və Texnologiya müəssisələri ilə iş" komissiyalarının yaradılması zamanın tələblərindən irəli gəlir. Təklif səsə qoyularaq qəbul edilib.
Daha sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin tərkibində dəyişiklik edilməsinin vacibliyi önə çəkildi. Yerdəyişmə və digər səbəblərə əlaqədar Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvlüyündən getmiş şəxslərin yeniləri ilə əvəzlənməsi məsələsinə baxıldı. Rəyasət Heyətinin üzvləri müzakirə olunan məsələlər ətrafında öz fikir və mülahizələrini bölüşdülər.
İclasa yekun vuran M.Musayev dövlət qurumları ilə əlaqələrin tələb olunan səviyyədə olduğunu, həmçinin beynəlxalq təşkilatlarla da yeni əməkdaşlıq imkanlarının yarandığını qeyd etdi. Gələcəkdə Konfederasiyasının fəaliyyətini daha da zənginləşdirməyin zəruri olduğunu vurğulayıb, bütün iştirakçılara dərin təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB