Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda Xocalı Soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. SİA-ya Konsulluqdan verilən məlumata görə, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə mərasimdə çıxış edərək Xocalı soyqırımının təcəvüzkar Ermənistan dövləti tərəfindən xüsusi amansızlıq və qəddarlıqla törədilmiş bir qətliam, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlmiş bir cinayət olduğunu, müasir dövrdə təsəvvür edilməyən bu soyqırım nəticəsində Xocalı şəhərinin yerlə-yeksan edildiyini, günahsız qadın, qoca və uşaqların vəhşicəsinə öldürüldüyünü bildirib.

Baş konsul ermənilərin tarix boyu "Böyük Ermənistan" yaratmaq xülyaları əsasında Azərbaycanla yanaşı, Urmiyə, Maku, Xoy, Səlmas şəhərlərində, Türkiyənin bir sıra vilayətlərində və digər dövlətlərdə də böyük qətliamlar, terror hadisələri həyata keçirdiyini, bu qətliamlara vaxtında siyasi-hüquqi qiymətin verilməməsinin, səbəbkarlarının cəzalandırılmamasının ermənilərin əl qolunu açdığını, müasir dövrdə terrorlara, Xocalı soyqırımı kimi qətliamların həyata keçirilməsinə səbəb olduğunu qeyd edib. Ə.Əlizadə ilk olaraq 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən öz siyasi-huquqi qiymətini alan Xocalı soyqırımının dünyanın 10-dan artıq ölkəsi, ABŞ-ın 15-dən artıq ştatı, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən artıq tanındığını, bu soyqırımına siyasi-huquqi qiymət verən ölkələrin sayının ilbəil artdığını, bu cür qətliamların təkrarlanmaması üçün bütün dünya dövlətlərinin və beynəlxalq təşkilatların bu soyqırımını tanıması, səbəbkarlarının isə cəzalandırılmasını tələb etməsi gərəkdiyini vurğulamış, ölkənin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərə rəhmət diləyərək, iştiraka görə mərasim iştirakçılarına təşəkkürünü ifadə edib.

Mərasimdə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti valisinin müavini Əhməd Məhəmmədzadə çıxış edərək bütün şəhidlərə, həmçinin Xocalıda şəhid olanlara Allahdan rəhmət diləyib, bəşəriyyətin tarix boyu müxtəlif qanlı hadisələrin şahidi olduğunu, alahın insanlara problemləri həll etmək üçün düşüncə verdiyini, dövlətlər arasında ədalətsizliyin yaranmasının onlardan birinin artıq haqq istəyərək digərinin haqqını tapdalamasından yarandığını, ədalətin siyasətin nuru olduğunu, ədalətin olmadığı yerdə zülmətin olduğunu bildirib.
.jpg)
Ə.Məhəmmədzadə İran və Azərbaycanın tarix boyunca heç bir ölkəyə qarşı hücum həyata keçirmədiyini, hər zaman özünü müdafiə etdiyini, bu iki dövlətin hər zaman bir-birinin yanında və qüvvətli qalması gərəkdiyini qeyd etmiş, İran İslam Respublikasının 8 il boyunca müharibə və 30 ildən artıq sanksiyalara məruz qaldığını, həmin dövrdə çox sıxıntıların yaşandığını, bu dövrdə İranın yanında olan ölkələrin, o cümlədən həmin ölkələrdən biri olan Azərbaycan Respublikasının da unudulmayacağını vurğulayıb.

Çıxışlardan sonra erməni təcavüzü və Xocalı soyqırımının dəhşətlərindən bəhs edən "Məhv edilmiş şəhər" sənədli filmi nümayiş etdirilib və soyqırımı qurbanlarının xatirəsinə ehsan verilib. Xocalı faciəsinə dair CD, DVD, broşür, jurnal və bukletlər, fars dilinə tərcümə edilmiş digər əyani materiallar mərasim iştirakçılarına paylanıb. Mərasim iştirakçıları Baş Konsulluq tərəfindən hazırlanmış Xocalı soyqırımına aid foto-stendə baxıb, həmçinin sərgilənən kitab, jurnal və bukletlərlə tanış olublar.

Mərasimdə İran İslam Respublikasının Şərqi Azərbaycan valisinin müavini, valiliyinin bəzi digər rəsmiləri, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, Türkiyə Respublikasının Təbrizdəki baş konsulu və Baş Konsulluğunun əməkdaşları, həmçinin, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB