YAP Quba rayon təşkilatı Azərbaycan Pedaqoji Universitetinin Quba filialı ərazi ilk partiya təşkilatı ilə birgə 26 fevral Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirib. Öncə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Azərbaycan Pedaqoji Universitetin Quba filialının direktoru Əli Allahverdiyev bildirib ki, bəşər tarixinin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı XX əsrdə erməni faşizminin mahiyyətini tam olaraq ortaya qoydu: "Keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə erməni qəsbkarlarının həyata keçirdikləri bu soyqırımı, misli görünməmiş vəhşilik aktı təkcə xalqımıza deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət kimi XX əsrin tarixinə düşüb. Xocalıda yüzlərlə əliyalın insan - qoca, cavan, uşaq, qadın görünməmiş amansızlıqla qətlə yetirilib, evlər yandırılıb, şəhər yerlə yeksan edilib. Həmin gün ermənilər qaniçənliklə vaxtilə dünyanı lərzəyə salmış faşizmi də geridə qoyduqlarını nümayiş etdirdilər. Beynəlxalq humanitar hüquq normalarını, insan hüquqları üzrə ən müxtəlif konvensiyaları ayaq altına atan erməni hərbi birləşmələri insanları qətlə yetirmək məqsədilə ən qəddar üsullara əl atdılar".
Natiq bildirib ki, Azərbaycanın o vaxtkı hakimiyyəti silahlı hərbi birləşmələrlə, erməni millətçi separatçıları ilə qeyri-bərabər döyüşdə Xocalı əhalisinə nəinki heç bir kömək göstərməyib, hətta bu cinayət barədə məlumat belə yaymayıb. Yalnız Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu dəhşətli cinayətə dövlət səviyyəsində qiymət verilib, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər aparılıb.
Bu gün Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bir sıra Avropa ölkələri Xocalı soyqırımı ilə bağlı həqiqətlərlə tanış olub.
Tədbirdə çıxış edən YAP Quba rayon təşkilatının təlimatçısı Əhməd Baloğlanov, rayon təşkilatı gənclər birliyini sədri Habil Bayramlı, Azərbaycan Pedaqoji Universitetin Quba filialının tələbəsi Şəhla Mustafayeva 24 il əvvəl Xocalıda dinc əhaliyə amansız divan tutulmasından danışıb, haqq və ədalətin gec-tez qalib gələcəyinə inamlarını ifadə edərək, gəncləri tariximizin bu qanlı səhifəsini unutmamağa çağırıblar. Bildirilib ki, Prezident Cənab İlham Əliyevin vurğuladığı kimi, gec-tez haqq-ədalət bərpa olunacaq, torpaqlarımız düşmən işğalından azad olunacaq, qaçqınlarımız, köçkünlərimiz öz evlərinə və yurdlarına qayıdacaqlar. Azərbaycanın güclü ordusu var, bizim ordumuzun qətiyyəti sayəsində şəhidlərimizin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən oğullarımızın qanı heç vaxt yerdə qalmayacaq.
ZÜMRÜD BAYRAMOVA


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB