Vətən, torpaq yolunda özünü qurban verənlərin xatirəsi qəlbimizdə daim yaşayacaq, onların şücaəti Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaqdır.
Heydər Əliyev
1988-ci ildə arxasında rus imperiyasının dayandığı mənfur ermənilər ölkəmizə qarşı elan olunmamış müharibəyə başladılar. Soydaşlarımız öz əzəli torpaqlarından qovuldular, onlara qarşı misli görünməmiş cinayətlər törədildi. Yağı düşmən irəlilədikcə kəndlərimiz, şəhərlərimiz dağıdıldı, viran qoyuldu, yandırıldı, tarixi abidələrimiz məhv edildi, əhalinin var-dövləti, mal-qarası talanaraq Ermənistana daşındı. Belə ağır günlərdə vətənin igid oğulları silaha sarılaraq əzəli-əbədi düşmənimiz olan erməni cəlladlarının qarşısına çıxdılar. Torpaqlarımızın azadlığı uğrunda mətanətlə döyüşən belə vətənpərvərlərdən biri də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının baş leytenantı Elşad Məmmədhənifə oğlu Yəhyayev idi.
Elşad Yəhyayev 1966-cı ildə Şəki şəhərində doğulmuşdu. Ailənin ikinci övladı idi. Atası Məmmədhənifə kişi və anası Elmira xanım beş övladını özləri kimi zəhmətkeş və vətənpərvər ruhda böyütmüşdülər. Elşad ibtidai təhsilini Şəkidəki 12 saylı orta məktəbdə almışdı. Hələ üçüncü sinifdə oxuyarkən "Əmək təlimi" dərsində paltar tikməkdən narazı qalan və bunu qız işi hesab edən Elşad anasını təkidlə məktəbə göndərib sinifdəki oğlanların "kişi işi" ilə, yəni tapança-tapança oynamağı müəllimdən xahiş etməsini istəmişdi. Müəllim etiraz etməmişdi. Elşad o vaxtlar taxtadan tapança düzəltmişdi və iki dəstə arasında gedən "döyüşlərdə" o həmişə qalib gələrdi.
1983-cü ildə ailənin Bakı şəhərinə köçməsilə əlaqədar olaraq Elşad Xətai rayonundakı 56 saylı orta məktəbdə təhsilini başa vurur (hazırda həmin məktəb onun adını daşıyır). Sənədlərini Bakı Dövlət Universitetinin hüquq fakültəsinə versə də qəbul imtahanlarından kəsilir. Bundan sonra Neft-yağ zavodunda işləməyə başlayır. Lakin oxumağa olan həvəsi onu sakit buraxmır. Xüsusilə hərbi sahəyə böyük marağı olduğundan Xətai Rayon Hərbi Komissarlığına müraciət edərək oxumağa göndərilməsini xahiş edir. Elşad bu yolla Dzerjinski adına Qırmızı Bayraqlı Saratov Ali Hərbi komandirlik məktəbinə daxil olur. Nümunəvi tələbə kimi zabitlərin hörmətini qazanır və çox keçmədən əvvəl şöbə komandirinin müavini, daha sonra isə rota komandiri vəzifələrinə təyin edilir. 1990-cı ildə məktəbi bitirən Elşadın təyinatı Almatı şəhərinə verilir. Lakin o etiraz edərək müharibə gedən vətəninə - Azərbaycana göndərilməsini təkidlə tələb edir və azad təyinatla ölkəyə dönməyə müvəffəq olur. Daxili Qoşunların hərbi hissələrinin birində bölük komandiri kimi işə başlayır. O, bir müddətdən sonra rota komandiri vəzifəsinə təyin edilir. 1992-ci ildə erməni daşnaqları ərazilərimizi dağıdaraq, məhv edərək irəliləyəndə baş leytenanat Elşad Yəhyayev də döyüşlərə atılır. İlk döyüşü Ağdam rayonunun Papravənd kəndinin düşməndən təmizlənməsi uğrunda olur. 42 günlük vuruşmada ermənilər bu ərazilərdə bir addım belə irəliləyə bilmirlər. Elşadın başçılıq etdiyi bölük Yeni Qaralar, Sırxavənd, Ağdərə, Aranzəmin kəndləri uğrunda gedən döyüşlərdə ön sıralarda olur. Belə ölüm-dirim savaşlarının birində yağı düşmən mühasirəsinə düşdüklərini görən cəsur komandir özünü itirmədən bölüyü oradan sağ-salamat çıxarmağa nail olur. Axırıncı döyüş yeri olan Əsgəranda başından güllə yarası alan Elşad hosbitalda tibbi yardım alaraq başı sarıqlı halda yenidən müharibənin qaynar nöqtəsinə - Əsgəran uğrunda gedən döyüşlərə yollanır. Onun 15 nəfərlik dəstəsi böyük şücaətlər göstərərək düşməni geri çəkilməyə məcbur edir. Daxili Qoşunların ön cəbhədə göstərdiyi igidlikləri eşidən ulu öndər Heydər Əliyev demişdir: "Daxili Qoşunların, əsasən cəbhə bölgəsində olan hissənin xidmətini xüsusi qeyd etmək istəyirəm. Bu gün onlara hörmət və ehtiramımı bildirmək istəyirəm. Onlar orada böyük işlər görürlər. Azərbaycanın torpaqlarını qəhrəmanlıqla müdafiə edirlər... Belə döyüşçülərin işi hər birimizi sevindirir və böyük hörmət hissi doğurur"
1992-ci ildə Əsgəran uğrunda gedən müharibədə böyük itkilər verərək geri oturdulan düşmən iyun ayının 19-da, səhərin alatoranında qəflətən 3 tərəfdən hücuma keçir və yenidən qanlı döyüşlər başlanır. Elşad pilomyotun arxasına keçərək düşmənin başına aramsız odlar yağdırır. O, yoldaşlarından iki nəfərin yaralandığını görür və onlardan birini güllə yağışının altından çıxarır. İkinci yoldaşını xilas etmək istərkən sinəsi düşmən snayperinə tuş gəlir. O, vətən, torpaq uğrunda şəhid olaraq qəhrəmanlıq zirvəsinə ucalır.
1993-cü ildə Elşad Yəhyayev "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülür. 2005-ci ilin iyul ayında isə ölkə başçısı İlham Əliyev "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Fərman imzalayır. Elşadın anası Elmira xanım şəhid oğlunun xatirəsini əziz tutaraq ona aid otağında guşə düzəldib. Guşədə qəhrəmanın fotoşəkilləri, büstü, onun öz əlilə düzəltdiyi şəkil albomları, çəkdiyi rəsm əsərləri, polis papağı və digər əşyaları yer alıb. Ananın ürəyi qövr edəndə həmin guşəyə çəkilərək oğlu ilə söhbət edir, əşyalarına sığal çəkir.
Söhbətimiz zamanı saçları bəyaz qar kimi ağarmış, nurlu simalı Elmira xanımın gözləri hey dolub-boşalır, bizi də kövrəldirdi. Oğlu ilə fəxr etməklə yanaşı, qəlbinin ürəkgöynədən ağrı-acısını, gizli-gizli fəryad qoparan iniltilərini də istər-istəməz büruzə verirdi. İlahi, şəhid anası olmaq böyük fəxarətlə yanaşı, həm də necə ağır, dözüm və iradə tələb edən bir dərd imiş!
Heç vaxt heç nədən gileylənməyi sevməyən Elmira xanımdan söhbətimiz əsnasında Elşadın adını daşıdığı Bakının Xətai rayonundakı 56 saylı orta məktəbdə ruhuna necə hörmət göstərildiyi barədə soruşduq. Bu barədə danışmaq istəməsə də, yarası qövr elədi. Qeyd etdi ki, həmin məktəbdə vaxtilə onun adına xatirə guşəsi var imiş. Məktəb təmir edildikdən sonra xatirə guşəsi dəhlizin ümumi dizaynına "xələl gətirdiyinə" görə (?!) məktəb direktoru Hicran Qarayeva onu görünməyən yerdə - dəhlizin o başındakı ayaqyolunun yanında təşkil etməyi lazım bilib. Guşənin yerində isə özünün tanınmış şəxsiyyətlərlə birgə çəkdirdiyi şəkillərini asdırıb. Elmira xanım buna etiraz edəndən bir müddət sonra isə guşə tamamilə ləğv edilib. Bu azmış kimi Elşadın məktəbin həyətində qoyulan büstü də təmirdən sonra ağacların altına, gözdən uzaq yerə köçürülüb.
Hicran Qarayeva bilməlidir ki, Elşad Yəhyayev torpaqlarımızın azadlığı, ölkənin müstəqilliyi uğrunda şəhid olaraq Azərbaycanın Milli Qəhrəmanı zirvəsinə ucalıb. Onun ruhuna, onu dünyaya gətirən anaya, ailəsinə hörmətlə yanaşmaq hər kəs kimi Hicran müəllimənin də borcudur. Vaxtilə ulu öndər Heydər Əliyevin fəxarətlə Elşada, onun komandirlik etdiyi bölüyə öz hörmət və ehtiramını bildirməsi məktəb direktoru və onun kimiləri üçün nümunə deyilmi?
Elmira xanımdan Elşadın ibtidai təhsil aldığı Şəki şəhərindəki 12 saylı orta məktəbdə adının əbədiləşdirilib əbədiləşdirilməməsi barədə soruşduq. O, nisgilliklə cavab verdi:
- Düz 23 il həmin təhsil ocağı Elşadın adını daşıyıb və divarında barelyefi vurulub. Lakin məktəb binası sökülüb yenidən inşa ediləndən sonra adı məktəbin üzərindən götürülüb (?). Yaşadığımız evin divarında da oğlumun barelyefi qoyulub. Çox arzu edirəm ki, həmin məktəbə mümkün olmasa, Şəkidə yaşadığımız küçəyə Elşadın adı veriləydi.
Elmira xanım qeyd etdi ki, Elşadın vaxtsız gedişi hamımızı məhv etdi. Ailəmizdən və nəslimizdən bir neçə nəfər bu dərdə dözməyərək dünyalarını dəyişdilər. Bütün bunlara baxmayaraq, elə qəhrəman, vətənpərvər oğul böyütdüyümə görə qürur duyuram. Bir də təskinliyim odur ki, deyirlər, şəhidlər heç vaxt ölmürlər! Vətən sağ olsun!
Bəli, Vətən sağ olsun! Bu vətən Elşad kimi mərd, cəsur oğulların sayəsində qorunur. Bu gün də soyuq səngərlərdə neçə-neçə Elşadlar ayıq-sayıq vətənin, torpağın keşiyində durublar. Bizlər sakit firəvan həyatımıza görə onlara borcluyuq.
Allah bütün şəhidlərə qəni-qəni rəhmət eləsin!
Ədilə Qocayeva,
AJB-nin üzvü, "Qızıl qələm"
media mükafatı laureatı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB