Su həyat deməkdir. Bütün canlıların yaşaması üçün suya ehtiyacı olduğuna görə bəşəriyyət yaranandan bu qida növü həyatda ən vacib amillərdən sayılır.
Dövrümüzdə isə bəzi hallarda insanların belə vacib tələbatlarından istifadə edərək daha çox pul qazanmaq üçün müxtəlif vasitələrə əl atanlar var. Məlumdur ki, ölkəmizin bir çox regionlarında dünyanın heç yerində olmayan, müxtəlif xətəliklərin dərmanı kimi istifadə edilən mineral sular mövcuddur. Onlarla yanaşı, saysız-hesabsız digər bulaqlar və su ehtiyatları da var. Bir çox əyani təhlillər göstərir ki, bəzi hallarda su istehsal edən şirkətlər heç də qabların üstündə yazıldığı kimi, həmin bulaqlardan deyil, adi sulardan istifadə edir, zərərli maddələr təmizlənmir. Hətta buna görə bir neçə şirkət rəhbərləri hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə də cəlb olunub.
Hazırda isə şəhərimizin marketlərində qazsız içməli sular istehlakçılara müxtəlif qiymətlərə təklif olunur. Beş litrlik qablarda satılan suların qiyməti 1 manat 30 qəpiklə 9-10 manat arasında dəyişir. Hər şirkət öz məhsulunu müxtəlif qiymətə bazara çıxarır. Marketlərdə apardığımız müşahidələr və araşdırmalardan sonra bəlli oldu ki, bahalı sular (Müalicəvi əhəmiyyətli sular nəzərə tutulmur. Söhbət gündəlik istifadə olunan içməli sulardan gedir.) əsasən xarici ölkələrin məhsullarıdır. Belə ki, müxtəlif ölkələrdən gətirilən qazsız içməli suların Bakıya gəlib çatma xərcləri nəzərə alınaraq qiymətlər müəyyənləşdirilir.
Ancaq dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə neft gəlirlərinin azaldığı, ölkə iqtisadiyyatının inkişafı məqsədilə yerli istehsala daha çox önəm verilməli olduğu vaxtda, ölkəmizin kifayət qədər su ehtiyatına baxmayaraq, xaricdən müalicəvi əhəmiyyəti olmayan, gündəlik təlabat sularının gətirilməsinə ehtiyac varmı? Əgər xaricdən gətirilən həmin sularda hansısa minerallar və ya gözlə görünməyən digər maddələr varsa, onların üzərində niyə bu barədə yazılmır və qiymətinin bahalı olmasının səbəbləri istehlakçıya bildirilmir?
Cəmiyyətdə isə elə fikir formalaşıb ki, sanki ucuz məhsulun keyifyyəti olmur. Əgər bazarda daha bahalı məhsul varsa, insanlar onun daha keyfiyyətli olduğunu düşünür və sağlamlığı, ərzaq təhlükəsizliyini nəzərə alaraq, bahalı məhsula üstünlük verirlər.
Mövzu ilə bağlı mütəxəssislərin də fikirlərini öyrəndik:
"Yerli sular xaricdən gətirilənlərdən daha təmiz çıxdı"
Milli Məclisin deputatı Elmira Axundova:
- Bazarda rəqabət olmalıdır. Orada məsulların ucuzu da, bahası da təklif olunmalıdır. Əlbəttə, yerli istehsala önəm vermək lazımdır. Azərbaycanda bu sahədə yerli istehsal onsuz da yaxşıdır. Ancaq bazar iqtisadiyyatında kiməsə xaricdən mal gətirməsini qadağan etmək olmaz. Sonra deyəcəklər ki, sahibkarların hüquqları pozulur. Bazarda hər cür mal olmalıdır. İmkanlı şəxslər bahalısını, orta təbəqə isə ucuzunu alar. Əhaliyə seçim imkanı yaradılmalıdır. Bir də elə xəstəlikləri olan insanlar var ki, onlar müxtəlif tərkibli sular içməlidirlər. Məsələn, bəzi insanlara tərkibində kalsium çox olan su lazımdır. Bizim sularımızın bəzilərində belə tərkib yoxdur. Ona görə xaricdən müxtəlif tərkibli sular gətirilə bilər.
Bir dəfə mütəxəssis yanımda müxtəlif şirkətlərin istehsal etdiyi 3-4 suyu yoxladı. Ən çirklisi "Evian" adında Fransa suyu çıxdı. Həmin suyun bir şüşəsi 5-6 manatdır. Bəlkə də bu, uzaqdan gətirildiyinə, çox saxlanıldığına görə idi. Yerli sular xaricdən gətirilənlərdən daha təmiz çıxdı. Ona görə, heç də xaricdən gətirilən suyun yerli sulardan yaxşı olacağını düşünmək olmaz.
"Qiymətlərdə insanları aldadırlar"
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov:
- Ötən ilin sonunda bütün bu suallarla bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsininin laboratoriyasına müraciət etdim. Oradan başa düşülməyən, dolaşıq və təzadlı cavablar aldım.
Bizdə olan TDF cihazı ilə ilk dəfə olaraq suların primitiv ekspertizasını apardım. Ən brend sular duzlarla zəngin çıxdı. Bundan sonra üç yerdən məhkəməyə verildim. Bu, son dərəcə mürəkkəb məsələdir. Su H2O, yəni 2 hidrogen və 1 oksigendir. Bəs necə olur ki, adi içməli su litri 40 qəpiyə də, 10 manata da satılır? Bunun araşdırılması qaranlıq məsələ olaraq qalır.
Ölkə başçısının sahibkarlara yaratdığı liberal şəraitdən sui-istifadə olunur və istehlakçı hüquqları pozulur. Qiymətlərdə insanları aldadırlar. Adla, brendlə və s. qiymətlər bahalaşdırılır. Mütəxəssis olmayan heç kəs müəyyən edə bilməz ki, hər hansı brend olan bahalı su həmin qaba krandan doldurulmur. Çünki, su rəngi, dadı, qoxusu olmayan qeyri-adi bir maddədir. Təəssüf ki, ekspertiza imkanı olan laboratoriyalar bunu ayrıd etmir. Dəfələrlə belə qurumlara müraciət etmişəm, heç kim birmənalı cavab verməyib. Ancaq istehlakçılar çoxlu telefon zəngləri edib eyni suyu qaynatdıqda bəzən ərp verməyini, bəzən verməməyini deyirlər. Bu o deməkdir ki, eyni su bəzən təmizlənir, bəzən təmizlənmir, birbaşa krandan doldurulur.
Əhali bilməlidir ki, təmizlənmiş su da o qədər xeyirli deyil. Mənim gəldiyim qənaət budur ki, suyu dəfələrlə qaynadıb içmək olmaz. Təəssüf ki, elektriklə işləyən müasir çaydanlar suyu dəfələrlə qaynadırlar. Bu da çox təhlükəlidir. Onda H2O2 - ağır su yaranır.
"Yerli istehsal olmasına və yaxud xaricdən gətirilməsinə baxmayaraq, məhz içməli suyun tərkibinə görə qiymətdə fərq olmamalıdır"
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı:
- Qiymətləri bazar tənzimləyir. Bu sahədə liberallaşma var. Sahibkarlar maya dəyərini, rentabelliyi və s. hesablayıb, qiymət formalaşdırırlar. Süni qiymət artımına yol vermək olmaz. Buna qarşı dövlətin müvafiq strukturları mübarizə aparır. Bizim komitənin qiymət məsələlərinə nəzarət səlahiyyəti yoxdur. Ancaq biz mütəmadi olaraq manitorinqlər aparır, məhsulların keyfiyyətini yoxlayırıq. Hər bir məhsulun tərkibi dövlət standartına uyğun olmalıdır. İçməli suyun da dövlət standartı var. Yerli istehsal olmasına və yaxud xaricdən gətirilməsinə baxmayaraq, məhz içməli suyun tərkibinə görə qiymətdə fərq olmamalıdır. Amma digər səbəblər, məsələn, plastik və ya şüşədə qablaşdırma, suyun uzaqdan gətirilməsi və s. qiymətlərə təsir edə bilər. İçməli suların tərkibinin dövlət standartına uyğun olmasını isə mütəmadi olaraq laboratoriyamız müəyyənləşdirir. Keyfiyyətsiz suların satışına icazə verilmir və müəyyən cəza tədbirləri görülür.
Laboratoriyamıza Almaniya akkreditasiya qurumu tərəfindən akkreditasiya verilib. Almaniyanın auditorları bizim laboratoriyada audit keçirib, akkreditasiya edib, səlahiyyətini, metodlarını tanıyıblar. Bu laboratoriyanın verdiyi sınaq protokollarını Avropa Birliyi tanıyır.
Bizim Komitənin laboratoriyası Azad İstehlakçılar Birliyinə qarışıq cavab verməyib. Birliyinin sədri Eyyub Hüseynov laboratoriyamızın verdiyi nəticələrə inanır.
Biz əminliklə infrastrukturumuzu dəstəkləyirik və qürurla bildiririk ki, nəticələrimiz tam düzgündür.
"Üzərində hansısa bulağın adını yazırlar, ancaq Ceyranbatan su anbarının təmizlənmiş suyunu qablaşdırırlar"
Həkim-terapevt və fitoteropevt Müşfiq Məmmədov:
- İnanmıram ki, qablaşdırılmış suların tərkibində yüksək titrli mikroblar olsun. Düşünürəm ki, qiymətlər arasında kəskin fərq, onların tərkibindəki mikroelementlərin miqdarından asılı ola bilər.
Bəzi firmalar var ki, üzərində hansısa bulağın adını yazırlar, ancaq Ceyranbatan su anbarının təmizlənmiş suyunu qablaşdırırlar. Bakı şəhərinin yarısı o sudan istifadə edir. Onun tərkibindəki mikrobların və virusların titri normadan aşağıdır. Suyun tərkibində yol verilə biləcək hədd olur. O həddi keçmədikdə həmin su içməli sayılır. Bu sular qiymət baxımından ucuz olurlar.
Öncələr xalqımız Kürün suyunu daş filtrlərdən keçirirdilər. Naxçıvanda və Qazaxda həmin daşlardan istehsal olunur. Həmin daşlardan keçirilən içməli su, indi satılan yeni texniki vasitələrdən keçirilən sulardan qat-qat effektlidir.
Şəxsən mən, ailəm və yaxınlarım yaşadığımız yerdən 500 km uzaqlıqdan gələn hər-hansı qida vasitələri və suları qəbul etmirik. Bunu ətrafdakılara tövsiyə edirəm. Yaranışdan orqanizmimiz elə formalaşıb ki, olduğumuz yerdən 500 km-lik məsafənin qidaları, bitkiləri, suları, dərmanları qəbulolunandır.
"Təlabat olmasa, bahalı məhsul bazardan avtomatik olaraq çıxacaq"
İqtisadçı Ceyhun Xəlilzadə:
- Suların fərqli tərkibləri, çirklənməsi, spesifik xüsusiyyətləri var. Xaricdən gətirilən suyun özünün spesifik xüsusiyyəti olur ki, ona tələbat var. O sular bazarda satılırsa, deməli tələbat var. Azərbaycanda bazarda yerli sular kifayət qədərdir. İnsanlar xaricdən gələn bahalı suyu alırlarsa, deməli onun öz xüsusiyyəti var. Azərbaycan alıcıları öz təlabatını yaxşı bilir. İstehlakçılar o qədər aciz deyil. İnsanlarımız qida təlabatlarını yaxşı təhlil edirlər. Bazarda alternativlər və yerli məhsullar varsa, xaricdən gətirilən məhsul bahalı olsa da, qiymət artımına səbəb olmayacaq. Təlabat olmasa, bahalı məhsul bazardan avtomatik olaraq çıxacaq. Bazar özü bunu tənzimləyir.
Mütəxəssislərin fikirlərindən sonra ümumi mənzərədən nəticə çıxarmağı oxucularımızın ixtiyarına veririk.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB