7-23 fevral tarixlərində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu tərəfindən İKT Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi, Heydər Əliyev fondunun Rusiya nümayəndəliyinin sədri Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya Ədalət" kompaniyası çərçivəsində Aktau şəhərində uşaq və yeniyetmə rəssamlar arasında "Biz ədalət tələb edirik!" mövzusunda keçirilmiş rəsm müsabiqəsinə yekun vurulub.
SİA-nın məlumatına görə, rəsm müsabiqəsində Aktau şəhərinin Dövlət Uşaq İncəsənət məktəbinin, Abıl adına Qazax İncəsənət məktəbinin, "Önər" Art-Qaleleriyasının, "Darın" Uşaq inkişafı Mərkəzinin, həmçinin Manqistau vilayətinin Beyneu şəhər Baktıbayuli adına, Akşakur qəsəbəsinin Ayşuakulu adına, Jetibay və Tupkaraqan qəsəbələrinin incəsənət məktəblərindən 300 yaxın yeniyetmənin rəsmləri təqdim olunub. 23 fevral tarixində Qazaxıstan Respublikası Rəssamlar İttifaqının üzvləri Aymurat Tanatov və Tınışbek Baltabayevin, həmçinin Baş konsulluğun rəhbəri Elxan Zeynalovun daxil olduğu münsiflər heyəti tərəfindən rəsmlər qiymətləndirilib.
Müsabiqənin yekununa görə, 7-9 yaşlı uşaqlar arasında qalib Abıl adına Qazax İncəsənət məktəbinin şagirdi Şanşarxan Raxmatulla, 10-13 yaşlılar arasında "Darın" Uşaq inkişafı Mərkəzinin şagirdi Akbota Berdıkojakızı və 14-19 yaşlılar arasında isə Aktau Dövlət Uşaq İncəsənət məktəbinin şagirdi Dana Musina qalıb gəlmişlər. Bundan əlavə hər yaş qrupundan daha iki nəfər 2-ci və üç nəfər 3-cü yerlərə layiq görülüblər.
Müsabiqənin qran-pri mükafatına "Önər" Art-Qaleleriyasının şagirdi Ləzzət Nurqamanbetovanın "Помним, любим, скорбим!" rəsmi layiq görülüb.
Müsabiqədə iştirak etmiş rəsmlər Aktau şəhərinin "Önər" Art-Qaleleriyasının Sərgi salonunda nümayiş etdiriləcək. Qaliblər, Baş konsulluq tərəfindən Xocalıya ədalət kompaniyası çərçivəsində 24 fevral tarixində keçiriləcək anım mərasimində fəxri fərmanlarla təltif olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB