AZƏRTAC və ASAM Xocalı soyqırımı ilə bağlı birgə konfrans keçirib FOTOLAR

AZƏRTAC və ASAM Xocalı soyqırımı ilə bağlı birgə konfrans keçirib FOTOLAR

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İstanbuldakı bürosu və Türkiyənin Avrasiya Strateji Araşdırmalar Mərkəzinin (ASAM) birgə təşkilatçılığı ilə bu şəhərdə Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilən birgə konfrans təşkil olunub.

Azərbaycanın İstanbuldakı baş konsulluğunun dəstəyi ilə ASAM-ın qərargahında keçirilmiş konfransda tanınmış alimlər, diplomatlar, KİV və QHT təmsilçiləri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Xocalı soyqırımını əks etdirən fotolardan ibarət sərgi ilə tanış olublar.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra Xocalı şəhidlərinin, o cümlədən ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, "Xocalı soyqırımı" sənədli filmi göstərilib.

ASAM-ın məsul əməkdaşı, ehtiyatda olan polkovnik Eray Güçlüer konfransda çıxış edərək Xocalı faciəsi barədə fikirlərini bölüşüb. O, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini, Azərbaycan Ordusunun kifayət qədər modernləşmiş müdafiə qüdrətinə malik olduğunu bildirib.

Sonra baş konsul səlahiyyətlərini icra edən Esmira Hüseynova Xocalı soyqırımının ağır nəticələri və onun dünya birliyi tərəfindən tanınması istiqamətində görülən işlərdən söhbət açıb. Diqqətə çatdırıb ki, Azərbaycanda Xocalı soyqırımına ilk dəfə ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində hüquqi-siyasi qiymət verilib. Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Milli Məclisinin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral tarixi "Xocalı soyqırımı günü" elan olunub və bu barədə beynəlxalq təşkilatlara məlumat verilib. E.Hüseynova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası barədə də danışıb.

Sonra Mərmərə Strateji Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver və AZƏRTAC-ın Türkiyə və Səudiyyə Ərəbistanı üzrə xüsusi müxbiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının məruzələri dinlənilib.

Xocalı soyqırımının törədilməsinin səbəb və nəticələrindən danışan A.Suver diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtmaqla təcavüzkar Ermənistan dövlətinin Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin daha amansız məqsədlərinin qarşısını alıb. Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan da daxil olmaqla, Xocalı soyqırımının törədilməsində iştirak edən erməni siyasətçilərinin və millətçi dairələrinin gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklərini bildirən A.Suver konfransın təşkilinə görə AZƏRTAC-ın və ASAM-ın rəhbərliyinə minnətdarlığını bildirib.

Son iki yüz ildən artıq müddətdə Azərbaycan torpaqlarının bölüşdürülməsi siyasətinin XX əsrdə də amansızlıqla davam etdirildiyini diqqətə çatdıran S.Şahtaxtı qeyd edib ki, bütün bu proseslərdə erməni toplumundan sadəcə Azərbaycana qarşı bir alət kimi istifadə olunub. Erməni din xadimləri və millətçi dairələri isə böyük qüvvələrin "parçala və hökm sür" siyasətindən istifadə edərək zaman-zaman Azərbaycana və Osmanlı dövlətinə düşmənçilik edib, ümumilikdə xalqlarımıza qarşı amansız soyqırımları həyata keçiriblər. Xocalı soyqırımı da həmin qanlı proseslərin biri kimi tarixə düşüb.

Diqqətə çatdırılıb ki, erməni terror təşkilatlarının Azərbaycanda və Türkiyədə törətdikləri terror aktları, erməni din xadimləri və millətçilərinin xalqlarımıza qarşı həyata keçirdikləri amansız cinayətlər və xəyanətlər heç zaman yaddaşımızdan silinməyəcək.

İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu və başqaları məruzələr ətrafında çıxış ediblər.

ASAM-ın sədri Şaban Gülbahar qeyd edib ki, Türkiyə ictimaiyyətində Azərbaycanla bağlı hərtərəfli məlumat olmasına baxmayaraq, xalqlarımızın ümumi dərdi olan Xocalı soyqırımı barədə daha geniş məlumata ehtiyac var. Xüsusilə gənclər bu soyqırımı barədə daha çox məlumatlandırılmalıdırlar. Bu baxımdan bugünkü konfrans xüsusi önəm kəsb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə