20 mindən artıq bakalavr öz biliklərini sınağa çəkəcək

Ali məktəblərin magistratura pilləsinə sənəd qəbulu başa çatıb
20 mindən artıq bakalavr öz biliklərini sınağa çəkəcək

Magistratura imtahanlarında iştirak etmək üçün respublika üzrə 24 109 bakalavr öz elektron ərizəsini təsdiq edib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, onlardan 21 818 nəfəri Azərbaycan, 2291 nəfəri isə Rus bölməsi üzrə imtahan verəcək.

Magistraturaya qəbul imtahanının birinci mərhələsi martın 6-da baş tutacaq. Martın birindən başlayaraq isə bakalavrlar TQDK-nın rəsmi internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini əldə edə bilərlər. Müsabiqə şərtini ödəyən və ikinci mərhələdə iştirak etmək hüququ qazanan bakalavrlar mayın 3-dən 10-dək proqram seçimi edəcəklər. Magistraturaya qəbul imtahanının II mərhələsi isə iyunun 5-də keçiriləcək. Sabahdan isə ali təhsil müəssisələrinə hazırlıq məqsədi ilə təşkil edilən ilk sınaq imtahanına qeydiyyat başlayacaq. 28 apreldən etibarən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün I, II, III və IV qruplar üzrə ərizə qəbulu başlayacaq. 3-17 may tarixləri arasında isə V qrup üzrə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu həyata keçiriləcək. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu isə mayın 2-dən başlayacaq

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə