İnkubator Təcrübə Mərkəzi yaradıldı

İnkubator Təcrübə Mərkəzi yaradıldı

Quşçuluğun inkişafı məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda ilk dəfə olaraq İnkubator Təcrübə Mərkəzi yaradılıb. Gələcəkdə mərkəzdə inkubatordan çıxan cücələrin üzərində elmi təcrübə də aparılacaq. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Təcrübə Mərkəzində 3 inkubator və 1 çıxım şkafı quraşdırılıb. Bu avadanlıqlar Rusiya istehsalıdır və bir dəfəyə ümumilikdə 50 min yumurtadan cücə çıxarma gücünə malikdir. Təcrübə Mərkəzində yumurtalar institutun elmi işçiləri tərəfindən yoxlanıldıqdan sonra ilk dəfə fevralın 22-də inkubatora yerləşdirilib. Burada inkubator avadanlıqları elektron sistemlə işləyir və istilik avtomatik tənzimlənir. Mərkəzin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün yeni naqillər çəkilib və 1500 voltluq generator da quraşdırılıb. Cücələrin bəslənməsi üçün mövcud quş damı bərpa edilir. Təcrübə üçün qoyulan yumurtalardan cücələr martın 13-də çıxacaq. Gələcəkdə burada 10 nəfər daimi işlə təmin olunacaq ki, bunlardan da 4-ü İnkubator Təcrübə Mərkəzində çalışacaq, 6 nəfər isə cücələrin bəslənməsi ilə məşğul olacaq.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə