Son günlər valideynlərin övladına qəsd etməsi ilə bağlı xəbərlər yayılır. Bu addımın ən çox da analar tərəfindən atılması başa düşülən deyil. Lakin birtərəfli mövqe sərgiləmək, kimisə bilmədən ittiham etməyin də doğru olmadığını yaxşı bilirik. Bəs valideynləri bu addımı atmağa məcbur edən nədir və hansı problemlər insanın ağlasığmaz addım atmasına səbəb ola bilər?
SİA bu suallara cavab tapmaq üçün psixoloqun fikirlərini öyrənib.
"İnsan affekt halında ağlasığmaz addımlar ata bilər"
Məsələ ilə bağlı psixoloq Təhminə Çələbi söyləyib ki, insan affekt halında olan zaman ağlasığmaz addımlar ata bilər: "Bəzən insan affekt halı keçirir və bu zaman nə etdiyini bilmir. İnsan belə vəziyyətdə hər hansı bir hadisənin təsiri altına düşə və nəticə etibarı ilə ağlasığmaz, dəhşətli hadisələr törədə bilər. Övladını qətlə yetirən valideynin psixi durumu da qaydasında olmaya bilər. Ananın övladını öldürməsi, hər hansı patologiyadan xəbər verir. Çox təəssüf ki, bizdə kimdəsə qəribə hallar baş verdikdə, ailə qurar düzələr kimi fikirlər səsləndirilir.
Amma düşünmürlər ki, şizofreniya və digər psixoloji xəstəliklərdən əziyyət çəkən insanların ailə qurması düzgün deyil. Ruhi xəstəlikdən əziyyət çəkən insanları ailə qurmağa təhrik etmək olmaz. Gələcəkdə ananın övladına qəsd etməsi və digər bu kimi xoşagəlməz, faciəli hadisələrin kökündə bəzən elə bu məsələlər dayanır".
"Psixoloji durumu qaydasında olmayanlar valideyn olmağa tələsməməlidirlər"
T. Çələbinin fikrincə, psixoloji durumu qaydasında olmayanlar valideyn olmağa tələsməməlidirlər: "Həmin insanlar ilk növbədə müalicə alıb, daha sonra valideyn olmaq üçün addımlar atmalıdır. Övladına qəsd etmək və digər bu kimi cinayətlər bəzən insanın yaşadığı travmalarla da bağlı ola bilər. Bəzən övladını öldürən analar övladlarını qorumaq məqsədilə bu cür addım atdıqlarını söyləyirlər. Onlar bildirirlər ki, onsuzda biz ölsək övladımıza baxan olmayacaq və ona görə də belə yaşamaqdansa, ölmələri daha məsləhətlidir. Əlbəttə, bu cür fikirlər yanlışdır. Bunu psixoloji sarsıntı keçirmiş, depressiyalı insanlar söyləyə bilər. Biz informasiya vasitələri ilə baş verən hadisənin yalnız nəticələri ilə tanış oluruq. Lakin biz həmin hadisənin pərdə arxası nüanslarını bilmirik. Övlada qəsd etmək hər bir halda ağlasığmaz, qəddar hərəkətdir. Amma bunun nədən baş verdiyini bilmədiyimiz üçün onu edən insanla bağlı birtərəfli fikir yürütməyimiz də düzgün olmaz. Buna görə də məhkəmə-tibbi ekspertizası, eləcə də sosial iş sahəsində ixtisaslaşan şəxslər hadisədən əvvəl baş verən prosesləri araşdırmalıdır".
"Əgər bir insan psixoloji problemlidirsə, o, mütləq yardım almalıdır"
İntihar və ya digərinə qəsd etmək kimi halların birdən-birə baş vermədiyini deyən psixoloq qeyd edib ki, bu cür hadisələr yaşam tərzinin insan psixologiyasına etdiyi təsir nəticəsində həyata keçir: "İnsan psixologiyası bir anın içində dəyişə bilməz. Əlbəttə, bu ayların bəlkə də illərin dəyişkənliyi əsasında həyata keçən hadisələrdir. Ətrafdakı insanlar baş verən dəyişiklikləri mütləq şəkildə hiss etməlidirlər. Əgər bir ana bezmişəm, uşağa baxa bilmirəm, bunu niyə dünyaya gətirdim? kimi ifadələr işlədirsə, o zaman həmin insan psixoloqa, psixoterapevtə müraciət etməlidir. Hər bir xəstəliyin özünün müalicə üsulları var. Belə hallarda düzələr deyib, keçmək olmaz. Əgər bir insan psixoloji problemlidirsə, o, mütləq yardım almalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB