"Bəzi həmkarlarım Azərbaycanda iqtisadi böhranın olduğuna dair fikirlər səsləndirdilər. Bunlar tamamailə yanlış fikirdir". SİA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
O qeyd edib ki, Azərbaycan neftdən gələn gəlirlərdən ən uğurlu istifadə edən dövlətdir: "Azərbaycan neft gəlirlərindən düzgün istifadə edərək həm sosial, həm də iqtisadi sahəni inkişaf etdirib. Bu müddət ərzində 3000-ə yaxın məktəb, 600-ə qədər xəstəxana, çoxlu sayda idman kompleksləri tikilib, yollar çəkilib, mədəniyyət obyektləri təmir olunub, texnoparklar yaradılıb. Azərbaycan ən uğurlu sosial siyasət yürüdən ölkədir. Ölkə başçısı İlham Əliyev də çıxışlarında vurğulayır ki, sosial sahəyə ayrılan vəsaitlər artırılmalıdır. Ona görə də sosial sahədə artımlara şahidlik edirik".
S.Novruzov bildirib ki, MDB-də sosial sahədə ən geniş islahatlar Azərbaycanda həyata keçirilir: "Amma bu sahədə müəyyən çətinliklər var. Düzgün verilməyən statistika nəticəsində Sosial Müdafiə Fondunun büdcəsində kəsirlər qeydə alınır. Hesab edirəm ki, bu məsələdə dəqiq statisika verilməli, işsizlərin sayı dəqiq açıqlanmalıdır. İcra başçısının səsləndirdiyi rəqəmi yazıb göndərməklə heç nəyə nail ola bilməyəcəyik".
Millət vəkili vurğulayıb ki, son zamanlar bəzi özəl və dövlət sektorlarında ixtisarlar gedir: "İlk növbədə Əfqanıstan və Qarabağ veteranları, şəhid ailələri üzvləri azad olunur. Bu hallara son qoyulmalıdır. Çünki, bizim bu barədə qanunumuz var ki, müəssisə bağlanana kimi onları çıxarmaq olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB