"İnformasiya məsələlərinə nəzarət edən xüsusi Ombudsmanın olmasına ehtiyac var". Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Mətbuat ombudsmanının yaradılması ilə bağlı məsələnin uzun illər bundan qabaq müzakirəyə çıxarıldığını deyən M. Ələsgərli söyləyib ki, hətta 2005-ci ildə Azərbaycanda qəbul olunan "İnformasiya əldə etmək haqqında" qanununda bu məsələ öz əksini tapmışdı: "2005-ci ildə ölkəmizdə "İnformasiya əldə etmək haqqında" qanun qəbul olundu. Bu qanuna əsasən mətbuat ombudsmanı yaradılmalı idi. Məsələ zəruri olsa da, uzun müddət qanunvericiliyin bu tələbi yerinə yetirilmədi. 2010-2011-ci illərdə qanuna Milli Məclis tərəfindən dəyişiklik edildi. Həmin dəyişikliyə əsasən, nəzərdə tutulan mətbuat ombudsmanının səlahiyyətləri İnsan Hüquqları üzrə Müvəkkilə həvalə olundu. Ombudsman Aparatında informasiya ombudsmanı ofis kimi yaradıldı. Ötən illərin təcrübəsi göstərir ki, ümumi Ombudsman Aparatının tərkibində yaradılan informasiya ombudsmanı departamenti effektiv fəaliyyət göstərə bilmədi. Bununla bağlı İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən rəsmi açıqlamalar verilib və söylənilib ki, işin effektiv qurulmasına çalışsalar da, hələlik buna nail olunmayıb"
Mətbuat Şurasının sədr müavini söyləyib ki, informasiya ombudsmanının ayrı qurum kimi yaradılması bəzi problemlərin həllinə töhfə verə bilər: "Bilirsiniz ki, İnzibati Xətalar Məcəlləsi yenidən işləndi və Ölkə Başçısının Sərəncamı ilə mart ayında qüvvəyə minəcək. Belə ki, Məcəllənin 382 maddəsində informasiya verilməməsinə görə cəzalar daha da sərtləşdirildi. Bu günə qədər müəyyən cəza tədbirləri var idi, amma dəyişiklikdən sonra bunlar daha sərtləşdirilmiş formadadır. Bu sərtləşdirmə Azərbaycanda informasiya verilməsi ilə bağlı müəyyən problemlərin mövcudluğunu göstərir. Bu problemlər aradan qaldırılmalıdır. Ölkəmizdə hələ informasiya almaq və vermək haqqında anlayışın özü yetərli deyil. Bəzən elə düşünülür ki, informasiya əldə etmək və yaymaq yalnız jurnalistin hüququdur. Amma bu, belə deyil. Əslində "İnformasiya əldə etmək azadlığı haqqında" qanun bütün ölkə vətəndaşlarına şamil olunub. Belə ki, istənilən ölkə vətəndaşı istədiyi informasiyanı sərbəst şəkildə almaq və yaymaq hüququna malikdir. Amma buna baxmayaraq, hələ də müəyyən problemlər qalmaqdadır. Bu baxımdan hesab edirəm ki, informasiya məsələlərinə nəzarət edən xüsusi ombudsmanın olması, bu kimi problemlərin həllinə töhfə vermiş olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB