MEMM-in yeni metodiki vəsaitləri

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində aparılmış struktur islahatlardan sonra sözügedən müəssisənin qarşısında müəyyən olunmuş yeni strateji hədəflərin nəticəsində Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri məhz müxtəlif təyinatlı metodiki vəsaitlərin hazırlanmasından ibarətdir.

Belə ki, qeyd olunanları nəzərə alaraq Mərkəz tərəfindən ilk mərhələdə 8 (səkkiz) müxtəlif istiqaməti (muzey işi, klub işi, mədəniyyət müəssisələrində ictimaiyyətlə işin təşkili, özfəaliyyət teatrları, rəsm qalereyaları) əhatə edən metodiki vəsaitlər hazırlanmışdır.

Onların arasında Elnarə Hacıyeva və Nadir Məmmədovun "Şəhər (rayon) mədəniyyət mərkəzləri və filiallarında mədəni-kütləvi tədbirlərin təşkili və xalq oyunları işinin əsasları" adlı metodiki tövsiyədə sözü gedən tədbirlərdə unudulmaqda olan xalq oyunlarının öyrənilməsi, yaşadılması və təbliği yolları göstərilir.

Pərvanə Hüseynovanın "Mədəniyyət müəssisələrində ictimaiyyətlə əlaqələr işinin təşkili üzrə ilkin biliklər" adlı metodiki tövsiyədə ictimaiyyətlə əlaqələrin qurulması, onun əsas mərhələləri, məqsədləri, prinsipləri, tədbirlər planının tərtibi əsasları və s. bu kimi məsələlər göstərilmişdir.

Elnarə Hacıyeva "Şəhər (rayon) Mədəniyyət mərkəzləri və onların filiallarında mədəni-kütləvi tədbirlərin təşkili işinin əsasları" adlı metodiki tövsiyədə qeyri-maddi mədəni irsin qorunub saxlanması, folklor nümunələrinin təbliği, unudulmaqda olan qədim xalq oyunlarının yaşadılması, gənc və yeniyetmələrə aşılanması məqsədilə mədəniyyət müəssisələrində geniş miqyaslı tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayır.

"Məktəblilərin muzey və muzey tipli müəssisələrə cəlb olunması və muzeylərin təbliği işinin əsasları" adlı metodiki tövsiyədə müəllif Pakizə Almazova çağdaş mərhələdə şagirdlərin mədəni, savadlı olması, habelə

dünyagörüşünün yüksəldilməsi istiqamətində aparılacaq işlər araşdırır, muzey və muzey tipli müəssisələrin təbliğində əsas rol oynayan amillər barəsində söhbət açır.

Məzahir Qarayev və Afaq Ağayevanın "Şəhər (rayon) mədəniyyət mərkəzləri və filiallarının ideoloji əhəmiyyəti və hərbi-vətənpərvərlik tərbiyəsi işinin təşkili" adlı metodiki tövsiyəsi isə torpaqların 20 faizi işğal altında olan bir ölkə olaraq gənc və yeniyetmələrdə vətənpərvərlik hisslərinin aşılanması, vətənə, dövlətə layiqli vətəndaş kimi yetişməsi istiqamətlərində müntəzəm olaraq işlərin görülməsinin vacibliyi vurğulanır.

Rafiq Quliyev və Abdurahman Əmirxanov "Özfəaliyyət teatr tamaşalarında qrim və geyimdən istifadə qaydaları" adlı metodiki tövsiyədə bədii tərtibat haqqında ümumi məlumat, qrimdən istifadə qaydaları və geyim tərtibatı haqqında anlayış vermişlər. Metodiki tövsiyə özfəaliyyət teatr kollektivlərinin fəaliyyətinə kömək məqsədi daşıyır.

Müəllif Aygün Balabəyova "Muzey və muzey tipli müəssisələrdə turistlərlə işin təşkili və ekskursiyaların aparılmasının əsasları" adlı metodiki tövsiyədə respublikamızda fəaliyyət göstərən muzey əməkdaşları üçün turist, turizm, ekskursiya anlayışları haqqında məlumat verir. Tövsiyədə turizmin təşkili, ekskursiyaların hazırlanması, eləcə də aparılması qaydaları və bu sahəyə dair lazımi təkliflər öz əksini tapmışdır.

Və nəhayət Vəfa Yuzbaşeva "Təsviri sənət metodikası" adlı həvəskar rəssamlar üçün tövsiyəsində gənc həvəskar rəssamların yaradıcılıq səviyyəsini artırmaq və onlarda təsviri sənət tarixinin inkşaf mərhələsi haqqında məlumat verib. Vəsaitdə təsviri sənətin janrları və onlara aid rəsm əsərlərinin işlənmə mərhələsinin fotoları təsvir olunmuşdur.

Hazırlanmış vəsaitlərin Rayon (şəhər) mədəniyyət və turizm şöbələrinə (idarələri) göndərilməsi ilə yanaşı yerlərdə təqdimatların aparılması da nəzərdə tutulmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə