Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə Astanada Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilib. SİA-nın Qazaxıstan və Orta Asiya üzrə bürosunun verdiyi məlimata görə, Türk Akademiyası və Azərbaycan səfirliyinin və Azərbaycan icmasının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunan anma mərasimi Qazaxıstanın ən nüfuzlu Sülh və Əmin-amanlıq Sarayında keçirilib.

Tədbirdə Macarıstan və Türkiyənin Qazaxıstandakı səfirləri, eləcə də Səudiyyə Ərəbistanı, İran, Ərəb Əmirlikləri, İsrail, Latviya və Ukraynanın yüksək səviyyəli diplomatları, İran, ABŞ, Rumıniya, Türkiyə, Polşa və Çinin hərbi attaşeləri iştirak ediblər. Bundan başqa beynəlxalq təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, diaspor fəalları və çoxsaylı jurnalistlər də mərasimə qatılıblar.
Əvvəlcə Xocalı faciəsindən, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitab sərgisinə baxış olub. Sərgidə Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəniyyət sahələrini əhatə edən nəşrlər də nümayiş olunub. Burada paylanılan buklet və jurnallarda illərdir Azərbaycanın ermənilər tərəfindən məruz qaldığı təcavüzkar siyasət, 20 faiz torpaqlarımızın işğal edilməsi faktları öz əksini tapıb. Tədbir üçün xüsusi hazırlanan banerlər vasitəsilə diplomatlar, xarici jurnalistlər Xocalı faicəsi qurbanlarını əks etdirən dəhşətli statistika və digər məlumatlarla tanış olmaq imkanı əldə etdilər.

Tədbirə qatılan onlarla insan Xocalıda amansızcasına qətlə yetirilən azərbaycanlıların xatirəsinə ehtiramlarını bildiriblər. Foyedə yaradılan kompozisiya önündə gül dəstələri düzüblər. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Türk Akademiyasının prezidenti Dərxan Xıdıralı tədbiri açıq elan edərək vurğulayıb ki, Xocalı faciəsinin törədilməsi nəinki yerli sakinlərə qarşı, eləcə də bütün türk dünyasına, bəşəriyyətə ünvanlanan soyqırım aktıdır.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov isə faciənin tarixindən, baş vermə səbəblərindən söhbət açıb, bir gecədə Xocalı sakinlərinin qəddarlıqla qətlə yetirildiyini bildirib. Diplomat çıxışında qeyd edib ki, Ermənilər bir gecədə yüzlərlə günahsız insanı - qocaları, qadınları, uşaqları qətlə yetirib, meyitlərin üzərində xüsusi vəhşiliklər törədib, mindən çox Xocalı sakinini əsir götürüb, səkkiz ailəni tamamilə məhv ediblər. Diplomat Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüş "Xocalıya ədalət!" kampaniyası və bu istiqamətdə dünya ölkələrində həyata keçirilən layihələr barədə geniş məlumat verib.
Tədbirdə bu müdhiş gecənin bütün dünyada yayılması məqsədilə Qazaxıstanın informasiya məkanında yaradılan www.xocali.kz saytının təqdimatı keçirilib. Burada qonaqlara saytın ayrı-ayrı bölmələri haqqında geniş məlumat verilib. Sonra Qazaxıstanın tanınmış elm xadimi, fəlsəfə elmləri doktoru, professor Qarifolla Esim faciə günahkarlarının, təşkilatçılarının və icraçılarının layiqli cəzalarını alacaqlarını vurğulayıb, şəhidlərin qanının yerdə qalmayacağını, onların əziz xatirəsinin həmişə yad ediləcəyi bildirib. İşğalçı Ermənistanın terrorçuluq siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Beynəlxalq hüquq normalarına, BMT və ATƏT-in prinsiplərinə görə dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir. Ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir, heç bir cinayət cəzasız qalmadığı kimi, Azərbaycan xalqına qarşı olan bu cür əməlləri törədənlər də gec-tez öz layiqli cəzalarını almalıdırlar.
Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Vidadi Salahov da qeyd edib ki, faciə beynəlxalq hüquq müdafiə təşkilatları və dünya mətbuatının nümayəndələri tərəfindən sənədləşdirilib, XX əsrin ən dəhşətli faciələrindən hesab edilən Xocalı soyqırımını artıq bir neçə dövlət tərəfindən tanınıb. Tədbirdə Xocalı faciəsinə həsr olunmuş "Xocalıya ədalət" adlı sənədli film nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB