Emin Əliyev: "Azərbaycan hüquqi dövlət olduğu üçün bank-vətəndaş məsələlərinin həlli qanun çərçivəsində, məhkəmədə tənzimlənməlidir"
Azərbaycanda manatın dollara nisbətən ucuzlaşmasından sonra insanlar müvəqqəti də olsa bir qədər maddi və mənəvi baxımdan əziyyət çəkməyə başladı. Düzdür, Azərbaycan dövləti vətəndaşlarının düşdüyü vəziyyəti nəzərə alaraq pensiyaların və müavinətlərin artırılması barədə qərar verdi. Eləcə də bazarda qiymətlərin stabil qalması üçün müvafiq addımlar atdı. Amma insanları əzən, problemlər məngənəsində sıxan bank kreditləri var ki, bundan qurtulmağın yolu görünmür. Çünki banklar qazanclarından əmanətçilərin xeyrinə bir qəpik də olsun imtina etmək fikrində deyillər. Əksinə, əvvəlki dövrlə müqayisədə bu gün əmanətçilərə qarşı daha aqressiv və təhdid dilində danışırlar. Redaksiyamıza daxil olan şikayət məktublarına əsasən demək olar ki, bəzi banklar faizləri gecikdirən müştərilərini hədələyir, onları həbs etdirəcəkləri ilə təhdid edirlər. Təbii ki, bütün bunlar qanunvericiliyin tələblərinə ziddir. Hədə-qorxu gəlmək cinayət məsuliyyəti yaradır. "Unibank" kimi banklar kiməsə, nəyəsə arxalandıqlarından qanunların sərtliyindən narahat olmurlar. Bu da, nəticədə konfliktlərin dərinləşməsinə gətirib çıxarır. Zəif, iradəsiz insanlar bankların təhdidindən dözümsüzlük nümayiş etdirərək özlərini yandırır və ya hündür mərtəbəli binalardan atmaqla intihar edirlər. Məlumatlara əsasən demək olar ki, ümumilikdə yalnız son aylarda 20-yə yaxın insan bank kreditlərini verə bilmədiklərindən intihar ediblər. Bu statistikaya ailədaxili münaqişələrin nəticəsi olaraq boşananların sayını, krediti verə bilmədiklərindən çıxış yolunu ölkəni tərk etməkdə olanları da əlavə etsək, deməli, yüzlərlə, minlərlə insan bankların qurbanına çevrilirlər.
Problemli kreditlərin həcmi 7,1 milyarda çatır
Son devalvasiyadan sonra aparılan araşdırmalar göstərir ki, ümumilikdə ölkə üzrə borc alanların sayı 229 min 184 nəfər artaraq 2 milyon 545 min 724 nəfərə çatıb. Problemli kreditlərin həcmi isə 7,1 milyard manatdır. Məlumatlara onu da əlavə etmək olar ki, bir banka borcunu ödəyə bilməyən müştəri ikinciyə, üçüncüyə, hətta dördüncüyə müraciət etməli olur. Problem öz həllini tapmadıqda, insanlar bəzən qohumları vasitəsilə kredit almağa cəhdlər göstərirlər. Bu da, ümumilikdə yalnız bir ailənin deyil, nəslin belə bankların girovuna çevrilməsinə gətirib çıxarır. Mərkəzi Bankın açıqladığı rəsmi məlumata görə, 1 milyondan çox insan zamin statusu ilə banklara borcludurlar. Bütün bunlar son olaraq onu deməyə əsas verir ki, ölkə üzrə hər 4 nəfərdən biri bankların müştərisidir. Prinsip etibarilə banklardan kredit almaq qəbahətli sayıla bilməz, heç faciə də deyil. Sadəcə, yetər ki, kreditlər aşağı faizlə və güzəştlərlə verilsin. Məsələn, bəzi Avropa ölkələrində, eləcə də Amerika Birləşmiş Ştatlarında kreditlər əhaliyə çox aşağı faizlə verilir. İnsanlar əllərində olan kapitalı daha effektli sahələrə xərcləmək üçün saxlayır və digər problemlərini həll etmək üçün banklardan kredit götürürlər. Sözügedən ölkələrdə kredit faizləri 3-5 faiz arasında dəyişirsə, Azərbaycanda bu, az qala 25-30 faiz həcmindədir. Azərbaycanda insanlar daşınmaz əmlaklarını banklarda girov qoyur və qarşılıqlı imzalanan müqavilələrə nəzər yetirmədən kredit götürürlər. Sonradan kreditin ödənilməsində gecikmələr yaranan zaman banklar prosesin süni olaraq uzadılmasında maraqlı olurlar. Səbəb də kreditorun banka girov qoyduğu əmlakı ələ keçirməkdir. Demək olar ki, qısa müddətdə işbaz rolunda çıxış edən banklar göz dikdikləri əmlakı ələ keçirirlər. Diqqətçəkən məqam ondan ibarətdir ki, insanların banka girov qoyduğu mənzillər, avtomaşınlar və ya qiymətli qızıl-zinət əşyaları dəyərindən 60-70 faiz aşağı qiymətləndirilir. Yəni 100 min manat dəyərində olan mənzil "Unibank" kimi banklar tərəfindən 30-35 min manat dəyərində qiymətləndirilir. Müştəri də pula böyük ehtiyacı olduğundan bu dəyərləndirməyə əhəmiyyət verməyib, müqaviləni imzalayır. Gecikmədən 3 ay sonra isə bank məhkəmələrdə ki hakim dostları vasitəsilə mənzili ələ keçirirər. Dərhal da yaxın qohumlarına satırlar. Beləcə, bankın girovuna çevrilən müştəri müflis olur. Buna dözə bilməyən bəzi insanlar isə intihar edirlər. Bu baxımdan, bankları insan qatilləri adlandırmaq olar.
Maliyyə Ombudsmanı yaradıla bilərmi?
Bəzi ekspertlər bankların insanları aldatmalarının qarşısının alınması üçün Maliyyə Ombudsmanının yaradılmasının vacibliyini bildirirlər. Maliyyə Ombudsmanı insanlara pulsuz xidmət göstərməklə məhkəməyə qədər banklarla yaranan problemləri həll edir. İnsanların maliyyə hüquqlarını müdafiə etməyə hesablanan Ombudsman institutları Danimarka, Böyük Britaniya, Fransa, İsveç, İrlandiya, Rusiya və Qazaxıstanda fəaliyyət göstərirlər. Bu baxımdan sözügedən dövlətlərdə banklarla vətəndaşlar arasında problemlər demək olar ki, azdır. Azərbaycanda isə müştərilərin hüquqları tez-tez pozulur. Minlərlə kredit müştərilərinin taleyi havadan asılı vəziyyətdə qalıb. "Bankçılıq" və "İstehlak kreditləri" haqqında qanunlar demək olar ki, yalnız bankların maraqlarını müdafiə edirlər. Hüquqşünas Səməd Vəkilov deyir ki, bankların müştəriləri aldatmasının səbəbi ikincilərin maliyyə savadsızlığı ilə bağlıdır: "Müştəri bankla aralarında olan müqaviləni oxumadan imzalayır. Hətta bu xarici valyuta ilə bağlı kredit olsa belə, insanlar bunun fərqinə varmadan, "təki pulu alım" deyərək müqaviləni imzalayırlar. Bu da sonradan ciddi problemlərin yaranmasına gətirib çıxarır".
S.Vəkilovun sözlərinə görə bank əməkdaşlarının müştəriləri hədələməsi yolverilməzdir: "Banklar yalnız kreditorların xeyrinə olan addımlar atmalıdırlar. Məsələn, mobil telefonlarına zəng edə və ya elektron poçtlarına xəbərdarlıq məktubu ünvanlaya bilərlər. Müştəri krediti ödəməsə, bu halda götürülən məbləğə uyğun olaraq müştəriyə cərimə yazılır".
Hüquqşünas onu da bildirib ki, "Bankçılıq haqqında qanuna" və tərəflər arasında bağlanın müqaviləyə uyğun olaraq bank krediti ödəməkdən imtina edən müştərini məhkəməyə verə bilər. Məhkəmə qərarından sonra icra məmurları bankdan kredit götürən vətəndaşla məhkəmə qərarının icrası ilə bağlı söhbətlər aparır. Bütün bunlar Azərbaycan Respublikasının qanunvericiliyinə və qoşulduğu beynəlxalq konvensiyalara əsaslanmalıdır.
İqtisadçı-ekspert Emin Əliyev devalivasiyadan sonra bankların öz müştərilərinə güzəştlər etmələrinin zərurət olduğunu bildirdi: "Bu imtiyazlar həqiqi olmalı (bankların uzun müddət tətbiq etdikləri gizli faizlər, böyük cərimələr praktikasından kənar olmalıdır). Lakin müşahidə etdiyimiz o olur ki, son zamanlar əhalinin banklara borclu olduğları üçün sonuncular tərəfindən etik qaydalara uyğun gəlməyən danışıqlar, təhdidlər, banklar tərəfindən təhqirlər belə səsləndirilir".
İqtisadçı-ekspertin sözlərinə görə, Azərbaycan hüquqi dövlət olduğu üçün bank-vətəndaş məsələlərin həlli qanun çərçivəsində, məhkəmədə tənzimlənməlidir: "Vətəndaşı qoruyan bu müstəvi onun hüqüqlarını təmin edir. Bank vətəndaşı məhkəməyə verir və əslində, hər şey elə buradan başlayır. Bankın arqumentlərinə qarşı vətəndaş daha güclü arqumentlər gətirə bilər:
Vətəndaşın:
1. Başqa rayon məhkəməsində işə baxılmasını tələb hüququ var,
2. Hakimə etiraz hüququ var,
3. Məhkəmə katibinə etiraz hüququ var,
4. Faizlərin hesablanması üçün ekspertiza tələb etmək hüququ var,
5.Müqavilədə imzasızın ekspertiza olunması hüququ var,
6. Cərimələrin silinməsi hüququ var,
7. Avto-kreditlərdə tələbin avtomobilə yönəldilməsi hüququ var,
6. Apellyasiya Məhkəməsinə şikayət hüququ var,
7. Ali Məhkəməyə şikayət hüququ var,
8. Konstisuiya Məhkəməsinə şikayət hüququ var,
9. Müqavilənin etibarsız hesab edilməsi hüququ var.
Daha sonra icra mərhələsi başlayır. Böhranda vətəndaşı qorumağın üsullarından biri də vətəndaşa özünü müflis və bankrot elan etmək haqqının verilməsidir. Bu halda vətəndaş öhdəliklərindən azad olub yenidən öz həyatını qurmağa çalışacaq yeni bir səhifə aça biləcək. Bu olmasa, bank kreditləri üzrə məhkəmə qərarı vətəndaşı bundan sonra hələ 5-10 il təzyiq altında gərginlikdə saxlayacaq, onu çətin vəziyyətə salacaq. Yeni iş yeri tapsa belə yaxasını qurtara bilməyəcək və arzuolunmayan addımlar ata biləcək. Bu müstəvidə aşağıdakı təklifi də səsləndirmək olar ki, fiziki şəxslərin müflis elan edilməsi haqqında qanun qəbul edilsin. Beynəlxalq praktikada bu qanun artıq mövcuddur. Belə bir qanun Rusiyada 2015-ci ilin oktyabrından qüvvəyə minib".
"Unibank"ın əməkdaşı: "Ə, gəl pulunu ödə"
Bankların vətəndaşlarla təhdid dili ilə danışmasından şikayətçi olan çoxsaylı vətəndaşlardan biri də Rövşən Rəsulovdur. O, redaksiyamıza ünvanladığı şikayət məktubunda bildirir ki, "Unibank"dan götürdüyü krediti devalivasiyaya qədər vaxtı-vaxtında ödəyib və heç bir gecikdirmə olmayıb: "Maraqlıdır ki, həmin dövrə qədər bank mənə müştəri kimi müraciət edəndə, çox nəzakətlə davranır və digər təkliflərini SMS və yaxud zəng vasitəsi ilə bildirirdi. Lakin birinci və ininci devalivasiydan sonra krediti ödəmək şərtləri ağırlaşdığına görə gecikmələr baş verdi ki, bunun da səbəbi məlumdur. Bankın əməkdaşları mənə zəng edərək təhdid və bankın adına yaraşmayan tərzdə danışaraq kreditin dərhal ödənilməsini tələb edir. Hazırda məbləği ödəməyə 300 manat gücümün çatmadığını bank rəsmisinə bildirdim və o, telefonla danışığında mənə hədə-qorxu gəldi və təhqiramiz ifadələr işlətdi. "Ə, gəl pulunu ödə" deyə mənə xitab edən bank işçisinə xatırladanda ki, mobil telefonumda avtomatik səsyazıcı proqramım var və həmin səs yazısını müvafiq strukturlara təqdim edərək, şikayət edəcəm, o, mənə bildirdi ki, həmin səs yazısını da götürüb "Unibank"ın Nərimanov filialında Elvir adlı şəxsə yaxınlaşım. O, məni təhdid edib: "Səs yazını da götür gəl gözləyirəm".
Rövşən Rəsulov onu da qeyd edir ki, bankın məsul şəxsləri açıq-aşkar qeyri-qanuni şəkildə faizlə pul verən sələmçilərdən qətiyyən fərqlənmirlər.
Qeyd edək ki, şikayətçi bank işçisi ilə danışdığı audioyazını redaksiyamıza təqdim edib. Redaksiya isə qarşı tərəfin münasibətini öyrənmək və etik çərçivələrə əsaslanaraq, həmin səs yazısını yayımlamır. Əgər qarşı tərəf bunu istəsə, həmin audioyazını onlara təqdim edə bilərik.
"Unibank"ın qoluzorlu əməkdaşlarının təhdidi ilə üzləşən Qaradağ rayon Qobustan qəsəbəsinin sakini Rahil Həsənov da bankdan pul götürməsindən peşman olduğunu bildirir. Qeyd edir ki, krediti gecikdirdiyinə görə, "Unibank"ın özlərini idarə etməkdə çətinlik çəkən əməkdaşları ona zəng edərək təhqir edir, şərəf və ləyaqətini alçaldan ifadələr səsləndirirlər: "Xırda sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Dəfələrlə "Unibank"ın özlərini "problemlər şöbəsi"nin əməkdaşları kimi təqdim edən şəxsləri obyektimə hücum edərək, qapıları təpikləmiş, insanlar arasında məni təhqir etmişlər. Krediti ödəmək üçün onlardan vaxt istəsəm də, bu, mümkün olmayıb. Çarəsiz və çıxılmaz durumdayam. Kömək üçün kimə müraciət edəcəyimi bilmirəm. Çıxış yolumu intiharda görürəm. Əgər bu baş versə, bütün günah və səbəbkarlar "Unibank"ın əməkdaşları olacaq".
Yeri gəlmişkən, bir məsələni qeyd etmək lazımdır ki, qanunvericiliyə görə kreditlərin ödənilməsi üçün müştəriyə vaxt verilməlidir. Bu halda, cərimələr belə tətbiq olunmamalıdır. Ancaq şikayətçilərin də qeyd etdiyi kimi bəzi bankların, eləcə də "Unibank"ın kobud əməkdaşları bu qaydaları qəbul etmək istəmirlər. Bunun da səbəbini bank rəhbərliyinin tapşırığı ilə əlaqələndirirlər. Qısası, "balıq başdan iylənər" məsəli müştərilərinə acılar yaşatmaqla digər banklardan fərqlənən "Unibank" rəhbərliyindədir. Ancaq əminəm ki, bu özbaşınalıq və hərc-mərclik uzun çəkməyəcək. Hüquqi-demokratik dövlət quruculuğunda inamla irəliləyən Azərbaycanda bu cür özbaşınalıqlara son qoymaq üçün çox ciddi tədbirlər görüləcək. İnsanlara isə bir az da səbrli olmağı məsləhət görürük.
İ.ƏLİYEV
P.S. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB