Bu gün Gəncliyə Yardım Fondunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Xocalı soyqırımının XXIV ildönümünə həsr olunmuş "Müharibə uşaqların gözü ilə" mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və gənclərin iştirakı ilə toplantı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmet Tecim, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məslələr şöbəsinin əməkdaşı Rasim Mirzəyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, millət vəkili Adil Əliyev, Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat müşaviri Həmid Karadəniz, Tələbə Gənclər Təşkilatlarının nümayəndələri, tələbələr, valideyn və müəllimlər iştirak ediblər.
Tədbir açıq elan olunduqdan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra toplantı iştirakçıları tərəfindən Azərbaycan Dövlət Himni canlı olaraq səslənib. Xocalı soyqırımını əks etdirən videoçarx nümayiş etdirilib.
Çıxış edən qonaqlar tarix boyu erməni separatçıları və qəsbkarları tərəfindən xalqımıza qarşı törədilmiş və Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan saysız-hesabsız faciələri xatırladaraq, Xocalı soyqırımının bəşəriyyətdə insanlıq tarixinə yazılan ən qanlı faciələrdən biri olduğunu vurğulayıblar.
Sonda orta məktəb şagirdləri arasında "Müharibə uşaqların gözü ilə" mövzusunda keçirilən inşa yazı müsabiqəsində I, II, III və fərqlənmiş yerləri tutmuş iştirakçılar mükafatlandırılıblar. I yerə Qaradağ rayonu 139 saylı orta məktəbin şagirdi Rüfət Rəhimov, II yerə Nizami rayonu 10 saylı orta məktəbin şagirdi Məhrubə Abdullayeva, III yerə isə Binəqədi rayonu 182 saylı orta məktəbin şagirdi Nərmin İbrahimova layiq görülüblər. Qaliblərə diplomlar və hədiyyələr təqdim edilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB