Aqiyə Naxçıvanlı Oğuz Bilik evinin qonağı olub FOTO

Aqiyə Naxçıvanlı Oğuz Bilik evinin qonağı olub FOTO

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Oğuz rayonu üzrə Bilik Evində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı ilə Bilik Evi tələbələrinin, oğuzlu gənclərin, ziyalıların görüşü və millət vəkilinin ideya müəllifi olduğu "Heydər Əliyev: Mənəviyyat, Mənəvi dəyərlər, Mənəvi tərbiyə" kitabının təqdimat mərasimi keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Nərimanoğlu, Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Oğuz rayon Təhsil Şöbəsinin müdiri Elçin Kərimov, rayon ziyalıları, rayonun fəal gəncləri və Bilik Evinin tələbələri iştirak ediblər.

Öncə millət vəkili Bilik Evinin tədris otaqları, tələbələr üçün yaradılmış şəraitlə tanış olub, tələbələr və müəllimlərlə fikir mübadiləsi aparıb. Bilik Fondunun fəaliyyətini yaxından izlədiyini, Fondun həyata keçirdiyi bir çox layihələrlə yaxından tanış olduğunu, Oğuz rayonunda Bilik Evinin fəaliyyət göstərməsinin oğuzlu gənclər üçün faydalı olacağını bildirib: "Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun fəaliyyəti ilə tanışam. Yaxşı xatırlayıram, Azərbaycan Müəllimlər İnstitutuna rəhbərlik etdiyim dövrdə fond ilk əməkdaşlıq müqavilələrindən birini bizim institutla imzalamışdı. Fond tərəfindən çox mütərəqqi layihələr həyata keçirilir. Oğuz rayonunda Bilik Evinin fəaliyyət göstərməsi yerli gənclər üçün çox lazımlı və faydalıdır.

Oğuz rayonunda seçicilərlə, rayon sakinləri ilə müxtəlif görüşlər keçirsəm də, sırf gənclərlə ilk görüşümüzdür. Ümid edirəm ki, bundan sonra gənclərlə daha tez-tez görüşərək fikir mübadiləsi apara biləcəyik.".

Tanışlıqdan və millət vəkili ilə səmimi ünsiyyətdən sonra təqdimat mərasimini giriş sözü ilə açan Bilik Evinin direktoru Anar Məcidov, Bilik Evinə təşrif gətirdiyi üçün Aqiyə Naxçıvanlıya təşəkkürünü bildirib. Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Oğuz Bilik Evinin fəaliyyəti ilə bağlı millət vəkilinə ətraflı məlumat verib: "Həm müəllimlərimiz, həm də tələbələrimiz adından Aqiyə xanıma dərin təşəkkürümü bildirirəm. Aqiyə xanım oğuzlu gənclərin təhsilinə hər zaman diqqətlə yanaşıb, təhsildə fərqlənən gənclərimizə xüsusi qayğı göstərib. Məhz bunun sayəsində yuxarı sinif şagirdləri səylə ali məktəblərə hazırlaşır, yüksək nəticələr göstərməyə can atırlar."

Anar Məcidov Bilik Evinin tələbə və müəllimləri üçün bu görüşün önəmli və yaddaqalan olduğunu bildirərək, millət vəkilinin ideya müəllifi və elmi redaktoru olduğu "Heydər Əliyev: Mənəviyyat, Mənəvi dəyərlər, Mənəvi tərbiyə" kitabı barədə qonaqlara və tələbələrə məlumat verib.

Sonra Bilik Fondunun və Bilik Evinin fəaliyyəti ilə bağlı video-çarx nümayiş etdirilib.

Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Nərimanoğlu qonaqları salamladıqdan sonra Aqiyə xanımın fəaliyyətini uzun illərdi izlədiyini, həm millət vəkili, həm də rektor kimi gördüyü işlərin ziyalılar tərəfindən yüksək qiymətləndirildiyini bildirib: "Aqiyə xanımın fəaliyyəti ilə tanışlığım Sovet dövrünə təsadüf edir. O zamanlar bölgələrimizdə fəaliyyət göstərən ən fəal xanımların arasında onun da adı çəkilirdi. Onun rəhbərliyi ilə hazırlanan və ümummilli liderin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş kitabla tanışam. Hesab edirəm ki, ümummilli lider Heydər Əliyevin 1969-2003-cü illər arasındakı ideya və fikirlərinin sistemli şəkildə toplandığı "Heydər Əliyev: Mənəviyyat, Mənəvi dəyərlər, Mənəvi tərbiyə" kitabı sadəcə gənclər üçün deyil, ümummilli liderin irsini araşdıran alimlər, elmi və pedaqoji ictimaiyyət üçün də faydalıdır. Bu təqdimatın təşkil edilməsi Bilik Evinin tələbələri üçün çox yaddaqalan olacaq."

Tədbirdə həmçinin Oğuz rayon Təhsil Şöbəsinin müdiri Elçin Kərimov, İqtisad elmləri üzrə fəlsəfə doktoru Seyidməmməd Quliyev və rayon ziyalıları da çıxış edərək, Aqiyə Naxçıvanlının fəaliyyəti haqqında, təqdim olan kitabın faydaları və əhəmiyyəti haqqında danışıblar. Bildirilib ki, kitabda gənclərdə ləyaqət, qürur, vətənpərvərlik hissinin aşılanması, onlarda sosial və tarixi məsuliyyət hissinin inkişaf etdirilməsi məsələlərinə toxunulub. Vurğulanıb ki, kitab mənəvi dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Nəşrlə tanış olan hər kəs ulu öndər Heydər Əliyevin fikirlərindən, kəlamlarından bəhrələnə biləcək, dahi şəxsiyyətin milli mənəvi dəyərlərin qorunmasında necə mübarizə apardığının bir daha şahidi olacaq.

Sonra müəllif – Aqiyə Naxçıvanlı kitabın hazırlanma prosesi barədə qonaqlara məlumat verib: "Həm rəhbərlik etdiyim ali təhsil ocağında, həm də Milli Məclisdəki çıxışlarımda tez-tez ümummilli lider Heydər Əliyevin fikirlərinə müraciət edirəm. Gənclik illərimdən Heydər Əliyevin çıxışlarını mətbuatdan diqqətlə izləyir, onun lazımlı fikir və ideyalarını qeyd edib özüm üçün saxlayırdım. Düşündüm ki, bu qeydlər ictimaiyyət üçün vacib mənbə ola bilər. Gənclərdən ibarət bir heyətlə kitabın hazırlanmasına start verdik və bu gün təqdimatına toplaşdığımız kitab ərsəyə gəldi."

Millət vəkili çıxışını bitirdikdən sonra "Bilik Evi" tələbələrinin verdiyi "Müasir gəncliyin mənəvi dəyərlərə münasibəti və mənəvi tərbiyəsi sizi qane edirmi?", "Sizcə daha böyük uğurlar qazanmaq üçün Azərbaycan gəncliyi hansı sahələrə üstünlük verməlidir?", "Bundan sonrakı fəaliyyətinizdə Oğuz gənclərinə hansı formada qayğı göstərməyi düşünürsünüz?" və s. sualları ətraflı şəkildə cavablandıraraq tədbirdə iştirak edən tələbələrə dəyərli məsləhətlər vermiş, onlara bütün işlərində dözümlülük, əzmkarlıq nümayiş etdirməyi tövsiyə etmişdir.

Millət vəkilinin təhsil, məşğulluq, turizm, elm, mənəviyyat barədə söhbətləri qonaqlar tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda Millət vəkili görüşdən razı qaldığını bildirərək, tələbələr və ziyalılarla xatirə şəkli çəkdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə