Xocalı soyqırımı qurbanlarının xatirəsi Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayonunda yad olunub. SİA-nın məlumatına görə, Bolnisi Mədəniyyət Mərkəzində keçirilən tədbirdə səfirliyin əməkdaşları, rayon ziyalıları, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mədəniyyət Mərkəzinin sədri Əlixan Yahyaoğlu Xocalı soyqırımının baş vermə səbəbləri, acı nəticələri barədə məlumat verib. Bildirib ki, Xocalı faciəsi ilə əlaqədar rayonun Azərbaycan dilli məktəblərində də tədbirlər keçiriləcək. Şəhidlərimizin xatirəsi nəsillərimizin xatirəsində daim yaşayacaq.
Azərbaycanın Gürcüstandakı səfirinin müavini Dursun Həsənov deyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlayan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilir.
Azərbaycan və gürcü xalqlarının nümayəndələrinin bu cür tədbirlərdə iştirakının vacibliyini vurğulayan diplomat deyib ki, dünyanın 10-dan artıq ölkəsi, ABŞ-ın 20 ştatı Xocalı soyqırımını tanıyıb. Diplomat anım tədbirlərinin Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları bütün bölgələrdə keçiriləcəyini bildirib.
Digər çıxış edənlər 1992-ci il fevralın 26-da Xocalı şəhərində törədilmiş faciədən ürək ağrısı ilə danışıblar. Bildirilib ki, qoca, qadın, uşaq, bir sözlə bütün yerli sakinlər öldürülürsə, bu, yalnız bir xalqın soyqırımı adlandırılmalıdır. Bunu başqa sözlə əvəz etmək olmaz.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB