Beynəlxalq Ana Dili günü Suraxanıda qeyd olundu FOTOLAR

Beynəlxalq Ana Dili günü Suraxanıda qeyd olundu FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Qadınlar Şurasının və 279 saylı orta məktəbin təşkilatçılığı ilə Milli varlığımızın ifadəsi – Ana dili gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva, Bakı şəhəri üzrə Təhsil İdarəsi Xətai-Suraxanı metodbirləşməsi üzrə Yeni Azərbaycan Partiyası ərazi ilk partiya təşkilatının sədri, şair Məmməd Tahir, 275 saylı orta məktəbin direktoru, YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının İdarə heyətinin üzvü , – Elmira İsmayılova, məktəbin müəllim və şagird heyəti iştirak edib.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qonaqları salamlayaraq hər kəsi Beynəlxalq Ana Dili Günü münasibətilə təbrik edib. Beynəlxalq Ana Dili Gününün tarixi köklərinə nəzər salan V. Seyidov söyləyib ki, 1952-ci ildən başlayaraq hər il bütün xalqlar bu günü qeyd edir: "Hər bir tarixi günün qeyd olunması hansısa hadisə və mahiyyətlə bağlıdır. 21 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-i məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili günü adlandırılması haqqında müraciət ediblər. Birləşmiş Millətlər Təşkilatı (BMT) 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-i Beynəlxalq Ana dili günü elan edib. Hər il bütün xalqlar bu günü qeyd etməklə öz doğma dilinin varlığını hiss etdirir, onun gözəlliyi və zənginliyini tərənnüm edir, gələcək nəsillərə qorunub saxlanması istiqamətində təbliğat aparır".

Daha sonra çıxış edən YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva söyləyib ki, Azərbaycan dilinin dövlət dili statusu qazanması qürur gətirən tarixi hadisədir: "Bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə dilimizin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş, "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm" deyən Ümummilli Lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, Ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" və "Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında" sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür".

Söz alan 275 saylı orta məktəbin direktoru, YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının İdarə heyətinin üzvü Elmira İsmayılova isə qeyd edib ki, Azərbaycan dili əsrlər boyu inkişaf edərək zamanlardan süzülə-süzülə gəlib, kamil bir dilə çevrilib: "Bu incə və lətafətli dil bütün dövrlərdə öz gözəlliyi və şirinliyi ilə dünya dillərinə meydan oxuyub. Bir çox tanınmış sənətkarlar bu dilin gözəlliyini duyaraq onu öyrənmək həvəsində olublar. Ana dilimizi qorumaq, inkişaf etdirmək bizim də borcumuzdur".

Tədbirdə Suraxanı rayon məktəblilərinin ifasında kompazisiya təqdim olunub.

Sonda məktəblilər arasında keçirilən "Mənim doğma Ana dilim" adlı inşa yazı müsabiqəsinin qalibləri YAP Suraxanı rayon təşkilatı tərəfindən mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə