ADU-da “Azərbaycanda multikulturalizm” adlı seminar keçirilib

ADU-da “Azərbaycanda multikulturalizm” adlı seminar keçirilib

Fevralın 18-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsi və ADU TGT-nin "Tələbə Diplomat" klubunun birgə təşkilatçılığı ilə "Azərbaycanda multikulturalizm"adlı seminar keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, seminarda Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev "Multikulturalizm hadisəsi. Özündə nəyi ehtiva etməlidir?" adlı təqdimatla çıxış edib.

Mövzu ilə bağlı çıxışı zamanı Anar Nağıyev Prezident İlham Əliyevin "Multikulturalizmin alternativi yoxdur" sözünü xatırladaraq ölkədə 2014-cü ilin fevralında müşavirlik, həmin ilin may ayında isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığını, 2016-cı ilin "Multikulturalizm ili" elan edildiyini bildirib. Multikulturalizm hadisəsinin əhəmiyyətindən danışan Anar Nağıyev multikulturalizm konsepsiyasının əsas qayəsini demoqrafik, siyasi, ideoloji prizmaların təşkil etdiyini diqqətə çatdırıb. Dünya əhalisinin statistikası ilə bağlı məlumatları nəzərə çatdıran A.Nağıyev liberalizmin azadlıq, qanun və inkişaf, güclü vətəndaş, sülh, bərabərlik sözlərində izahını verib. Dini qruplar, fərqli mədəniyyətlər, müxtəlif dillər, maddi və mənəvi irs, etnik qruplar haqqında danışan A.Nağıyev vahid dəyərlər kompleksi: Azərbaycançılıq məfkurəsindən bəhs etdi. Azərbaycanda yaşayan 10 mliyona yaxın əhalinin böyük əksəriyyətinin müsəlman olduğunu, 21 qeyri-müsəlman icmalarının qeydiyyatdan keçdiyini, 12 ortdoks və katolik kilsənin, 6 sinaqoqun mövcud olduğunu söyləyən A.Nağıyev bununla yanaşı, Dağlıq Qarabağın hələ də işğal altında olduğunu vurğulayıb. O, multikulturalist cəmiyyətdə mədəni və dini fərqlilik, milli identiklik, milli dövlət quruculuğu, demokratik konsolidasiya, regional sülh və əməkdaşlıq haqqında məlumat verib.

Anar Nağıyev Azərbaycanda mutikulturalist cəmiyyətin nümunəsi kimi mədəni bərabərliyin təmin edildiyini, müxtəlif mədəniyyətlərin tarixi irsinin qorunması və inkişafına şərait yaradıldığını, ümumi mədəni mühit və qanunvericilik bazasının formalaşdığını, təhsildə, o cümlədən sosial və iqtisadi sahələrdə də bərabər imkanların təmin edildiyini söyləyib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, ADU-nun Ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədov multikulturalizmin yaranması tarixindən danışıb. O, multikulturalizmin ölkə çərçivəsində müxtəlif etnik qrupların, mədəniyyətlərin, dillərin arasında harmonik ünsiyyət olduğunu bildirib. Azərbaycanın çoxəsrlik multikulturalizm, tolerantlıq və dözümlülük ənənələrinə malik olduğunu deyən A.Məmmədov qeyd edib ki, multikulturalizm Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu məsələyə xüsusi diqqət ayırılır.

Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva, Sosial elmlər kafedrasının dosentləri Asif Abbasov və Qorxmaz Mustafayev universitetdə multikulturalizmin mənimsədilməsi ilə bağlı fənnlərin tədrisinin yüksək səviyyədə həyata keçirildiyini söylədilər və Azərbaycanda multikulturalizmin yaranması, formalaşması haqqında fikirlərini bölüşüblər.

Seminarın davamında fikir mübadiləsi aparılıb, tələbələri maraqlandıran suallar cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə