“Beynəlxalq Ana Dili Günü və Multikulturalizm”

“Beynəlxalq Ana Dili Günü və Multikulturalizm”

Bu gün Xətai rayonunda yerləşən 56 nömrəli orta məktəbdə Multikulturalizm ilinə həsr edilən "Beynəlxalq Ana Dili Günü və Multikulturalizm" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov, rayon təhsil şöbəsinin nümayəndələri, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə məktəbin direktoru Hicran Qarayeva çıxış edərək Beynəlxalq Ana Dili Gününün qeyd olunmasının tarixindən danışıb. H.Qarayeva diqqətə çatdırıb ki, Beynəlxalq Ana Dili Günü 1999-cu ildə UNESCO-nun baş konfransında elan olunub və 2000-ci ilin fevralından etibarən hər il mədəni müxtəliflik, o cümlədən çoxdilliliyi təbliğ etmək üçün keçirilir: "Dil cəmiyyətin ən dəyərli mənəvi sərvətidir. Hər bir xalqın inkişafı, həyatı, mübarizəsi onun dili ilə sıx bağlıdır. Dilimizin zənginləşdirilməsi və inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətləri misilsizdir"

Hicran Qarayeva əlavə edib ki, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi ölkəmizdə yaşayan dini azlıqların dilinin, dininin və mədəniyyətinin inkişafına dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini bir daha sübut etmiş oldu. Sevindirici haldır ki, ölkəmizdəki tolerantlıq mühiti bu gün dünyaya nümunə göstərilir.

Tədbirdə məktəblilərin ifasında ana dilimizin gözəlliyini tərənnüm edən şeirlər səsləndirilib, mahnılar oxunub, ədəbi-bədii kompozisiyalar təqdim edilib.

Sonda çıxış edən millət vəkili, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov bildirib ki, dil ünsiyyət vasitəsi olmaqla yanaşı, həm də xalqın milli sərvəti, qan yaddaşıdır: "Hər il keçirilən bu cür tədbirlər gənc nəslə dilimizin müqəddəsliyini bir daha xatırladır, onunla qürur hissi duymağımıza bir daha zəmin yaradır".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə