Transxəzər dəhlizinə alternativ gözlənilmir

Transxəzər dəhlizinə alternativ gözlənilmir

Transxəzər tranzit dəhlizinə yaxın 10 ildə alternativ gözlənilmir. SİA xəbər verir ki, bu fikir Xəzər Strateji İnstitutunun keçirdiyi mətbuat konfransında səslənib.

Tədbirdə bildirilib ki, Transxəzər tranzit dəhlizinə yaxın on ildə başqa alternativ gözlənilmir. Aparılan illik araşdırılmalara görə, bu dəhliz təkcə region üçün deyil, bütövlükdə Avropa və Asiya qitələri üçün arterial nəqliyyat damarıdır. Ona görə də Transxəzər nəqlıyyat dəhlizinə maraq ilbəil artır. Bu təklifləri qarşılamaq üçün Azərbaycan hökuməti davamlı tədbirlər həyata keçirir. Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan layihələrinin icrası da bu zərurətdən irəli gəlib. Hazırda Ələt qəsəbəsində beynəlxalq tələblərə cavab verən ticarət limanının tikintisi davam etdirilir.

Xəzər Strateji İnstitutunun strategiya və siyasət məsələləri üzrə koordinatoru Ruçan Kaya bildirib ki, Türkiyə, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanın qarşılıqlı ticarəti bu ölkələrin ümumi ticarət dövriyyəsinin 5 faizini təşkil edir. Türkiyə Azərbaycana ildə 2,9 milyard dollar həcmində məhsul ixrac edir. Azərbaycandan Türkiyəyə idxal isə o qədər yüksək deyil. Türkiyənin bu ölkələr arasında ən çox mal idxal etdiyi ölkə Qazaxıstandır. Hazırda Türkiyənin Çinlə ticarət dövriyyəsi ildə 24 milyard dollar təşkil edir və 2020-ci ildə bu göstəricinin 100 milyard dollara çatması gözlənilir. Bu ticarətdə "Xəzər Tranzit Dəhlizi" ilə daşınma daha qısa müddətdə və ucuz həyata keçirilə bilər. Bu dəhliz tranzit yolu üzərindəki ölkələrin iqtisadiyyatının şaxələndirilməsində önəmli rol oynaya bilər.

R.Kayanın fikrincə Azərbaycan Qazaxıstan və Türkmənistanla müqayisədə infrastruktur və liman layihələrini bitirən tək ölkədir. Onun sözlərinə görə, Qazaxıstan və Türkmənistan da infrastruktur layihələrini tamamladıqda həm Xəzərdən keçid asanlaşacaq, həm də Türkiyə və Avropanın Çinlə ticarətində Xəzər üzərindən tranzitin payı artacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə