Millət vəkili: "Xocalı faciəsini auditoriyaya emosianal formada çatdırmalıyıq"
"Xocalı soyqırımını törədənlərin cəzalandırılması hər bir azərbaycanlının arzusudur. Hər birimiz bunun üçün mübarizə aprmalıyıq". Bu sözləri millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov Milli Məclisdə "Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində" mövzusunda ictimai müzakirə zamanı deyib.
O qeyd edib ki, Xocalı faciəsini törədələrin cəzalandırılması üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100-cü maddəsindən başqa konkret hüququ mexanizm yoxdur: "Əgər mexanizm yoxdursa, bunu yaratmaq lazımdır. Gerçəklik bizə diqtə edir ki, bunu bir neçə mərhələdə etməliyik. Hüquq konkret, hüquq daşıyıcısı subyektiv kateqoriyadır. Biz hüquqla deyil, hüquq yaradanlar və ya hüququ icra edənlərlə işləməliyik. Bunun üçün də Azərbaycan dövləti xüsusi siyasət həyata keçirir, hüquqi-siyasi, hüquqi-diplomatik istiqamətdə işlər görülür".
Millət vəkilinin sözlərinə görə, təcrübə göstərir ki, gün ərzində qəbul edilən statistik informasiyanın bir neçə ildən sonra şüuraltı yaddaşda cəmi 3 faizi toplanır: "Növbəti mərhələdə qərarlar qəbul edilərkən baza kimi o 3 faizdən istifadə olunur. Ancaq emosional və hissi informasiya şüuraltı yaddaşda 50 faizdən çox qalır. Ona görə, Xocalı faciəsini auditoriyaya hissi və emosional formada çatdırmalıyıq. Hesab edirəm ki, bu istiqamətdə Azərbaycan ədəbiyyatı və kino sənayesinin üzərinə böyük vəzifələr düşür. Yazarlarımız və kino sənayesi mütəxəssisləri Xocalı faciəsini statistik deyil, obrazın, məhəbbət mövzusunun timsalında çatdırmalıdırlar".
H. Məmmədov əlavə edib ki, xaricdə Xocalı faciəsi ilə bağlı tədbirlər zamanı auditoriyanı düzgün seçmək lazımdır: "QHT-lər başqa ölkələrdə Xocalı faciəsi ilə bağlı tədbirlər keçirirlər. Oradakı auditoriyaya diqqət etmək lazımdır. Bu auditoriyalar əksər hallarda azərbaycanlılardan ibarət olur. Yaxşı olar ki, xarici ölkələrdə keçirilən tədbirlərdə o ölkənin hüquqi camiəsində, siyasi elitasında söz sahibi olan insanlar iştirak etsinlər".
Millət vəkili bildirib ki, Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa edəndən sonra Xocalı faciəsini törədənlərə ən böyük cəzanı verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB