"Ər və yaxud arvadın qələbəsi ailənin məğlubiyyəti deməkdir"
Ailənin məhvi yoxsa... ARAŞDIRMA

Son illər ölkəmizdə dağılan ailələrin sayı durmadan artır. Kimi ailəsinin dağılmasında qadınını, kimisi isə kişini, digər biri isə kənar müdaxilələri səbəb olaraq göstərir. Cəmiyyətin özülünü təşkil edən ailə institutunun bu vəziyyətə gəlməsində səbəb nədir? Ailə qurmazdan öncə cütlüklər bir-birini yetərincə tanıya bilmirlər və yaxud da sevgiləri yetərli olmur? Artıq boşanma adi hala çevrilib desək, yanılmarıq. Hər gün hər saat ətrafımızda nə baş verdiyini bəzən anlamaqda belə çətinlik çəkirsən. Tarixən müqəddəs hesab olunan ailəni dəyərsizləşdirən səbəblər müxtəlifdir. Ailə qurub evdən ayrılan uşaqların həsrəti, evin kişisinin öz seksual tələbatlarını başqa yerdə ödəməsi ailədə problemlər meydana çıxarır. Ər və ya arvadın işdə həddən artıq olmaları, iqtisadi çətinliklər, ailə subyektlərinin hansınınsa işə düzələ bilməməsi, yaşayış üçün mənzilin olmaması və s. də ailədə problemlərin meydana çıxmasına səbəb olur. Ərlə-arvadın maraq və tələbatlarının üst-üstə düşməməsi də ailədaxili problemin səbəblərindəndir. Ailədə müxtəlif səbəblərdən baş verən mübahisə və münaqişələri ər-arvad heç zaman savaşa çevirməməlidir. Çox vaxt mübahisəyə səbəb gənclərin subay vaxtından qalma vərdişləri olur. Elə vərdişlər var ki, onlardan zərərsiz və asanlıqla tərgidilir, elə vərdişlər var ki, onları tərgizmək qeyri-mümkündür. Bəzi qadınlar "Əgər sən futbola gedirsənsə, siqaret çəkməyi tərgitmirsənsə, deməli, məni sevmirsən" deyirlər. "Ya sən tərgidəcəksən, ya da mən bu evdən gedəcəyəm". Məsələnin belə qoyulması qısa bir müddətdə münasibətlərin pisləşməsinə gətirib çıxarır.
İnsanlar birgə yaşamağı bacarmayanda ilk olaraq düşündüyü fikir ayrılıq olur. Hətta məhkəmə prosesini belə tezləşdirməyə çalışan ailələr əvvəlki kimi dözümlülük nümayiş etdirmirlər, ailəni qorumaq üçün demək olar ki, bir addım atmaqdan boyun qaçırırlar. Ötən il ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 63,1 min nikah və 11,7 min boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 7,2, boşanmaların sayı isə 1,3 təşkil edib. Bu rəqəmlər də cəmiyyətdə ciddi fəsadların olacağından xəbər verir. Elə ailələlər var ki, onlar 20, 30, hətta 35 il bir yerdə yaşayandan sonra boşanırlar. Ölkədə ən çox boşananlar 30-34 yaşında olan vətəndaşlardır. Bir ildə bu yaş arasında olanların təxminən 1550-dən artığı boşanıb. Daha sonra isə 35-39, 45-59, 55-59 və yaşı 60-ı ötən kişi və qadınlar ayrılmağa daha çox üstünlük veriblər. Bunlar sadəcə məsələnin rəsmi tərəfidir, qeyri-rəsmi olaraq dağılan ailələrin sayı isə daha çoxdur. Boşanmaların sayının artması narahatedici hal olduğundan məsələni araşdırmaq üçün mütəxəssislərə müraciət etdik. Mövzunun aktuallığını nəzərə alan müsahiblərimiz məsələyə bir neçə aspektdən yanaşdılar. Boşanmaların əsas səbəblərindən biri kimi mülkiyyət, həmçinin gənc ailələrin dözümsüz yanaşmalarını bildiriblər.

Yaxşı gənc vaxtı boşananlar səbrsizlik edirlər, dözmürlər. Bəs 30 ildən yuxarı bir yerdə yaşayandan sonra dağılan ailələr niyə dağılır? Nikahın ilk dövrlərində və ümumiyyətlə ər-arvad arasın­da konfliktlər nə səbəbə baş verir? Mütəxəssislər bu səbəbləri aşağıdakı ardıcıllıqla göstərirlər.

1. Ər-arvad münasibətlərində etik normaların (xəyanət, qısqanclıq) pozulması.

2. Bioloji uyğunsuzluq.

3. Ər-arvaddan birinin və ya hər ikisinin onları əhatə edən adamlarla (qohum, dost, tanış və s.) pis münasibətdə olması.

4. Həyata marağın və tələblərin uyğunsuzluğu.

5. Uşağa qarşı pedaqoji mövqeyin müxtəlifliyi.

6. Ər-arvaddan birində, bəzən isə hər ikisində şəxsi çatışmazlıqların olması.

7. Valideynlərlə uşaqlar arasında qarşılıqlı anlaşmanın olmaması.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı ailələrin dağılması zamanı ən çox əziyyət çəkən tərəfin uşaqlar olduğunu bildirib:

"Son günlər ailə münaqişə zəminində baş verən olaylarda uşaq ölümlərinə rast gəlinir ki, bunun da əsl səbəbi insanların psixoloji durumlarının yerində olmamasıdır. Bir ailə başçısı ailəsini idarə etməkdə çətinlik çəkirsə, o zaman uşağından bu heyfi niyə almalıdır ki? Baxın bu cür hadisələr cəmiyyyətə artıq bir mesajdır. O mesaj ki, maarifləndirməni gücləndirməliyik, qanun layihələrimizi dolğunlaşdırmalıyıq. Aidiyyatı qurumlar fərdi şəkildə ailələrin problemlərini dinləyib, nəticə çıxarmalıdır".

Deputat onu da əlavə edib ki, xarici ölkələrdə olduğu kimi, ölkəmizdə də ailə psixoloqları bu yöndə işlərini düzgün aparsalar, ailələrə olduqca böyük dəstək vermiş olarlar.

Vəkil Asif Abdullayev məhkəmə proseslərində ən çox rast gəldiyi iddialar arasında mülkiyyət bölgüsü, bir də ailədə uşaq varsa kimin yanında qalacağı üstünlük təşkil edir. Vəkil bildirib ki, qanunvericiliyə əsasən, ər-arvadın birgə nigah dövründə əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti hesab edilir:

"Nigah pozularkən, nigah dövründə əldə edilmiş əmlak bərabər paylarla bölünür. Ər-arvadın mülkiyyətini bir neçə kateqoriyaya bölmək olar : nigahdan əvvəl alınan, nigah dövründə alınan, uşağa aid əmlak, hədiyyə formasında əldə edilmiş əmlak. Ərin və ya arvadın nigahdan əvvəl malik olduqları əmlak. Bu əmlak nigah pozulduqdan sonra tərəflər arasında bölünmür. Nigahdan əvvəl kimə məxsus olubsa, onun mülkiyyətində də qalır. Lakin bu qaydadan müəyyən istisnalar var. Nigah dövründən əvvəl əldə edilmiş əmlaka, nigah dövründə ailə büdcəsindən xərc qoyulubsa və həmin əmlakın dəyəri artıbsa, belə olan halda, məhkəmə həmin əmlakı ər-arvadın ümumi mülkiyyəti hesab edə bilər. Misal üçün, nigaha daxiş olmamışdan əvvəl ərin özünə məxsus evi olub. Ümumi qaydada həmin ev boşanmadan sonra ərin özünə qalır, bölünmür. Lakin, nigah dövründə ailə büdcəsinin hesabına həmin ev əsaslı təmir edilib və nigahdan əvvəl evin dəyəri 50 min manat təşkil edirdisə, ailəlinin gəlirləri hesabına təmir edildikdən sonra, həmin evin dəyəri 80-100 min manat təşkil edir. Belə olan halda, məhkəmənin qətnaməsinə əsasən, həmin ev nigahdan əvvəl alınsa da, ər-arvadın ümumi mülkiyyəti hesab edilə bilər.

Nigah dövründə əldə edilmiş əmlak. Məlum məsələdir ki, birgə nigah dövründə əldə edilmiş əmlak bərabər şəkildə bölünür ər-arvad arasında. Nigah dövründə əldə edilmiş mənzil, avtomobil, qiymətli kağızlar, kredit idarələrinə və sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilir. Bu əmlak kateqoriyasına da bəzi istisnalar nəzərdə tutulub. Belə ki, fərdi istifadə əşyaları nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur (ziynət əşyaları istisna olmaqla). Uşağa aid əmlak. Bir qayda olaraq, uşağın tələbatını ödəmək üçün əldə olunan əşyalar (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşağ kimin yanında qalacaqsa, o valideynə verilir. Hədiyyə və vərəsəlik qaydasında əldə edilmiş əmlak. İstər nigahdan əvvəl, istərsə də nigah dövründə hədiyyə və ya vərəsəlik qaydasında əldə edilmiş əmlak bölünmür və kimə məxsusdursa, onun da mülkiyyətində qalır. Hədiyyə şəkilində əldə edimiş əmlak ərə və ya arvada bağışlanmış mənzil, hədiyyə verilmiş qızıl, avtomobil və sair əmlak ola bilər. Bu əmlak boşanma nəticəsində bölünmür. Uzun sürən əmlak mübahisəsinin qarşısını almaq üçün, nigah müqaviləsi imzalana bilər. Həmin müqavilədə ər və arvad əmlakları barədə özləri qaydalar müəyyən edirlər. Nigah müqaviləsi varsa, yuxarıda sadaladığım əmlak kateqoriyalarına şamil onunan qaydalar tətbiq edilmir. Yalnız nigah müqaviləsində müəyyən edilmiş qaydalar tətbiq edilir. Əlavə olaraq qeyd edirəm ki, nigah pozulandan sonra əmlak bölgüsü ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunvericilik 3 il vaxt müəyyən edilib".

Asif Abdullayev həmçinin boşanma zamanı uşağın kiminlə qalması məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, uşağın atanın və yaxud da ananın yanında qalacağı valideynlərin razılığına əsasən müəyyən edilir: "Əgər razılıq əldə edilməsə, bu məsələ məhkəmə qaydasında həll edilir. Hər bir halda, boşanma məsələsinə baxan məhkəmə, yekun qərar qəbul edərkən, uşağın kiminlə qalması məsələsini həll etməli və bunu qətnamənin nəticəvi hissəsində əks etdirməlidir. Əgər kişi ananın valideynlik hüququndan məhrum edilməsi üçün məhkəməyə müraciət edibsə, bunun üçün ailə qanunvericiliyində müəyyən əsaslar nəzərdə tutub. Bunlara aiddir : valideynlik vəzifələrini yerinə yetirməməsi, alimentin qəsdən ödənilməməsi (əgər ana aliment ödəyirsə), uşağı doğum evində atıb getdikdə, xroniki alkoqol və narkomaniya xəstəsidirsə və sair hallar".

Göründüyü kimi bütün hallarda cütlüklər ailələrini qorumağa çalışmalıdırlar. Ər-arvad bir ailə təşkil etdiyindən hər hansı tərəfin qələbəsi ailənin məğlubiyyəti deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə