Nizami Səfərov: "Haaqa məhkəməsində Xocalı soyqırımını araşdıra biləcək hüquqi orqan yoxdur"

Nizami Səfərov: "Haaqa məhkəməsində Xocalı soyqırımını araşdıra biləcək hüquqi orqan yoxdur"

"Bəzən iddia edirlər ki, niyə Azərbaycan "Xocalı soyqırımı" ilə bağlı Haaqa beynəlxalq məhkəməsinə mürciət etmir və orada iş qaldırılmır. Azərbaycanın Haaqa məhkəməsinə müraciət edə bilməməsinə səbəb orada yerləşən məhkəmə sistemində sırf bu məsələ ilə bağlı müvafiq orqanın olmamasıdır". SİA-nın məlumatına görə, bunu Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov parlamentdə keçirilən "Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində" mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.

O bildirib ki, Haaqa məhkəməsində bir çox hadisələrlə bağlı məhkəmə fəaliyyət göstərsə də, təəssüf ki, Xocalı soyqırımını araşdıra biləcək hüquqi orqan yoxdur: "Orada bir nəfərin ölümü ilə bağlı məhkəmə orqanı var, amma belə kütləvi soyqırımı hadisəsi ilə bağlı yoxdur. Bu, beynəlxalq ikili standartların nəticəsidir".

N. Səfərov onu da deyib ki, Xocalı soyqırımı baş verən zaman Azərbaycan qanunvericiliyində soyqırımla bağlı müddəa nəzərdə tutulmayıb: "Bu, yalnız 1999-cu ildə Cinayət Məcəlləsində öz əksini tapdı. BMT-nin soyqırımı ilə bağlı müvafiq konvensiyalarını radifikasiya edərək, bunu Cinayət Məcəlləsinə köçürdük. Amma beynəlxalq hüquqi sənədlər imkan verir ki, hətta soyqırımı törədilən zaman milli qanunvericilikdə bu soyqırımı törədənin məsuliyyətə cəlb edilməsi ilə bağlı müddəa olmasa da, cinayət işi qaldırıla, məsuliyyətə cəlb oluna bilər".

Deputat Qüdrət Həsənquliyev isə etiraz olaraq bildirib ki, Xocalı soyqırımına Haaqa məhkəməsində indiyə kimi hüquqi qiymətin verilməsi ilə bağlı orqanın yaradılması çoxdan baş verməliydi: "Belə çıxır ki, biz gecikmişik. Məsələn, biz Haaqa məhkəməsində beynəlxalq cinayətlər ilə bağlı nizamnaməni radifikasiya etməliyik. Əgər biz bunu radifikasiya etmiriksə, Xocalı ilə bağlı necə huquqi müraciət edə bilərik?".

Bütün xəbərlər Facebook səhifəmizdə