Məktəblilərin Bakıda qardaşlaşması böyük maraq doğurdu

Məktəblilərin Bakıda qardaşlaşması böyük maraq doğurdu

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "Qardaşlaşmış məktəblər" layihəsi cəmiyyətdə böyük maraqla qarşılanıb. Bilik Fondundan SİA-ya verilən məlumata görə, layihədə Rusiya, Türkiyə və Azərbaycan məktəbliləri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, millət vəkili Sahibə Qafarova: "Prezident İlham Əliyev 2016-cı ili Multikulturalizm ili elan edib. Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsinin beynəlxalq arenaya çıxmasının məhz bu ilə təsadüf etməsi ikiqat böyük hadisədir. "Yay məktəbi" layihəsinin ardından Multikulturalizm Mərkəzinin və Bilik Fondunun həyata keçirdiyi "Qış məktəbi" layihəsi Azərbaycanın dünyadakı dostlarının sayını çoxaltmış oldu. Hər iki məktəbin iştirakçıları ölkəmizin tolerant mühiti, cənab Prezidentin sözləri ilə desək, azərbaycanlıların həyat tərzi olan multikultural əhvalı, ölkəmizin paytaxtı ilə yanaşı, bölgələrimiz barəsində geniş bilgilər əldə etdilər. Rusiya, Türkiyə, Bakı məktəbliləri bir-biri ilə ünsiyyət yaratdılar, xaricilər azərbaycanlı, azərbaycanlılar isə xarici həmyaşıdları ilə dostlaşdılar, qardaşlaşdılar. Azərbaycanın qonağı olan məktəblilər ölkəmiz barədə zəngin təəssürat aldılar. Onlar öz ölkələrində Azərbaycanın multikultural modelini nümunə kimi təqdim edəcək, təəssüratları dostları ilə bölüşəcəklər. Bu layihə xaricilərin Azərbaycana ola marağını, sevgiyə çevirəcək səviyyədə baş tutdu".

Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun direktoru, fəlsəfə doktoru Qulu Novruzov: "Rusiya, Türkiyə, Azərbaycan məktəblilərinin Bakıda bir araya gəlməsi, qardaşlıqlarını əks etdirən sənəd imzalamaları tarixi hadisədir. Dost və qonşu dövlətlərdən şagirdlərin ölkəmizə səfəri Multikulturalizm ilinə təsadüf etdi. Bütün sahələrdə olduğu kimi, Azərbaycan təhsilində də islahatlar aparılır. Ölkəmizdə qonaq olan şagirdlər və onların təhsil aldıqları məktəblərin rəhbərləri bütün bunları gözləri ilə gördülər, fikirləri ilə təsdiqlədilər. Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsinin daha geniş coğrafiyanı əhatə edəcəyinə şübhə etmirəm. Dünyanın gələcəyi sayılan məktəblilərin ölkəmiz barəsində gerçəklikləri daha dəqiq bilmələri vacibdir. Bu missiyanı şərəflə həyata keçirənlərə minnətdarlığımı bildirir və onlara gələcək fəaliyyətində uğurlar arzu edirəm".

Bakı və Azərbaycan yeparxiyasının baş keşişi Konstantin Ata: "Məni gənc nəsil arasında yaranan bu ünsiyyət sevindirir. Üç böyük dövlətin – Azərbaycan, Rusiya və Türkiyə məktəblilərinin görüşünün təşkil olunması çox gözəldir. İstərdim ki, gələcək layihələrinizdə Gürcüstan məktəbləri də yer alsın. Ən vacib olanı gənclərin təmasda olması, təcrübə, təəssüratların mübadiləsi, sevincin paylaşılmasıdır, bu, son dərəcə vacibdir. Düşünürəm ki, gələcəkdə bu ölkələr arasında qarşılıqlı əlaqələr davam edəcək. Çünki gənclər məktəb illərindən dostluğa başlasalar, bu, getdikcə xalqların, cəmiyyətlərin və dövlətlərin dostluğuna çevriləcək. Axı uşaqlıqda yaranan dostluq xatirələri bir ömür boyu öz təravətini saxlayır".

Millət vəkili Dilarə Cəbrayılova: Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu gənclərimizin şəxsi inkişafı və maariflənməsi, dünyagörüşünün formalaşması,milli-mənəvi dəyərlərin, dini dəyərlərin təbliğ edilməsi, humanitar biliklərin artması, müxtəlif millətlərin mədəniyyətlərinin inteqrasiyası istiqamətində bir çox tədbirlər həyata keçirməkdədir. Artıq bir neçə aydır ki, Nardaranda yerləşən 295 nömrəli tam orta məktəb Bilik Fondu ilə əməkdaşlıq edir. Biz bu əməkdaşlıqdan böyük məmnunluq duyuruq. Şagirdlərimiz "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində Rusiya, Türkiyə və Azərbaycan məktəblilərinin "Qardaşlaşma sazişi"nin imzalanması mərasimində iştirak ediblər. Sevinirəm ki, fərqli mədəniyyətlərə, adət-ənənələrə malik olan məktəblilərin arasında daha bir dostluq körpüsünün əsası məhz bizim dövlətimizdə qoyuldu. Bu günün məktəbliləri gələcəyin qurucuları, dövlət xadimləri, diplomatları, alimləri, mədəniyyət xadimləridir. Bu gün "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində məktəblilər arasında yaranan bu qardaşlıq körpüsü gələcəkdə fəaliyyət göstərəcəkləri sahələrə qədər uzanar. Dövlətimizdə həyata keçən bütün bu tədbirlər, bir daha onu göstərir ki, cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2016-cı ilin "Multikulturalizm ili" kimi elan edilməsi təsadüfü ideyanın təzahürü deyil, düşünülmüş, praqmatik və gələcək uğurların davamlılığını təmin etmək üçün atılan siyasi addımdır.

Nardaran qəsəbəsi, 130 nömrəli tam orta məktəbin direktoru Ağasəid Orucov: "Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2016-cı ili multikulturalizm ili elan etməsi ilə əlaqədar olaraq Bakı Mutikulturalizm Mərkəzinin keçirdiyi "Qardaşlaşmış məktəblər" layihəsinin Bakı Slavyan Universitetinin akt zalında keçirilən imzalanma mərasimi şəxsən məndə və həmən toplantıda iştirak edən məktəbimizin şagirdlərində böyük təəssüratlar yaratdı. Rusiya, Türkiyə və Azərbaycan məktəblilərinin iştirak etdikləri bu tədbir həqiqətən də Azərbaycanın bütün dünya ölkələri arasında multikulturalizmə böyük önəm verən bir ölkə olduğunu sübut etdi və möhtərəm prezidentimiz İlham Əliyevin multikulturalizm haqqında nikbin fikirlərinin həqiqətən gerçək olduğunu göstərdi".

Səbail rayonu 6 nömrəli tam orta məktəbin direktoru Gülşən Orucova: "Bizim məktəb beynəlxalq təhsil ocağıdır, adətən multikultralizmlə bağlı müxtəlif tədbirlərimiz olur. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2016-cı ili multikulturalizm ili elan etməsi ilə əlaqədar olaraq bu qəbilli tədbirlər mütəmadi xarakter aldı. Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsinin də beynəlxalq arenaya çıxmasını bu sahədə irəli doğru atılmış mütərəqqi addım kimi dəyərləndirmək olar. Bütün başqa tədbirlərin, rəsmi və siyasi görüşlərin fonunda uşaqların da qardaşlaşması, dostlaşması gələcəyə-irəliyə atılan növbəti addımdır. Bu addım bütün dünyaya sülh mesajı verdi".

Fevralın 13-dən 16-dək davam edən "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində Moskva şəhəri 1273 nömrəli ingilis dili təmayüllü məktəbin, Ankara şəhəri "Heydər Əliyev ilkokulu"nun, Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri arasında "Qardaşlaşma sazişi" imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə