Milli Məclisdə "Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində" mövzusunda ictimai müzakirə təşkil edilib. SİA-nın məlumatına görə, müzakirələrə parlemantin vitse-spikeri Bahar Muradova rəhbərlik edib. Tədbirdə Milli Məclisin komitə, komissiya sədr və müavinləri, deputatlar, dövlət orqanları, QHT nümayəndələri, alimlər iştirak ediblər.
Milli Məclisin sədr müavini Bahar Muradova çıxış edərək qeyd edib ki, insanlığın bir qismi "Xocalı soyqırımı"nı günün hadisəsi kimi qəbul edir, bir qismi yolverilməz olduğunu düşünür, əksəriyyəti isə görməzlikdən gəlirdi: "Bu faciənin ən ağrılı tərəfini təbii ki, Azərbaycan xalqı yaşadı. Çünki bu illər ərzində belə faciəni yaşamağa layiq olmadığımızı düşündük. Azərbaycan müstəqil dövlət kimi bu müddət ərzində bütün dünyaya öz sözünü layiqincə çatdıra bildi. Ona görə də özünə qarşı belə cinayəti qəbul etmədi və bundan sonra da etməyəcək. Çünki bu, nə insanlığa, nə bəşəriyyətə, nə də humanist adət-ənənələrə sığır".
Vitse-spiker bildirib ki, Azərbaycan dövləti keçən müddət ərzində həm hökumət, həm Parlament, həm də vətəndaş cəmiyyəti səviyyəsində Xocalı soyqırımı, eləcə də Dağlıq Qarabağ problemini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində hərtərəfli fəaliyyət göstərməyə çalışıb: "Hər il Xocalı soyqırımı ərəfəsində keçirilən tədbirlər daha da intensivləşir. Bu cinayəti törədənlərin ədalət məhkəməsi qarşısında dayanmasını tələb edirik. Gec-tez bu hadisənin baş verəcəyinə inanırıq. Ona görə də lazımi bütün addımları atırıq".
Bahar Muraova deyib ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələndən sonra beynəlxalq qurumlara ilk dəfə olaraq Xocalı soyqırımı ilə bağlı məktubla müraciət edilib: "1994-cü ildə bu faciə soyqırımı adlandırıldı. Qəbul edilən müvafiq sənədlərdən sonra bu məsələnin heç də ayrılıqda baş verən hadisə olmadığını, Azərbaycana qarşı erməni millətçilərinin dəyirmanına su tökən beynəlxalq dairələrin məqsədyönlü, ardıcıl, müəyyən hədəflərə söykənən fəaliyyətini, Xocalının da məhz bu fəaliyyətin ən dəhşətli nəticələrindən biri olduğunu sübut etdik. Azərbaycanın artan nüfuzu imkan verdi ki, bu məsələlər daha geniş miqyasda dünyanın bütün qitələrini əhatə etsin. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bu gün heç kəs inkar edə bilməz ki, Xocalı soyqırımı baş verməyib".
Milli Məclisin sədr müavini bildirib ki, Xocalı soyqırımının beynəlxalq hüquq müstəvisində indiyə kimi araşdırılmasına səy göstərilsə də, bu faciəyə hüquqi baxışlar hələ də Azərbaycanın istədiyi səviyyədə deyil.
Daha sonra dövlət orqanlarının nümayəndələri və deputatlar çıxış edib, Xocalı faciəsi haqqında fikirlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB