Bölgələrdə kadr çatışmazlığını yaradan SƏBƏBLƏR

Bölgələrdə kadr çatışmazlığını yaradan SƏBƏBLƏR

"Bölgədən seçilən millət vəkili kimi deyə bilərəm ki, həqiqətən də ucqar bölgələrdə bir çox sahələrdə kadr çatışmazlığı var". Bunu SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

Millət vəkili bildirib ki, bölgələrdə kadr çatışmazlığı obyektiv və subyektiv problemlər nəticəsində meydana gəlir: "Elə kəndlər var ki, bu günə qədər orada ingilis dili müəllimi, həkim yoxdur. Bölgələrdə fəhlənin işə götürülməsi belə mərkəzi qaydada aparılır. Yəni hər hansı bir işçi bölgədə işə düzəlmək istəyirsə, o mütləq şəkildə Bakıya gəlib həmin idarənin mərkəzi orqanına müraciət etməlidir. Bu qayda daha yaxşı və təcrübəli kadrların işə götürülməsi üçün müsbət hal ola bilər. Amma bölgələrdə məktəb direktoru və ya xəstəxananın baş həkiminin işçi götürə bilməməsi müəyyən çətinliklər yaradır. İşləmək istəyən şəxs ucqar dağ kəndlərindən Bakıya gəlməli, burada onun işə qəbul qaydaları ilə bağlı məsələyə baxılmalıdır. Lakin bu, bir dəfə ilə bitmir və işləmək istəyən şəxs bir neçə dəfə Bakıya gəlməlidir. Azərbaycanın ucqar bölgələri və kəndlərdəki mövcud iqtisadi sosial problemləri nəzərə alsaq, bunun onlar üçün çətin olduğunu görə bilərik. Baxırsan ki, kənddə laborant, kitabxanaçı, müəllim, hətta həkim də var, amma işə qəbul qaydalarının mürəkkəbliyi həmin şəxslərin işsizliyinə səbəb olur ki, bu da bölgələrdə kadr çatışmazlığına gətirib çıxarır. Digər tərəfdən də mərkəzi orqanların bu məsələləri nəzarətdə saxlamasının tərəfdarıyam. Çünki bir müddət bundan öncə, ölkədə saxta diplomlar aşkar olunmuşdu. Hətta Rusiyadan, Ukraynadan, Gürcüstandan və bir sıra ölkələrdən saxta diplomlar əldə edib, bölgələrdə işlə təmin olunurdular. O zaman bölgələrdə işə qəbul asanlıqla həyata keçirilirdi. Düşünürəm ki, mərkəzi orqanların bölgələrdə işə qəbulla bağlı səyyar görüşlər keçirməsi həmin şəxslərin işini asanlaşdıra bilər. Lazımi hallarda kəndlərə də getmək olar. Tələbat, istək, ehtiyac varsa, bunu etmək mümkündür".

Gənc kadrların bölgələrdə çalışması üçün onların sosial problemlərinin həllindən danışan M. İbrahimqızı vurğulayıb ki, gənclərin bölgələrdə ev və ya torpaq sahəsi ilə təmin olunması, sosial problemlərinin yaxşılaşdırılması ilə bağlı müəyyən güzəştlərin verilməsi məsələsi dəfələrlə parlamentdə müzakirə edilib: "Hətta bununla bağlı qanunvericilikdə bəzi məsələlər həll olunub. Lakin müəyyən subyektiv və obyektiv problemlərə görə, ucqar dağ kəndlərində, sərhədyanı bölgələrdə bütün sahələrdə kadr çatışmazlığı var. Ölkəmizdə qeyri-neft sektorunun daha da sürətli inkişaf etdirilməsi üçün bölgələrimizin vəziyyətini daha da yaxşılaşdırmalıyıq. İnsanların işləməsi, əhalinin hər cür xidmətdən keyfiyyətlə yararlanması üçün bu məsələlərə dəstək verməliyik. Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində bölgələrin sosial infrastruktur sahəsində böyük nailiyyətlər əldə olunub. Demək olar ki, bütün bölgələrdə yeni yollar salınıb, məktəblər, xəstəxanalar tikilib, stadionlar, kitabxanalar, gənclər mərkəzləri istifadəyə verilib. Bölgələrimizin inkişafı ilə bağlı Ölkə Prezidenti tərəfindən mühüm sənədlər imzalanıb, proqramlar qəbul olunub. 10 il bundan öncə bölgələrimizdə çox böyük problemlər var idi. Amma bu gün bölgələrimizi tanımaq belə olmur. Gözəl bir şəraitin yaradıldığı vaxtda, kadrların işə qəbulu ilə bağlı müəyyən problemlərin olması urbanizasiya prosesinin sürətlənməsinə gətirib çıxarıb".

Bütün xəbərlər Facebook səhifəmizdə