Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016" adlı Beynəlxalq Multikulturalizm qış məktəbinin yekunları ilə əlaqədar fevralın 15-də mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, mətbuat konfransında bildirilib ki, Beynəlxalq Multikulturalizm qış məktəbində Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya və Almaniyanın ali təhsil ocaqlarından 43, Azərbaycanın yerli universitetlərindən 12 nəfər olmaqla, ümumilikdə 55 tələbə, eləcə də yerli və xarici mütəxəssislər iştirak ediblər.
Qeyd edilib ki, Bakı Slavyan Universitetində açılışı olan qış məktəbi ərzində tələbələr Fəxri və Şəhidlər xiyabanlarını, Heydər məscidini, Bakıda yerləşən ibadət evlərini, Qubada və Qusarda ümummilli lider Heydər Əliyevin abidəsini, Quba Soyqırımı Memorialını ziyarət ediblər. İştirakçıların Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universiteti, Bilik Fondu, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı və Milli Azərbaycan Tarixi muzeyləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Heydər Əliyev Mərkəzi, Muğam Mərkəzi, Milli Olimpiya Komitəsi, Bakı Əyləncə Mərkəzi, Xaçmaz Rayon Tarix Diyarşünaslıq Muzeyi və Qubadakı Qırmızı Qəsəbədə maraqlı görüşləri keçirilib.
Qış məktəbinin tədris hissəsində "Almaniya multikulturalizminin aktual məsələləri və Azərbaycan təcrübəsi", "Qafqaz Albaniyası Azərbaycan multikulturalizminin tarixi köklərindən biri kimi", "Rusiyanın təhsil sistemində multikulturalizm məsələləri", "Türkdilli ölkələrdə multikulturalizm siyasəti", "Yeni dünya nizamı və multikulturalizm", "Cənubi Qafqazda geosiyasi vəziyyət" mövzularında mühazirələr dinlənilib. Həmçinin "Dünya təcrübəsində multikulturalizm modelləri" mövzusunda "dəyirmi masa" təşkil edilib. Tədrislə yanaşı, tələbələrin istirahət saatlarının səmərəli təşkili də yüksək səviyyədə həyata keçirilib.
Yay məktəbi ilə müqayisədə qış məktəbində iştirakçıların sayının daha da artdığı vurğulanıb və bildirilib ki, bu da layihəyə marağın çox böyük olduğunu göstərir.
Qış məktəbinin xarici ölkələrdən olan iştirakçıları Azərbaycan və onun multikulturalizm ənənələri haqqında təəssüratlarını bölüşüblər. Onlar multikulturalizmin Azərbaycanda qədim tarixi köklərə malik olmasının və xalqın həyat tərzinə çevrilməsinin canlı şahidi olduqlarını bildiriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB