“İctimai nəzarət haqqında” yeni qanun layihəsi müzakirə edildi

“İctimai nəzarət haqqında” yeni qanun layihəsi müzakirə edildi

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında "İctimai nəzarət haqqında" yeni qanun layihəsi ictimai müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, iclasda komitə üzvləri ilə yanaşı, bir çox QHT rəhbərləri də iştirak ediblər.

Komitə sədri Əli Hüseynli yeni qanunun əhəmiyyətindən danışaraq, layihənin günün reallığını əks etdirdiyini qeyd edib.

Daha sonra yeni qanun layihəsininin hazırlanmasına rəhbərlik edən millət vəkili, QHT-lərə Dəstək Şurasının sədri Azay Quliyev layihə haqqında məlumat verib. Bildirib ki, Azərbaycanda ictimai nəzarətin lazımi səviyyədə olmaması səbəbindən belə layihənin hazırlanması zəruridir: "Bu gün ictimai nəzarətlə bağlı qanunvericilikdə müəyyən müddəalar olsa da, bu məsələ tam təkmil formada deyildi. Ona görə də QHT-lərə Dəstək Şurası belə boşluğun aradan qaldırılması və müəyyən mexanizmlərin hazırlanması ilə bağlı təkliflər hazırlayaraq Milli Məclisə təqdim etdi. Bəzən yerli icra hakimiyyəti orqanları İctimai şuraların yaradılması ilə bağlı mövcud qanunvericiliyə əməl etmir, yaxud da şəffaflıq prinsipinə söykənməyərək bir günün içərisində ictimai şuraların yaradılmasını elan edirlər. Ona görə də əsas ali məqsədimiz ictimai nəzarətin təminatına kölgə salacaq qanunsuzluqları aradan qaldırmaqdır. Bunun üçün də müvafiq orqan tərəfindən ictimai şura yaradılmalı və həmin orqan ictimai şuraların fəaliyyətini nəzarətə götürməlidir. Bununla da həmin müvafiq orqan Prezident və Prezident Administrasiyası ilə bilavasitə təmasları təmin edə biləcək".

Deputat qeyd edib ki, yeni qanun layihəsində İctimai nəzarətin əsas prinsipləri qanunçuluq, obyektivlik, qərəzsizlik, könüllülük, şəffaflıq, aşkarlıq, hesabatlılıq, bərabərlik və ayrı-seçkiliyə yol verilməməsidir: "Layihə 17 maddədən ibarətdir. Qanun layihəsinin məqsədi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin vəzifə və funksiyalarının, həmçinin qanunvericilik aktlarının səmərəli şəkildə icra edilməsi, vətəndaşların və hüquqi şəxslərin qanuni maraqlarının qorunması, şəffaflığın və hesabatlılığın təmin olunmasında ictimai nəzarətin həyata keçirilməsi sahəsində münasibətləri tənzimləməkdir. İctimai nəzarətin əsas mexanizmlərinə monitorinq, müşahidə, ekspertiza, və müraciətlərin araşdırılması daxildir. Qanun ictimai nəzarətin digər formalarda həyata keçirilməsini məhdudlaşdırmır. Layihəyə əsasən, ictimai nəzarət mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən İctimai Şuralar vasitəsilə həyata keçiriləcək. İctimai şuralarda qeyri-hökumət təşkilatları, KİV, həmkarlar ittifaqı, məhəllə komitələri və vətəndaş qruplarının nümayəndələri təmsil oluna bilər".

Daha sonra millət vəkilləri və QHT rəhbərləri layihə haqda danışaraq təkliflər irəli sürüblər.

Sonda qanun layihəsi birinci oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə