Seçki dairələrinin məntəqələri üzrə siyahılar dəqiqləşdirilir

Seçki dairələrinin məntəqələri üzrə siyahılar dəqiqləşdirilir

Hər ilin əvvəlində Respublika üzrə bütün seçki dairələrin məntəqələri üzrə siyahıların dəqiqləşdirilməsi aparılır. Bu proses 101 saylı Göygöl-Daşkəsən və 123 saylı Kəlbəcər dairə seçki komissiyalarında da başa çatıb və seçicilərin sayı məlum olub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 101 saylı Göygöl-Daşkəsən Dairə Seçki Komissiyası üzrə 74 məntəqə fəaliyyət göstərir ki, bu məntəqələrdən 46-sı Göygöl, 28-i isə Daşkəsən rayonundadır. Ötən il dairə üzrə seçicilərin sayı 41 min 240 nəfər idisə, indi bu rəqəm 469 nəfər artaraq 41 min 709 olub. Seçicilərdən 337 nəfəri 18 yaşı tamam olanlardır. Məntəqə seçki komissiyalarının hesabatına əsasən, 269 seçicinin ad və soyadında səhvə yol verilib, ancaq bu yanlışlara düzəliş edilib. Ötən il 123 saylı Kəlbəcər dairə seçki komissiyası üzrə 49 min 222 seçici qeydiyyatda olub. Hazırda isə həmin say 473 nəfər artıb. 18 yaşı tamam olan seçicilərin sayı 400 nəfərdir. Ümumilikdə siyahıya alınanların 53 faizi qadın, 47 faizi isə kişidir. Ümumilikdə 123 saylı Kəlbəcər seçki dairəsinin Respublikamızın 56 şəhər və rayonuna 63 məntəqəsi fəaliyyət göstərir.

Qeyd edək ki, bu məntəqələr üzrə də seçicilərin siyahıya alınması tam başa çatıb.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə