Millət vəkili: "Bələdiyyələrin sayını azaltmalıyıq"

Millət vəkili: "Bələdiyyələrin sayını azaltmalıyıq"

Bu gün Milli Məclisin plenar iclasında "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, müzakirələr zamanı çıxış edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, ölkədə bələdiyyə sədrlərinin və üzvlərinin sayı azaldılmalıdır: "Bələdiyyələrlə bağlı gözəl qanunlar qəbul edilib. Burada bələdiyyələrin inkişafına nail olunmasının çıxış yolları axtarıldı. Biz növbəti bələdiyyə seçkilərinə qədər addımlar atmalıyıq. Yasamal rayonundan 3 deputat seçilir, 19 bələdiyyə sədri. Bu qədər bələdiyyə nəyə lazımdır. Hamısı torpaq, əmək haqqı tələb edir. Bələdiyyələrin sayını maksimum 9, minum isə 1-ə çatdırmalıyıq".

Millət vəkili qeyd edib ki, bəzi kəndlərdə bələdiyyə üzvü olması üçün adam tapılmır: "Burada ciddi dəyişiklik edilməlidir ki, bələdiyyələr normal işləsin. 200 nəfər sakini olan kəndə 5 nəfər bələdiyyə üzvü seçirik. Bunun nə əhəmiyyəti var? Qanunvericilikdə ciddi şəkildə dəyişiklik etməli, bələdiyyələrin sayını azaltmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə