"Şəhər nəqliyyatı təsərrüfatı dəyişdirilməlidir. Bakıda avtobusları idarə edənlərin heç sürücülük vəsiqəsi olmur. Onlar bir çox hallarda avtobusu sərxoş vəziyyətdə idarə edir və qəzalara səbəb olurlar". SİA-nın məlumatına görə, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bu gün keçirilən plenar iclasda "Avtomobil nəqliyyatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, statistika da göstərir ki, bu qəzalarda ölənlərin sayı təbii ölümlərdən çox olur: "Avtobuslar gətirilib, çox gözəldir. Bəs avtobusların dayanması necədir? Elmlər Akademiyası yanında dayanacaqda 10 avtobus yolun sağında, 10 avtobus isə yolun solunda eyni zamanda dayanırlar. Onlar tıxac yaradır, əks tərəfə çıxır, vətəndaşlara təhlükə yaradırlar. Bu imtiyazlar onlara kim tərəfindən verilir? Bunların himayədarları kimlərdir?"
Sədr müavini eyni zamanda paytaxtda quraşdırılan parkomatlar barəsində də danışıb: "Prezident bildirmişdi ki, maşınların dayanmasını çubuqla idarə edənlərdən gələn pul bələdiyyələrə yönəldilsin. Bu gün parkomatlar quraşdırılıb. Amma bu parkomatlar harada gəldi qoyulub. Dar, birtərəfli yolun həm sağ, həm də solunda parkomat quraşdırılır və yol darlaşdırılır. Başqa misal avtobus dayanacaqlarında da parkomatlar quraşdırılıb. Orada digər avtomobillər dayanırlar. Bəs sərnişin harada minib düşsün? Bu məsələlər ictimaiyyətdə narahatlıq doğurur və qayda-qanun yaradılmalıdır".
B.Əliyev qeyd edib ki, paytaxtda eyni istiqamətdə hərəkət edən müasir avtobuslarla yanaşı, işə yaramayan, tüstüləyən avtobuslar da var: "Şəhərin ortasına bu marşrutlara kim nəzarət edir? Biz gözəl qanunlar qəbul edirik. Amma bu qanunların icrasına nəzarət yoxdur. Təklif edirəm ki, Milli Məclisin qanunların icrasına nəzarət funksiyası səlahiyyəti bərpa edilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB