Cənub bölgəsində dəfnə plantasiyalarının bərpasına ehtiyac var

Cənub bölgəsində dəfnə plantasiyalarının bərpasına ehtiyac var

Ölkəmizdə ədviyyat kimi istifadə olunan dəfnə yarpağı nadir müalicəvi xüsusiyyətlərə malikdir. SİA-nın Cənub bürosunun məlumatına görə, sovetlər dönəmində Azərbaycanın cənub bölgəsində bu sahə kifayət qədər inkişaf etdirilib. Amma bir vaxtlar xaricə tonlarla qurudulmuş dəfnə yarpağı ixrac edən cənub bölgəsində bu sahə hazırda unudulmaq üzrədir.

Həmin illərdə təkcə Astaranın Şiyəkəran kəndində hektarlarla dəfnə sahəsi olub. Sakinlər deyirlər ki, ildə əsasən iki dəfə toplanan yarpaqlar qurudularaq sərfəli qiymətə təhvil verilirmiş. Bu səbəbdən də sakinlər fərdi təsərrüfatlarında da xeyli miqdarda dəfnə ağacı əkərək bir müddət ondan qazanc götürə biliblər.

Astara sakini Ağaboli Əliyev deyir ki, " şəxsən özüm vaxt olub 200 kq qurudulmuş dəfnə yarpağı təhvil vermişəm. Buna görə 1000 manat pul almışam. Bu mənim təsərrüfatım üçün böyük məbləğdir".

Digər Astara sakini Kamal Əliyev blildirir: "Lənkəranda, Astarada böyük konserv zavodları var idi. Gəlib deyirdilər ki, bizə dəfnə yarpağı lazımdır. Təəssüf ki, həmin zavodların indi ancaq adı qalıb."

SSSRİ dövründə dəfnə yarpaqlarından əsasən konservləşdirmədə istifadə olunurdu. O zaman respublikamızda kifayət qədər konserv zavodları olduğu üçün dəfnə yarpaqlarına da tələbat yüksək olub.

Hazırda bu sahə Azərbaycanda durğunluq dövrünü yaşasa da, dünyanın bir sıra ölkələrində dəfnə yarpağı çox qiymətli və nadir xüsusiyyətlərə malik bitki kimi tanınır.

Bioloq Yunus Qulamov: "Hal-hazırda Avropa ölkələrində dəfnə yarpağının bir kiloqramı 40-50 dollara satılır. Onun tərkibində olan qiymətli efir yağlarından bədəndəki artıq piylərin əridilməsi, qaraciyərin, üzdəki sızanaqların, ağız boşluğundakı yaraların müalicəsində geniş istifdə olunur."

Təsərrüfatçılar bildirirlər ki, əgər yığım və ixrac məsələsi öz həllini tapsa, qısa müddətdə bu gəlirli sahəni yenidən dirçəltmək mümkündür.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə