Mədə kiçiltmə əməliyyatı həyatınıza son qoya bilər...

Mədə kiçiltmə əməliyyatı həyatınıza son qoya bilər...

Artıq çəkidən azad olmaq kilolu insanların ən böyük arzusudur. Bir zamanlar günlərlə ac qalmaq, yeməkdən imtina etmək, pəhrizlərlə arıqlamağa üstünlük verənlər indi əməliyyata üz tutmaqla artıq çəkidən azad olacaqlarını düşünürlər. Nəfsinə sahib olmağı əməliyyatdan daha çətin hesab edənlər ya piylərdən azad olmaq, ya da mədəsini kəsdirməklə kifayətlənməyə çalışırlar. Görəsən belə insanlar niyə az yeməyə və sağlam qidalanmağa üstünlük vermirlər? Bu insanları əməliyyata sövq edən nədir? Bu əməliyyatın sonradan insan orqanizminə təsiri nədən ibarətdir?

SİA bu suallara cavab tapmağa çalışıb.

"Mədə kiçiltmə əməliyyatı insanların artıq çəkidən tez xilas olunması üçün vacib olan əməliyyat növüdür"

Ümumi cərrah Fuad Nəzərov: "Mədə kiçiltmə əməliyyatı son zamanlar geniş yayılan əməliyyatlardan biridir. Bu, zaman baxımından insanların artıq çəkidən tez xilas olunması üçün vacib olan əməliyyat növüdür. Bu cür əməliyatlara daha çox qadınlar müraciət edir. Bu əməliyyat növü Azərbaycanla yanaşı, digər ölkələrdə, qonşu Türkiyədə də aktualdır. Mədə kiçiltmə əməliyyatı mütəxəssislər tərəfindən həyata keçirilməlidir ki, sonradan hər hansı fəsadları olmasın. Hazırda bu əməliyyatın texniki baxımından yeni formaları tətbiq olunur. Belə ki, Sleeve qastroektomiden başqa, Sleeve-2 metodikası daha effektli və təhlükəsizdir. Mədə əməliyyatı zamanı hər hansı sinir zərər görmür. Beyinə gedən aclıq siqnalları da azalır. Mədə kiçiltmə əməliyyatından sonra insan mütləq arıqlayır, yəni mövcud çəkidən aşağı düşür. Mədə kiçiltmə əməliyyatı etdirməzdən əvvəl xəstələrə chek-up müayinəsi edilir. Əgər xəstənin sağlamlığında problem yoxdursa, o zaman həmin xəstələr əməliyyat oluna bilər. Lakin əməliyyatdan sonra həmin şəxslər qidalarına fikir verməli, düzgün qidalanmalıdırlar".

"Mədə kiçiltmə əməliyyatının heç bir xeyrini görmür və onun ziyanlı olduğunu düşünürəm"

Dietoloq Ləman Süleymanova : "Sağlam qidalanma insanı bütün xəstəliklərdən qoruyur. Əgər insan sağlam qidalanırsa, sağlıqlı bədənə sahib olacaq, heç bir xəstəliyi olmayacaq. Uşaq ana bətnində olarkən, onu daşıyan qadın sağlam qidalanmalı, düzgün qidalanmaya alışmalı, sağlam bəslənməlidir. Sağlam qidalanmaq çox yemək demək deyil, lazımi qidaları qəbul etmək deməkdir.

Yağ, karbohidrat, zülal, makroelement balansı dolmalıdır ki, uşaq dünyaya sağlam şəkildə gəlsin. Elə analar var ki, uşaq dünyaya gəldikdən sonra onun südü olmur. Əlbəttə ki, bunun birinci günahı anadadır. Çünki ana vaxtında düzgün qidalanmayıb, lazım olan vitamin balansı dolmayıb. Bundan əlavə uşaqları düzgün qidalanmaya alışdırmalıyıq. Müşahidələrim zamanı uşaqların süni qidalardan daha çox istifadə etdiklərini görmüşəm. Uşaqlar müxtəlif çipsilər, şirniyyat və ya digər süni qidalarla bəslənərsə, o zaman onlarda bu qidalara qarşı alışqanlıq halı yarana bilər. Bu da müəyyən yaşa çatdıqda, artıq çəki probleminə yol açar.

8-10 yaşında elə uşaqlar var ki, onların çəkisi dəfələrlə artıq olur. Amma bununla bağlı həkimə müraciət olunmur. İnsanda artıq çəki yaradan ilk amil onun nəfsidir. Nəfsinə sahib olmayanlar həddindən artıq çəki qəbul edir, bu onlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. İnsanlar artıq çəkidən tez bir zamanda yaxa qurtarmaq istəyirlər. Belə insanlar iradəsi zəif, nəfsinə hakim olmayanlardır. Bu cür insanlar ilk növbədə arıqladıcı dərman şirkətlərinin məhsullarına, daha sonra isə əməliyyatlara, əsasən də mədə kiçiltmə əməliyyatlarına üz tuturlar. Lakin mən bunula razı deyiləm. Allahın insana bəxş etdiyi mədəni iştahın azalması üçün yaralamaq nə dərəcədə düzgündür? Mədəkiçiltmə əməliyyatının heç bir xeyrini görmür və onun ziyan olduğunu düşünürəm. Dünya səhiyyəsində də təsdiqlənib ki, artıq çəkili insan təcili deyilsə, əməliyyat olunmamalıdır. Artıq çəkili xəstələrə digər əməliyyatlar zamanı arıqlamaq məsləhət görülür.

Mədə kiçiltmə əməliyyatından sonra bir müddət iştah olmur, lakin bu hiss yenidən geri qayıdır. Bu o deməkdir ki, azad olduğunuz çəkilər geri qayıda bilər. Sizin orqanizminizdə elə proses ola bilər ki, bu əməliyyat həyatınıza son qoya bilər. Düşünürəm ki, belə insanları maarifləndirmək lazımdır.

Artıq çəkidən pəhrizlər vasitəsilə də azad olmaq olar. Sağlam qida ilə bağlı proqramlar tərtib olunur ki, orada insanlar hərtərəfli müayinə olunur, hətta yaşadıqları iqlim xüsusiyyəti belə nəzərə alınır. Hətta 180 kq çəkiyə malik olan insanlar sağlam şəkildə arıqlaya bilərlər. Belə insanlar üçün elə qidalar tərtib olunur ki, onlar əziyyət çəkmədən, ac qalmadan artıq çəkidən azad olunsunlar. Belə insanlar nə baş ağrısı, nə qan azlığı, nə də dəri sallanması kimi problemlərlə üzləşmirlər. Əlbəttə, bu iş mütləq şəkildə mütəxəssis tərəfindən həyata keçirilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə