Minsk qrupu ölkələrinin geniş formatda görüşü keçirilə bilər

Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan Marqot Vallströmlə görüşüb
Minsk qrupu ölkələrinin geniş formatda görüşü keçirilə bilər

"Hələlik ATƏT-in Minsk qrupunun həmsədrləri ilə hər hansı görüş planlaşdırmırıq". Bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan isveçli həmkarı, xanım Marqot Vallströmlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları nə qədər çox görüşsə, bir o qədər yaxşıdır. İsveçli nazir isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi Bakınin mövqeyini dəstəklədiyini deyib.

İsveçin xarici işlər naziri Marqot Vallström Bakıya Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yeni təkliflərlə gəlib.

Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra xanım nazir İsveçin də üzv olduğu Minsk qrupu ölkələrinin geniş formatda görüşünü təşkil etməyi təklif edib.

Marqot Vallström Azərbaycan və Ermənistandan fəal qadınların görüşünü də məqsədəuyğun hesab edir.

Elmar Məmmədyarov isə təklifləri müsbət qarşılayaraq bildirib ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları nə qədər çox görüşsələr, bir o qədər yaxşıdır.

Minsk qrupu həmsədrlərinin AŞPA-dakı son addımından sonra danışıqların formatı barədə danışan nazir bildirib ki, yaxın vaxtlarda vasitəçilələrlə görüş nəzərdə tutulmur.

Nazirlərin görüşündə Azərbaycanla Avropa İttifaqı arasında vizaların sadəşəldirilməsi də gündəmdə olub.

Nazirlər Azərbaycan və İsveç ikiqat vergitutmanı aradan qaldıran sənədi də imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə