Əflatun Amaşov: "Ən çətin məqamlarda Azərbaycan rəhbərliyi mətbuatın yanında olub" MÜSAHİBƏ - SƏS TV

Əflatun Amaşov: "Ən çətin məqamlarda Azərbaycan rəhbərliyi mətbuatın yanında olub" MÜSAHİBƏ - SƏS TV

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun SİA-ya müsahibəsi

- Əflatun müəllim, Milli Məclisin plenar iclasında çap məhsullarının əlavə dəyər vergisindən azad olunması ilə bağlı çıxış etdiniz. Sizcə, bu nə dərəcədə inandırıcı görünür və baş tutacaqmı?

- Yəqin ki, baş tutacaq. Biz hər zaman Azərbaycanda mətbuata göstərilən diqqət və qayğıdan danışmışıq. Mətbuatın ən çətin məqamlarında Azərbaycan dövləti və rəhbərliyi bizim yanımızda olub. Azərbaycan mətbuatı 2000-ci illərdə çox ciddi problemlərlə üzləşmişdi. O zaman problemlər daha ağır idi və bilinmirdi ki, mətbuatın vəziyyəti necə olacaq. "Azərbaycan" Nəşriyyatına olan borclar, qəzet kağızının, çap xərclərinin yüksək olması və reklamın olmaması mətbuat üçün böyük problemlər yaratmışdı. Həmin dövrdə biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə görüşdük. Görüşdən sonra mətbuatın inkişafı ilə bağlı ciddi atımlar atıldı, fərman və sərəncamlar imzalandı. Əvvəlcə borclar müvəqqəti olaraq dayandırıldı, daha sonra isə silindi, mətbuat üzərindən əlavə dəyər vergisi götürüldü, reklam bazarı genişləndirildi və bununla da mətbuatın problemləri arxada qaldı. İndi mətbuatın problemi həmin dövrdəki kimi deyil. Çünki, bu müddət ərzində Azərbaycanla yanaşı onun mətbuatı da inkişaf edib, iqtisadi baxımdan möhkəmlənib. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb ki, hər il fond tərəfindən KİV-lərə və jurnalistlərə müxtəlif vaxtlarda maliyyə ayrılır. Ancaq son zamanlar dünyada baş verən proseslər Azərbaycandan da kənarda qalmadı. Biz dünyada gedən iqtisadi böhrandan uzaq olmağa çalışsaq da, proseslərin uzun çəkməsi ölkəmizə də müəyyən təsirini göstərdi. Neftin qiymətinin dəfələrlə aşağı düşməsi nəticəsində biz manatın məzənnəsini saxlaya bilmədik və nəticə etibarı ilə devalvasiya baş verdi.

- Devalvasiya mətbuata da təsirsiz ötüşmədi. Fikirlər irəli sürülür ki, ən reytinqli qəzetlər bağlana bilər. Siz bu haqda nə deyə bilərsiniz?

- İnanmıram ki, ən reytinqli qəzetlər bağlansın. Çünki, hazırda Azərbaycanda çox ciddi islahatlar gedir. İstər gömrük sisteminin sadələşdirilməsi, istərsə də vergidə aparılan islahatlar Azərbaycanda reklamla bağlı yaranan problemlərin həllinə təkan verəcək. Gəlin etiraf edək ki, ayrı-ayrı hüququ şəxslərin, biznes strukturlarının hegemonluğu mövcuddur və bu da inhisarçılığa gətirib çıxarır. İnhisarçılıq olan yerdə reklama ehtiyac olmur. Lakin hazırda aparılan islahatlar inhisarçılığın aradan qaldırılması üçün əməli addımların atılmasına şərait yaradacaq. Əgər biznes strukturları kənardan daha çox mal gətirəcəksə, Azərbaycanda yerli istehsala yardım olunacaqsa, eyni məhsulu bir müəssisə deyil, bir neçə müəssisə istehsal edəcəksə, bu onların reklama olan ehtiyacını artıracaq. Reklam KİV-lərdə yayımlandığına görə, aparıcı media orqanları bundan istifadə edəcək. Eyni zamanda il ərzində 40-a yaxın KİV-ə KİVDF tərəfindən maliyyə yardımları ayrılır. KİV-lər özlərini bu yardımlar əsasında saxlaya biləcək. Hansısa aparıcı KİV-lərin bağlanmasını deyə bilmərəm, amma hazırkı vəziyyət onların maddi durumunda çətinliklər yarada bilər. Devalvasiyadan sonra qəzet kağızının qiymətinin 100 faiz artması çap xərclərini də 50 faiz artırıb. Bu məhsulların üzərinə əlavə dəyər vergisi gəldiyindən onların qiyməti kifayət qədər artır. Ona görə də bu məsələni Mətbuat Şurasında müzakirə etdik və mən parlamentdə çıxış edərkən əlavə dəyər vergisinin aradan qaldırılması ilə bağlı təklif irəli sürdüm. Qeyd etdiyim ki, Azərbaycan dövləti və rəhbəri hər zaman mətbuatın yanında olub və inanıram ki, bu dəfə də istər əlavə dəyər sahəsində, istərsə də digər sahələrdə addımlar atılacaq. Prezident İlham Əliyevə göndərdiyimiz məktubda yer alan məsələlərdən birincisi KİVDF-yə ayrılan məbləğin artırılmasıdır. Çünki, mətbuatın başqa sahədən gəliri yoxdur.

- Azərbaycan mətbuatında ən böyük problem nədən ibarətdir?

- Azərbaycan mətbuatının problemi çoxşaxəlidir. Əgər biz qarşımıza qoyduğumuz vəzifələri həll edə bilsək, kənardan yaranan problemləri də həll edə biləcəyik. Bütün dünyada ictimai fikir əsasən onlayn jurnalistika vasitəsilə formalaşmaq istiqamətində gedir. İnsanların söylədiklərinə əsaslansaq deyə bilərik ki, onlar informasiyaları televiziyalardan, qəzetlərdən daha çox sosial şəbəkələr, internet portalları vasitəsilə əldə edirlər. Ötən il ölkəmizdə mühüm hadisə olan I Avropa Oyunları keçirildi. O müddət ərzində, ondan sonra da Azərbaycandan kənarda ölkəmizlə bağlı mənfi fikirdə olan qurumlar kifayət qədər aktiv iştirak etdilər. İstər ölkə daxili, istərsə də xaricdə bunların qarşısını məhz ölkəmizdə fəaliyyət göstərən xəbər portalları aldı. Siyasi yönündən asılı olmayaraq xəbər portalları Azərbaycanın müsbət imicini formalaşdırmağa başladılar. Azərbaycana qarşı olan iradların, tənqid və təhqirlərin qarşısını aldılar. Bu, ötən ildə qazandığımız ən böyük nailiyyətlərdən biridir. Eyni zamanda I Avropa Oyunları göstərdi ki, Azərbaycan jurnalistikası vahid cəbhədən çıxış edə bilir. O ki qaldı ümumi işlərin gedişinə mane olan amillərə, bunlardan biri reket jurnalistikadır. Bəzən bəzi media qurumları onları reket adlandırdığımıza görə bizi məhkəməyə də verirlər. Çox təəssüf ki, bəzən təhsili olmayan insanlar da sayt açır və orada yoxlanmamış məlumatlar gedir. Azərbaycan xalqı çap olunmuş bütün məlumatlara inanır. Reketçilik də bu amillərdən yaranır.

Bundan əlavə, iqtisadi və ya siyasi qruplar ola bilər ki, onlar mətbuat üzərindən mübarizə aparırlar. Bu mübarizədə həmin insanlar ya özlərinə uyğun reketyönümlü mətbuat vasitəsi yaradır, ya da mövcud olan mətbuat vasitələrinə nəyinsə müqabilində informasiya ötürürlər. Şura tərəfindən aparılan araşdırma zamanı məlum oldu ki, bir insanın özünə, onun ailə üzvlərinin, hətta qohumlarının adına 30-a yaxın mətbuat vasitəsi var. Bəzən məktəb və bağçalardan Şuraya müraciət edib söyləyirlər ki, onlara hər hansı saytdan zənglər edilir və bildirilir ki, ildə iki dəfə pul qarşılığında müsahibə yazılacaq və ya hər hansı material yerləşdiriləcək. Rüşvət Mətbuat Şurasına aid olan məsələ deyil, bu hal əslində hüquq mühafizə orqanları tərəfindən araşdırılmalıdır.

- Reket junalistikasının qarşısının alınması istiqamətində Mətbuat Şurası tərəfindən hansısa mexanizmlər hazırlanırmı və ümumiyyətlə, bunun qarşısını almaq mümkündürmü?

- Biz bu problemi çox güman ki, Milli Məclis səviyyəsində də qaldıracağıq. Çünki qanunvericilikdə jurnalist hüququndan sui-istifadə etmə halları var. Hətta bununla bağlı cərimələr artırılaraq 4 min manata çatdırılıb. Lakin baş verən qanun pozuntularının qarşısının alınması istiqamətində mexanizm yoxdur. Mexanizm olarsa, ola bilsin ki, bu hal ilk dəfə baş verdiyi zaman Mətbuat Şurası tərəfindən xəbərdarlıq oluna, ikinci dəfə baş verərsə, onun fəaliyyəti müəyyən müddətdə məhdudlaşdırıla bilər. Mətbuat Şurasının sədri kimi deyə bilərəm ki, bu məsələlər artıq gündəmə gəlməlidir.

- Nəyə görə, məmur hüquq mühafizə orqanlarına müraciət etmir?

- Ya milli mentalitetimizdən, ya da başqa məsələlərdən irəli gəlir ki, bəzi məmurlar özləri və ya ailə üzvləri haqqında deyilənlərlə barışır, lakin şərəf və ləyaqətlərini, hüquqlarını qorumaq üçün hüquq mühafizə orqanlarına müraciət etmirlər. Digər tərəfdən də düşünəndə fikirləşirsən ki, 5-10 il bundan əvvəl belə hal baş verdikdə jurnalisti hətta küçənin ortasında belə döyürdülər, məsələlər hüquqi çərçivədən kənarda həll olunurdu. Lakin indi bu məsələlər sivil formada həll olunur, insanlar bu cür problemlərlə üzləşəndə Mətbuat Şurasına və ya hüquq mühafizə orqanlarına müraciət edirlər. Şura bu istiqamətdə əlindən gələni edir. İl ərzində Şuraya 700-dən çox müraciət daxil olur. İldə 365 gün olduğunu nəzərə alsaq, deyə bilərik ki, bizə hər gün bir neçə şikayət daxil olur. Əgər kimsə rüşvət tələb edir, böhtan atırsa, o zaman bu məsələlər Mətbuat Şurasından kənarda qalır. Çünki bu məsələlər hüquq mühafizə orqanları öz sözünü deməlidir.

- Onlayn medianın maliyyələşməsi məsələsində hansı kriteriyalar əsas götürüləcək?

- Əgər onlayn jurnalistika hazırda ictimai fikri, istər ölkə daxili, istərsə də ölkədən kənarda Azərbaycanın imicinin formalaşmasında rol oynayırsa, bu mətbu vasitələr dövlət tərəfindən maliyyələşməlidir. O ki qaldı hansı xəbər portalının maliyyələşməsinə, bununla bağlı qanunvericilik aktları var. Reklamla bağlı xəbər portalları yəqin ki, maliyyələşməyəcək. Çünki bir təşkilatın adında reklam varsa, o, özünü saxlaya bilər. Burada xəbərin aktuallığı, tutumluluğu əsas götürülməlidir. Ölkə üçün əhəmiyyətli olan ciddi saytlar mütləq maliyyələşəcək. Hər halda, Mətbuat Şurasına daxil olan KİV-lərin yaranma tarixi də önəmlidir. Mətbuat Şurasına daxil olmaq istəyən KİV ən azı 1 il fəaliyyət göstərməlidir. Saytlarla bağlı hələ ki bu məsələ müzakirə edilməyib, lakin planımızda Beynəlxalq Mətbuat Mərkəzində ekspertlərin iştirakı ilə geniş tədbir keçirməyi və bu məsələni müzakirə etməyi planlaşdırırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə