Hindistan Respublikasının Azərbaycandakı səfiri Sancay Ranan cənub bölgəsinə səfəri çərçivəsində fevralın 9-da Astara rayonunda olub. SİA-nın Cənub bürosunun məlumatına görə, Astara rayon İcra hakimiyyətində hindistanlı diplomatla keçirilən görüşdə rayonun tarixi, coğrafi mövqeyi, əhalinin məşğulluğu, iqtisadiyyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı barədə ətraflı məlumat verilib.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, Hindistanla Azərbaycanın təbiətinin oxşarlığı hər iki ölkənin əməkdaşlıq əlaqələrini genişləndirir. Astarada Hindistan mədəniyyəti və incəsənətinə maraq böyükdür. Asiya-Avropa ölkələrini birləşdirən, Azərbaycanda reallaşan Şimal-Cənub dəhlizinin tərkib hissəsi olan dəmir yolunun istifadəyə verilməsi ilə ölkələr arasında iqtisadi və mədəni əlaqələrin daha da genişlənəcəyini qeyd edən tərəflər turizm və kənd təsərrüfatı sahəsində mütəxəssis mübadiləsinin faydalı olacağını vurğulayıblar. Eyni zamanda rayonun gələcək sosial-iqtisadi inkişafından ötrü xarici investorlar üçün mövcud əlverişli şərait barədə fikir mübadiləsi aparılıb.
Astara rayonunun nümayəndə heyətinin Hindistan Respublikasına səfəri və bu ölkənin şəhərlərindən biri ilə Astara şəhərinin qardaşlaşması ilə bağlı təklifi diplomat Sancay Ranan razılıqla qarşılanıb.
Hindistanlı diplomat Astara şəhərindəki Heydər Əliyev Mərkəzində, Tarix-diyarşünaslıq muzeyində, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksində, "Astaraçay" MMC-də olub və rayonun görməli yerlərinə baş çəkib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB