Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli müsahibə verib. SİA həmin müsahibəni təqdim edir:
- Hadi müəllim, Respublika Prezidenti cənab İlham Əliyevin söylədiyi: "Mən xalqıma xidmət edirəm, hər bir məmur da xalqa xidmət etməlidir" kəlməsi cəmiyyətdə böyük ruh yüksəkliyi yaradıb?
- Müstəqil Azərbaycanda dövlət ideologiyası azərbaycançılıqdır. Bunun təməlini ulu öndərimiz Heydər Əliyev qoyub: "Mən fəxr edirəm ki, Azərbaycanlıyam!". Bu ideologiyanın mahiyyətində Azərbaycan vətəndaşı dayanır. Bu ənənə, bu başlanğıc ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və davam etdirilir. Bunun da ən başlıca göstəricisi odur ki, Prezident cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən başlayaraq kəndlərin, rayonların abadlaşması üçün xüsusi diqqət yetirir, məktəblər, uşaq bağçaları, idman və sağlamlıq qurğuları tikdirir, xalqın rifah halının yaxşılaşması üçün çalışır. Onun dövlət quruculuğu modelinin mahiyyətində səbəb durur. Prezident öz fəaliyyəti ilə göstərir ki, nəticə deyil, səbəblə mübarizə aparmaq lazımdır. İnsanların sağlamlığının qorunması üçün böyük işlər görülür, ekologiya ilə, suların təmizlənməsi ilə bağlı, hər bir bölgədə idman qurğularının, böyük sarayların, səhiyyə ocaqlarının, mədəniyyət mərkəzlərinin tikilməsi-bunlar hamısı insanların sağlamlığı üçün yaradılır. Təhsillə bağlı böyük işlər görülür, məktəblərin tikintisi, elmin maddi-texniki bazasının yaradılması və s. neftdən əldə olunan gəlirlərin sayəsində Prezidentimiz Azərbaycan vətəndaşı üçün lazım olan bir çox məsələləri etdi. Yəni imkan daxilində yollar salındı, kəndlər, şəhərlər abadlaşdı, yeni iş yerləri yaradıldı, bir sözlə çox böyük işlər görüldü. Bunu da əksər vətəndaşlarımız bilirlər.
Eyni zamanda, qeyri-neft sektorunun genişlənərək ÜDM-də 70 faizə çatması, özəl sektorun iqtisadiyyatda payının 80 faizi keçməsi şəraitində 1,5 milyondan çox iş yeri yaradılaraq əmək bazarında sabitliyə nail olundu. Qlobal böhranla əlaqədar hətta Avropa İttifaqında işsizlik həddinin 9,6 faizə yüksəldiyi halda, Azərbaycanda bu göstərici MDB-də ən aşağı səviyyəyə - 5 faizə endi. Son 12 ildə əhalinin gəlirləri 7 dəfə, adambaşına gəlirlər 6 dəfə artdı. 2003-cü illə müqayisədə işçilərə əmək ödənişlərinin ümumi məbləği 2015-ci ilin əvvəlinə olan məlumata əsasən, 6,6 dəfədən çox artdı. Orta aylıq əməkhaqqı 5,6 dəfədən çox, ötən ilin 11 ayında isə 4,5 faiz artaraq 462 manata çatdı.
Dünyada böhran proseslərinin kəskinləşdiyi, regionda hərbi-siyasi vəziyyətin gərgin xarakter aldığı, geosiyasi risklərin artdığı, ölkəmizə xaricdən mənfi iqtisadi təsirlərin gücləndiyi 2015-ci ildə belə Azərbaycanın inkişaf dinamikası qorunub saxlandı. Belə bir şəraitdə ötən il respublikada 1,1 faiz iqtisadi artıma nail olunması, o cümlədən qeyri-neft sənayesində 8,4 faiz artımın əldə edilməsi, əhalinin gəlirlərinin 5,7 faiz çoxalması, Azərbaycan iqtisadiyyatına daha 20 milyard dollar sərmayə qoyulması mühüm uğur kimi dəyərlənə bilər.
- Prezidentimiz cənab İlham Əliyev son çıxışında söylədi ki, bir ailədən 2-3 adam işləyərsə, ailələrin rifah halı yüksələr?
- Çoxsaylı iş yerlərinin yaradılması ilə yanaşı, son vaxtlarda iş yerlərinin bağlanması hallarının da baş verdiyinin şahidi oluruq. Lakin dövlət başçısının müəyyən etdiyi vəzifələrə uyğun olaraq, qeyri-neft sektorunun inkişafını, özəl sektorun genişlənməsi, yeni iş yerlərinin açılması, əmək bazarında işçi qüvvəsinə tələbin artmasını tənzimləyən tədbirlərin həyata keçirilməsi inkişaf sayıla bilər. Qeyd edək ki, işsiz və işaxtaran şəxslərin işlə təmin olunması üçün artıq iri işəgötürənlərlə birgə tədbirlər görülməyə başlanılıb. Vakant iş yerlərinin yaradılması, həmçinin haqqı ödənilən ictimai işlərin təşkil olunması üçün işlər həyata keçməkdir. Bundan başqa, bütün bölgələr üzrə əmək yarmarkaları təşkil olunub.
Ölkənin 2016-2025-ci illər üzrə Məşğulluq Konsepsiyası layihəsinin hazırlığına başlanılıb. Layihədə ölkəmizdə müsbət demoqrafik meyllər, əhalinin artımı nəzərə alınmaqla yeni iş yerlərinin daim artırılması əsas hədəflərdən biri kimi müəyyən olunacaq. Əmək bazarında tələb və təklif arasında tarazlığın təmin edilməsi, sahibkarlığın inkişafı, infrastruktur layihələrində, dövlət investisiya xərclərində məşğulluq amilinin önə çəkilməsi, rəqabətli kadr potensialının yaradılması, peşə-ixtisas təhsilinin əmək bazarının real və perspektiv tələblərinə uyğunlaşması, işdə icbari sığorta sisteminin tətbiqi və s. zəruri tədbirlər Konsepsiyada əksini tapacaq. Sosial məsuliyyət və sosial tərəfdaşlığın inkişaf etməsinə də önəm veriləcək, çünki bu amil də məşğulluq siyasətində çox vacib rola malikdir.
Bu gün bazarın qorunması, yeni iş yerlərinin açılması, sosial durumu aşağı olan insanların rifah halının yaxşılaşması və digər məsələlər hər an nəzarətdə saxlanılır. İnsanların problemlərinin həll edilməsi, orta və kiçik sahibkarlığın inkişaf etməsi, iş yerlərinin yaranmasının vacibliyi, sahibkarların dəstəklənməsi başlıca məsələ kimi irəli sürülüb. Ölkədə sahibkarlara şəraitin yaradılması, onun daxildə məhsul istehsal etməsi üçün imkan verilməsi üçün dövlətin direktiv qanunları, güzəştli kreditlər, aqrar bölmənin inkişaf etməsinə kömək etmək və s. gündəmdə duran vəzifədir.
Azərbaycanda kasıblıq, işsizlik 5 faiz həddinə düşüb. Ölkələr var ki, 13 faizdir. Bu günləri monopoliyanın qarşısının alınması, korrupsiyaya qarşı mübarizə, gömrükdə görülən işlər, vergi ilə bağlı görülən işlər, əmanətlərin sığortalanması və digər məsələlərin kökündə yenə də vətəndaşların mənafeyi durur.
Şərait bu gün tələb edir ki, hər kəs öz bildiyi sahədə çalışıb, özünü və ailəsini təmin etməlidir. Dövlətimiz hər zaman halal zəhmətlə çalışan insanların yanındadır.
Söhbətləşdi: Zərəngiz Dəmirçi Mansurova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB