Fevral ayının 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Daşkəsən rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyətin nümayəndələri, sahibkarlar və Daşkəsən rayonundan seçilmiş millət vəkili Rövşən Rzayev də iştirak edib.
Əvvəlcə qonaqlar və ictimaiyyət nümayəndələri Daşkəsən şəhərinin mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidə kompleksini ziyarət ediblər.
Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbiri giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayonda görülən işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.
Bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri davam edir. Bu gün də həmin tapşırığa uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov rayonumuza ictimaiyyət nümayəndələri ilə görüşə gəlib. Məqsəd aidiyyəti üzrə mövcud problemlərlə yerindəcə tanış olmaq və onların həlli yollarının müzakirəsini biz daşkəsənlilərlə birlikdə aparmaqdır. Biz bugünkü görüşün yüksək səviyyədə keçməsini arzulayır və inanırıq ki, ölkə başçısı İlham Əliyevin ali diqqət və qayğısı sayəsində bundan sonra da Daşkəsən rayonunda bu sahədə müəyyən mövcud olan problemlər öz müsbət həllini tapacaq.
Ölkə prezidentinin regionların sosial-iqtisadi inkişafına göstərdiyi böyük diqqət və qayğısı nəticəsində respublikamızın, o cümlədən də rayonumuzun siması yeniləşir, əhalinin məşğulluğunun, sosial müdafiəsinin gücləndirilməsi təmin edilir, insanların həyat səviyyəsi ildən-ilə yüksəlir.
Beləliklə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bügünkü Azərbaycanı 12 il bundan öncəki Azərbaycanla müqayisə etmək qeyri-mümkündür. Prezident İlham Əliyevin göstəriş və tapşırıqları əsasında respublikamızın bütün bölgələrində olduğu kimi, Daşkəsən rayonunda da geniş tikinti, quruculuq, abadlıq işləri aparılır, ucqar dağ kəndlərinə yollar çəkilir, körpülər inşa olunur, su, elektrik təchizatı yaxşılaşdırılır. Ölkə rəhbərliyinin tapşırıq və göstərişi ilə rayonumuzda müxtəlif sahələrdə aparılan işlərin nəticəsidir ki, bu gün ucqar dağlar qoynunda yerləşən Daşkəsən rayonu özünün ən sürətli inkişaf dövrünü yaşayır, bütün problemli məsələlər də öz müsbət həllini tapır, davamlı inkişaf gedir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilə birlikdə 2014-cü ilin oktyabr ayının 17-də Daşkəsən rayonuna unudulmaz tarixi səfəri bütün daşkəsənlilərin qürurla yaşamaq, yaradıb-qurmaq əzmini misilsiz dərəcədə artırmışdır. Cənab Prezidentimiz səfəri zamanı Daşkəsən rayonunda bir sıra obyektlərin açılışında iştirak etmiş, görülən işlərdən razı qalıb.
Bu yaxınlarda, Prezident İlham Əlieyin doğum günündə daşkəsənlilərin iştirakı ilə Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun Qabaqtəpə kəndi ərazisində rayonun 8247 nəfər əhali yaşayan, 11 yaşayış məntəqəsini birləşdirən, bizimlə sərhəd bölgəsində, işğal altında olan ərazilərimizə gedən yolda yeni tikilmiş iki ədəd möhtəşəm körpünün təntənəli açılış mərasimi keçirildi və istifadəyə verildi.
Uzun müddət problemli məsələ olaraq qalan Daşkəsən şəhərinin su-kanalizasiya sisteminin hazırda yüksək səviyyədə yenidən qurulması üzrə işlər uğurla davam etdirilir. Bu layihənin həyata keçirilməsi Daşkəsən rayonunun sakinlərinin fasiləsiz, ekoloji cəhətdən təmiz su ilə təmin olunmasına imkan verəcə. Buna görə Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.
Bu gün rayon ərazisində Alunitdağ qəsəbəsində elektrik yarımstansiyasının, Daşkəsən rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının tikintiləri aparılır, rayonumuzda təbii fəlakət nəticəsində güclü ziyan dəymiş çoxsaylı çoxmərtəbəli yaşayış və inzibati binaların demək olar ki, hamısının dam örtükləri əsaslı təmir edilərək yeni dəmir lövhələrlə əvəz olunur. Bu da əhalinin böyük sevincinə səbəb olub.
Bildiyiniz kimi rayonumuzun sərhəd bölgəsindəki kəndlərin sakinləri öz evlərini əvvəllər əsasən odun yanacağı ilə isidirlər. Bu da təbii olaraq ərazidə olan yaşıllığın, meşə sahəsinin qırılmasına, ekoloji tarazlığın pozulmasına səbəb olur. Həm də iqtisadi cəhətdən səmərəli deyil. Bu ərazilərə qaz xətti çəkilərsə, bu sahədə olan ciddi problem də öz müsbət həllini tapa bilər. Ümid edirik ki, tezliklə rayonumuzun qazlaşdırılmamış kəndlərini də mavi yanacaqla təmin ediləcək, aidiyyəti üzrə də bu məsələ nəzərə alınacaq.
Yola saldığımız 2015-ci il rayonumuzun ictimai-siyasi həyatında da mühüm əlamətdar hadisələrlə yadda qalıb. Daşkəsənlilər ölkəmizdə gedən ictimai-siyasi proseslərdə fəal iştirak edib, yüksək nailiyyətlər qazanıblar. Belə ki, 2015-ci ilin may ayının 16-da Birinci Avropa Oyunlarının məşəli Daşkəsən rayonuna gətirilib. Rayon əhalisinin böyük coşqu ilə qatıldığı Birinci Avropa Oyunlarının məşəlinin Qarşılanma və Estafet mərasimləri Bakı Avropa oyunları Əməliyyat Komitəsi tərəfindən yüksək qiymətləndirilib, Daşkəsən rayonu Birinci Avropa Oyunlarının "Xatirə" medalı ilə təltif edilib.
Ötən ilin 16 noyabr - 1 dekabr tarixlərində "Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası" İctimai Birliyinin Sorğu-Analitik Mərkəzi və bir neçə Xəbər portalı tərəfindən "İLİN BAŞÇISI" sorğusu keçirilib.
Ölkə ictimaiyyətinin bütün təbəqələrinin həssaslıqla yanaşdığı, gərgin rəqabət şəraitində keçən sorğunun ilk günlərindən başlaraq, dağlar qoynunda yerləşən Daşkəsən rayonu bütün ictimai-siyasi hadisələrdə daima zirvələrdə olduğu kimi, bu sorğuda da birinciliyi əldən verməyərək Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı kimi 2015-ci ildə "İlin başçısı" seçilmişəm.
Bu, Prezident İlham Əliyevin göstəriş və tapşırıqları əsasında son illər rayonda aparılan doğru-düzgün, düşünülmüş sosial-iqtisadi, ictimai-siyasi tədbirlərin uğurlu icrası nəticəsində əldə olunub.
2015-ci ilin 1 noyabr tarixində keçirilən beşinci çağırış Milli Məclisə seçkilərdə də rayon seçiciləri yüksək fəallıq göstərmiş, rayonumuzda seçkilər tam şəffaf və demokratik şəkildə baş tutub.
Bildiyiniz kimi, yanvarın 10-da Dövlət başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Həmin iclasda 2015-ci ildə neftin qiymətinin düşməsinin və manatın devalvasiyaya uğramasının Azərbaycanda iqtisadi proseslərə də təsir etdiyini deyən dövlətimizin başçısı bunun səbəbinin kənarda yarandığını, neftin qiymətinin azalmasının iqtisadi yox, siyasi amillərlə bağlı olduğunu bildirib.
Prezident cənab İlham Əliyev manatın məzənnəsindən danışarkən qeyd edib ki, son vaxtlar müşahidə olunan qiymət artımı yerli məhsullara şamil edilməməlidir. Belə ki, bu ciddi məsələ mütəmadi olaraq nəzərətdə saxlanılır, rayonumuzda da buğda unu və çörəyin qiymətində artım müşahidə edilməyib.
Bununla bağlı rayonda xüsusi komissiya yaradılaraq pərakəndə ticarət obyektlərinə aidiyyəti üzrə baxışlar keçirilib, maarifləndirmə işləri aparılıb, hüquq-mühafizə orqanlarının iştirakı ilə bu sahədə nəzarət tamamilə təmin olunub. Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən azad olunub.
Bunun nəticəsində unun topdan və pərakəndə satış qiyməti əhəmiyyətli dərəcədə azalıb.
Bütün dünyada baş verən iqtisadi böhranın Azərbaycana müəyyən dərəcədə təsir etməsinə baxmayaraq, son günlər cənab Prezidentin müvafiq sərəncamları ilə əhalinin yaranmış vəziyyətdən çətinlik çəkməməsi üçün əmək haqları, pensiyalar, təqaüdlər, aztəminatlı ailələrə verilən müavinətlər artırılıb. Bu da Prezidentin ölkə əhalisinə hər zaman olduğu kimi, diqqət və qayğısının bir daha əyani təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda mən də iştirak edirdim. Həmin konfransda ölkə rəhbəri vurğuladı ki, mən istəyirəm ki, Azərbaycanda, ümumiyyətlə, işsiz adam olmasın.
Daşkəsən rayonu üzrə qeyri-məşğul əhalinin ödənişli ictimai faydalı əmək fəaliyyətinə cəlb edilərək yeni iş yerlərinin açılması ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təkliflər hazırlanaraq göndərilib. Bu təkliflər qəbul olunub, tezliklə qısa müddətdə yeni iş yerlərinin açılması və işçilərə əmək haqlarının verilməsinin təmin olunması barədə aidiyyəti üzrə qurum rəhbərlərinə tapşırıqlar verilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasını təmin etmək məqsədilə yerlərdə şəhər, rayon icra hakimiyyəti başçılarının rəhbərliyi ilə xüsusi qərargah yaradılması barədə verdiyi tapşırığa uyğun olaraq Daşkəsən rayonunda da qərargah yaradılıb.
Qərargahda ciddi təhlillər əsasında sosial-iqtisadi inkişafla bağlı proqnozlar, habelə sahibkarların, vətəndaşların davamlı qəbulu zamanı irəli sürülən fikirlər və qaynar xətt vasitəsilə daxil olan məlumatlar əsasında təkliflər hazırlanacaq, yeni iş yerlərinin yaradılması və sərmayələrin cəlb edilməsi ilə bağlı bütün zəruri tədbirlər həyata keçiriləcək. Görülən işlər barədə ayda iki dəfə Prezident Administrasiyasına müvafiq məlumat veriləcək.
Bildiyiniz kimi, Daşkəsən rayonu təbii sərvətlərinə, müxtəlif faydalı qazıntı yataqlarına görə olduqca zəngindir. Keçmiş Sovetlər İttifaqı dövründə Daşkəsəni "Azərbaycanın Uralı" adlandırıblar. Daşkəsən rayonu ərazisində dəmir filizi, alunit, qızıl, kobalt, əhəng daşı, qranit, mərmər və s. kimi çox faydalı qazıntı yataqları vardır. Eləcə də rayonumuzun çox zəngin fauna və florası mövcuddur.
Bu gün qeyri-neft sektoru olaraq rayonumuzun təbii sərvətlərindən səmərəli istifadə olunması ölkəmiz üçün strateji əhəmiyyətə malikdir. Fürsətdən istifadə edərək xahiş etmək istərdim ki, rayonumuzda olan faydalı qazıntı yataqlarının istismarı üçün investisiyaların, xarici sərmayədarların cəlb olunmasına nazirliklər səviyyəsində aidiyyəti üzrə lazımi köməklik göstərilsin.
Bu gün burada toplaşmağımız bir daha olaraq biz daşkəsənlilərin ölkə başçısının apardığı uğurlu siyasəti dəstəklədiyimizi göstərir. Həmişə olduğu kimi, daşkəsənlilər bundan sonra da respublikamızın möhtərəm Prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək Ulu Öndər Heydər Əliyevin daim yaşayan və qalib gələn ideyalarına sədaqət nümayiş etdirəcək, ölkəmizin hərtərəfli inkişafı üçün var qüvvələrini sərf edərək çalışacaqlar.
Açıq dialoq şəraitində keçən görüşdə Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çıxışında bildirib ki, müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən, ölkənin inkişafına və modernləşdirilməsinə hədəflənmiş səmərəli dövlətçilik siyasəti nəticəsində ciddi uğurlar qazanılıb. Bu uğurların təməlində düşünülmüş siyasət, sabitlik, iqtisadi islahatlar dayanır.
Ölkədəki bügünkü iqtisadi durumla bağlı nazir qeyd edib ki, ölkəmizdə yaranmış müəyyən çətinliklə müşaiyət edilən vəziyyət daxili proseslər deyil, böyük dövlətlərin xarici təsiri nəticəsində yaranmışdır. 1990-cı illərdəki Azərbaycanla bügünkü ölkəmizi geniş müqayisə edən nazir deyib ki, bü gün azərbaycanlıların imici çox yüksək səviyyədədir və ölkəmiz özünə əmin olan, müstəqil olaraq ayaq üstdə duran dövlətdir.
H.Bağırov yeni iş yerlərinin açılması məqsədilə Daşkəsən rayonunda yerli şəraitə uyğun ağac cinslərinin yetişdirilməsi üçün tinglik təsərrüfatlarının yaradılması ilə bağlı Nazirliyin aidiyyəti qurumlarına tapşırıq verdi.
Görüşdə iştirak edən millət vəkili Rövşən Rzayev ilk öncə ona yenidən etimad göstərdikləri üçün Daşkəsən rayonundan olan seçicilərinə təşəkkürünü bildirdi və xarici dövlətlərin ölkəmizdə təxribatyönümlü hərəkətlərinin xalqımız tərəfindən hamılıqla pisləndiyini qeyd etdi. Daha sonra millət vəkili özünün də üzv olduğu Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı uğurlarından söz açdı.
"Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası" İctimai Birliyinin sədri Səbuhi Abbasov ötən ilin 16 noyabr - 1 dekabr tarixlərində "İlin başçısı" sorğusunun qalibi olmuş Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevə Fəxri diplomu təqdim etdi.
İctimaiyyətlə görüşdə rayon sakinlərinin təklif və müracətləri də dinlənildi. Sonda tədbir iştirakçıları, xüsusən də sahibkarlar regionlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.




.jpg)




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB