Su və kanalizasiya layihələri icra olunub

Su və kanalizasiya layihələri icra olunub

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ilk 2 ilində bölgələrdə istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilib. SİA-ya verilən məlumata görə, hesabat dövründə Səhmdar Cəmiyyətin sifarişi ilə 29 şəhər və rayon mərkəzində su və kanalizasiya layihələri icra olunub ki, bu şəhərlərin 11-də işlər dövlət büdcəsi vəsaiti, 18-də isə beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına həyata keçirilib.

Dövlət büdcəsindən maliyyələşdirilən layihə çərçivəsində Quba şəhərində su və kanalizasiya infrastrukturları tamamilə yenidən qurulmuş, şəhər 24 saat fasiləsiz içməli su ilə təmin olunub. Ucar, Lənkəran, Hacıqabul, Kürdəmir, Zərdab, İmişli, Biləsuvar şəhərlərində yeni su şəbəkələrinin tikintisi başa çatdırılmışdır. Mingəçevir, Şəmkir və Qax şəhərlərində isə su və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin böyük hissəsi icra edilib.

Mingəçevir və Yevlax şəhərlərini keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir sutəmizləyici qurğu tikilərək istismara verilmiş, şəhərdaxili su təchizatı sistemlərinin 85 faizinin inşası başa çatmışdır. Hazırda yeni yaradılmış şəbəkə vasitəsilə sakinlər 24 saat keyfiyyətli içməli su ilə təmin olunur. Təmizləyici qurğudan Yevlax şəhərinə çəkiləcək magistral kəmərin tikintisi üzrə layihə-smeta sənədləri hazırlanır.

Mingəçevir şəhərində tullantı sularının idarə olunması məqsədi ilə 3 ədəd kanalizasiya nasos stansiyası tikilərək istifadəyə verilmiş və bununla da Kür çayına 21 nöqtədən axıdılan çirkab suların qarşısı alınıb.

Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Xanbulançay dəryaçasının yaxınlığında sutkalıq məhsuldarlığı 30 min kubmetr olan təmizləyici qurğuda işlər tam yekunlaşıb, Lənkəran şəhərinə və ətraf kəndlərə içməli suyun verilməsi təmin edilib. Yeni qurğudan Astara şəhəri və 27 kəndin su təchizatına hesablanmış magistral kəmərin inşası 2016-cı ildə başa çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə