Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi sahəsində mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. SİA-nın verdiyi məlumata görə, bu tədbirlər çərçivəsində Xidmətin 2016-cı il üçün nəzərdə tutulmuş fəaliyyət planına uyğun olaraq, 05 fevral 2016-cı il tarixdə Qaradağ rayon İcra hakimiyyəti ilə birgə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə müasir dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin Qaradağ rayonundakı abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzən mərasim iştirakçıları ümummilli liderə öz dərin ehtiramlarını ifadə ediblər. Qaradağ rayon, Lökbatan qəsəbəsi Əli Əmirov adına Mədəniyyət Sarayında keçirilən tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin şəxsi heyəti, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli, "Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.
Tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov açaraq, "Vətənin müdafiəsinə hazıram!" mövzusunda keçirilən tədbirin əhəmiyyətindən danışıb. General-mayor N.Orucov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu prosesi Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir və görülmüş işlər nəticəsində Azərbaycan ordusu regionun ən qüdrətli ordusu statusunu qazanıb.
Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Emil Abbasov çıxışında gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində belə tədbirlərin mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Respublikamızın ərazi bütövlüyü uğurunda döyüşlərdə şəhid olmuş milli qəhrəman Niftəliyev Cəmil Səmədxan oğlunun anası Niftəliyeva Səlməgül Qüdrət qızı, Qarabağ müharibəsi veteranı Novruz Quliyev çıxışlarında gənclərə vətəni qorumağın müqəddəs vəzifə olmasından danışıblar.
Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbərləri, hərbi hissələrdən birində nümunəvi xidmət edən əsgər, eləcə də "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagirdlər mükafatlandırılıblar.
Tədbirin bədii hissəsində Qaradağ rayonda yerləşən müxtəlif məktəblərin şagidləri, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB