Quba-Xınalıq yolunda hər gün uçqunlar baş verir və nəticədə ucqar dağ kəndinə gediş-gəliş kəsilir. Havanın istiləşməsi isə yol işçilərini lap bezdirib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, hər gün saatlarla bağlı qalan yolu Yol İstismar İdarəsinin əməkdaşları təmizləyirlər. Belə ki, hava istiləşən kimi qar əriyir, torpaq boşalır və iri daşlar üzü aşağı sürüşərək yolları bağlayır. Hazırda da Quba-Xınalıq yolu olduqca təhlükəlidir. Sürücülər hər dəqiqə təhlükə ilə üzləşə bilərlər.

Son 3 gündür ki, havalar isti keçir. Bu da sürücüləri çox narahat edir. Yerli sakinlər bildirirlər ki, yamac ərazilərdən keçən yollar çox təhlükəlidir. Yamacda olan qaya parçaları yola tökülür. Bəzi bir neçə yerdə torpaq sürüşməsidə baş verir. Xınalıq sakini Amil Baxışov hər gün bu yollardan istifadə etdiyini və çox narahat olduğunu bildirib: "Bəzən bir neçə saat yollar bağlı qalır. Bu yoldan 8 kənd istifadə edir ki, hər gün rayona və əks istiqamətinə gedib gəlirlər. Ancaq havaların qızması sürücüləri və kənd sakinlərini qorxudur".

Quba 6 Saylı Yol İstismar İdarəsinin Quba-İspig-Xınalıq Yol üzrə Sahə rəisi Bilal Sultanov bildirib ki, bu yol hər gün mütəmadi olaraq bağlanır: "Texnikaların köməkliyi ilə yol təmizlənir. Ancaq hər dəqiqə yuxarıdan qaya parçaları yola gəlir, bəzi yerlərdə isə böyük uçqunlar baş verir, yol bağlanır. Əsasən gecə saatlarında Quba-Xınalıq yolu çox təhlükəli olur. Kənd sakinkərindən başqa bu yoldan turistlər də çox istifadə edir".

Sahə rəisi onu da əlavə edib ki, Xınalıq yolunun 5 ayrı-ayrı yerlərində yol bağlanır. Xətt üzrə yol işçilər texnika vasitəsi ilə yolu mütəmadi təmizləyirlər. Ona görə də tövsiyyəmiz budur ki, sürücülər mümkün qədər bu yoldan istifadə etməsinlər. Hal hazırda 29, 34, 35, 51 və 54-cü km-lik ərazilər təhlükəlidir. Hər an hadisə baş verə bilər.

Xatırladaq ki, bu yoldan Buduq, Zeyid, Qrızdəhnə, Əlik, Cek, Haput, Bostankeş və Xınalıq kəndlərinin sakinləri istifadə edirlər.
Emin Kərimov, Quba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB