“İran müasir mərhələdə” mövzusunda dəyirmi masa keçirilib FOTO

“İran müasir mərhələdə” mövzusunda dəyirmi masa keçirilib FOTO

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə İran İslam İnqilabının 37-ci ildönümünə həsr olunan "İran müasir mərhələdə" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, Şərqşünaslıq İnstitutunda keçirilən tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, millət vəkili, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva Azərbaycan və İran arasında müxtəlif sahələrdə möhkəm əlaqələrin olmasını qeyd edərək, bu əlaqələrin elmi, mədəni sahədə inkişafında şərqşünas alimlərin rolunu qeyd edib və Şərqşünaslıq İnstitutunda "İran tarixi və iqtisadiyyatı", "İran filologiyası", "Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri" şöbələrində iranşünaslıqla bağlı çox dəyərli tədqiqatlar aparıldığını bildirib.

G.Baxşəliyeva İran İslam Respublikası üzərindən bu yaxınlarda iqtisadi sanksiyaların götürüldüyünü qeyd edərək, bunun İranın inkişafı üçün böyük üfüqlər açdığını bildirdi və qonşu dövlətin inkişafın tam yeni mərhələsinə qədəm qoyduğunu söyləyib.

İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin tədbirdə çıxış edərək, müasir İran tarixinin ən böyük hadisəsinin İran İslam İnqilabının olduğunu dedi və bu inqilabın üç əsas şüarı – istiqlal, azadlıq və islam cümhuriyyətinin müasir İran tarixində təzahüründən geniş söz açdı. İslamın mütərəqqi din olaraq, bütün sahələrdə idarəetmə işlərini həyata keçirə bildiyini söyləyən səfir, İran İslam Respublikasının bu gün əldə etdiyi nailiyyətləri qeyd etdiyi həmin üç sütundan bəhrələnməsi ilə izah edib.

Ölkəsində nüvə sahəsində aparılan işlərin yalnız dinc məqsədlər üçün aparıldığını söyləyən M.Pakayin bildirdi ki, indiyədək əks mövqeyinin olmasını təbliğ edən Qərbin hazırkı razılaşmaları artıq həqiqətləri qəbul etdiyinin göstəricisidir.

Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin müdiri, t.ü.f.d. Vidadi Mustafayev İranın ən yeni tarixinə dair məruzə etdi. V.Mustafayev qonşu dövlətin İslam İnqilabından sonrakı tarixinə nəzər salaraq, İranın nüvə tədqiqatları və bu proseslərə qarşı Qərb ölkələrinin fəaliyyətinin mahiyyətini açıqlayıb. Məruzəsində İran İslam Respublikasının əldə etdiyi nailiyyətlərdən ətraflı söz açan V.Mustafayev, İranda elmin inkişaf sürətinin dünya üzrə müvafiq göstəricilərdən 11 dəfə yüksək olduğunu qeyd edib.

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi çıxış edərək, ölkəsinin həmişə sülh tərəfdarı olduğunu və nüvə fəaliyyətində məhz bu məramdan çıxış edildiyini bildirib. İ.İbrahimi sanksiyaların aradan qaldırılmasının tək İran üçün deyil, bütün region üçün əhəmiyyətindən danışdı və Azərbaycanla hər sahədə əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə