AQUPDK yubileyini qeyd edib FOTOLAR

AQUPDK yubileyini qeyd edib FOTOLAR

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 10 illik fəaliyyətinə həsr olunmuş "Azərbaycanda Ailə, qadın və uşaq Siyasətinin inkişafı: 2006-2016-cı illər" mövzusunda tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə hökumət və dövlət rəsmiləri, millət vəkilləri iştirak ediblər. Tədbiri açıq elan edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova komitənin bu illər ərzində gördüyü işlərə nəzər salaraq bildirib ki, Azərbaycan hökuməti qadın və uşaqlarının hüquqlarının qorunmasını daim nəzarətdə saxlayır: "Bu gün ölkədə qadın və uşaqların hüquqlarının qorunması ilə bağlı böyük işlər həyata keçirilir. Azərbaycan hökuməti qadın və uşaqlarının hüquqlarının qorunmasını daim nəzarətdə saxlayır. Dövlət Komitəsi həmçinin qadın və uşaq hüquqlarının qorunması sahəsində beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq edir".

Hicran Hüseynova onu da əlavə edib ki, komitə fəaliyyətə başladığı dönəmdə Azərbaycanda 2-3 qadın təşkilatı var idi: "Qısa müddət ərzində onların sayı 200-ü ötdü. Bu, bizim apardığımız ardıcıl işin nəticəsi idi. Bu gün qadınlar icra hakimiyyətlərinin rəhbər strukturlarında, Milli Məclisdə, bələdiyyələrdə təmsil olunurlar ki, bu da dövlətin qadınlara olan diqqət və qayğının təcəssümüdür".

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova bildirib ki, 10 il ərzində komitəyə 7796 ­ şikayət, 30 minə yaxın müraciət daxil olub: "Bunlardan 2107 məhkəmə qərarlarının icrası, 1593 məişət zorakılığı, 1284-ü isə inzibati orqanların fəaliyyəti ilə bağlı olub. Müraciətlərin təhlili isə bir daha onu göstərir ki, eyni problemlər qalmaqdadır".

Şöbə müdiri nəzərə çatdırıb ki, bu gün Azərbaycanda alimentlə bağlı məhkəmə qərarlarının icrasında ciddi problemlər yaşanır: "Alimentlə bağlı məhkəmə qərarlarının icrasında yaranan problemlərlə bağlı Dövlət Komitəsinə daha çox müraciət daxil olur. Bundan başqa məişət zorakılığı ilə bağlı müraciətlər də üstünlük təşkil edir.

Daha sonra Ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif olunan Dövlət Komitəsi əməkdaşlarına medalları təqdim olunub. Eyni zamanda komitə ilə tərəfdaşlıq edən dövlət orqanlarının, beynəlxalq təşkilatların nümayəndələri komitənin Fəxri Fərmanları ilə təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə